HACIBALA ABUTALIBOVUN SAXTAKARLIĞINI SÜBUT EDƏN RƏSMİ SƏNƏDLƏR - İfşa (Fotofakt)

Bu gün Ali Məhkəmədə 21 vətəndaşın mülkiyyətinin əlindən alınması işinə baxılacaq: Məhkəməyə kimlər təzyiq edir?

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa müdaxiləsi ilə 21 Azərbaycan Respublikası vətəndaşının şəxsi mülkiyyətində olan 2 hektara yaxın torpaq sahəsinin zorakılıqla əllərindən alınmasına cəhd olunur. Daha dəqiqi, Abutalıbovun patronajlığı ilə qardaşına məxsus olduğu deyilən “Araz İnşaaat LTD” MMC tərəfindən a 21 şəxsin mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq zəbt olunub. Baxmayaraq ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivinin cənub hissəsində fərdi yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara ayrılan torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdən çıxarışlar (“kupçalar”) verilib...

Həmin vətəndaşlar tərəfindən “AzPolitika.info” saytına göndərilən məktubdan və ona ələvə edilən dövlət qurumları tərəfindən verilmiş sənədlərin surətindən belə məlum olur ki, Abutalıbovun belə bir qanunsuzluğa qol qoymasının səbəbi həmin ərazidə qardaşının nəzarətində olan “Araz İnşaaat LTD” MMC-yə ayrılan torpaq sahəsinin həcmini daha 3 hektar artırmaq niyyətidir.

Məhz bu səbəbdən də Hacıbala Abutalıbovun cox ciddi bir qanunsuzluğa yol verərək dövlət sənədini saxtalaşdırdığı və həmin saxta sənəd əsasında məhkəmələrə təzyiq göstərərək, 21 şəxsin mülkiyyətində olan 2 hektara yaxın torpaq sahəsini özününküləşdirmək istədiyi bildirilir.

Qeyd edək ki, saytımıza təqdim olunan sənədlərə görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yaşayış binalarının tikintisi üçün “Araz İnşaat LTD” MMC-yə icarə əsasında 4.2 ha torpaq sahəsi ayrılsa da, sonradan bu rəqəm 7,3 ha-ya çatdırılıb. Daha dəqiqi, 2013-cü ildə ortaya belə bir sənəd çıxarılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 517 saylı, 30.12.2010-cu il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd etdiyimiz 126 saylı, 20.05.2005-ci il tarixli sərəncamına qismən dəyişiklik edilərək, ayrılmış TORPAQ SAHƏSİNİN MÖVCUD ÖLÇÜLƏRİ DƏQİQLƏŞDİRİLƏRƏK, 7.3154 ha müəyyən edilmişdir.

Və beləliklə də bu sərəncamla əllərində rəsmi mülkiyyət sənədləri olmasına baxmayaraq, 21 vətəndaşın torpaqları da “Araz İnşaat LTD” MMC-yə verilmişdir.

Ancaq maraqlıdır ki, Hacıbala Abutalıbov nə 5 ildən sonra belə bir “dəqiqləşdirmə” aparmasının səbəbini izah edib, nə də ərazidən fərdi ev tikmək məqsədilə vətəndaşlara dövlət qurumları tərəfindən verilən mülkiyyət sənədlərini tanımaq istəyir.

Daha maraqlısı və qəribəsi isə odur ki, “Araz İnşaat LTD” MMC tərəfindən vətəndaşların mülkiyyətini “işğal” etmək üçün istifadə olunan Abutalıbovun 2010-cu il tarixli “dəqiqləşdirmə sərəncamı” 2010-2014-cü illər ərzində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Daşınmaz Əmlakın reyestrində qeydiyyata alınmamışdır. Bunu həmin dövlət qurumları rəsmi sənədlərlə təsdiq etmişlər.

Dünən vətəndaşlar tərəfindən həmin sənədlərin sürətləri də “AzPolitika.info”ya təqdim olunub (Sənədlərin fotosürətləri aşağıda təqdim olunur-red).

Belə ki, 28.03.2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Zəfər Abdulovun 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin sorgusuna cavab məktubunda bu fakt fiksə olunur.

Sitat: “2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(82)-1210/2014 saylı mülki iş üzrə 11 mart 2014-cü il tarixli sorğuya baxılmışdır.

Sorğu ilə əlaqədar olaraq bildiririk ki, “Araz İnşaat LTD” MMC-nin adına Bakı şhəri, Suraxanı rayonu, Y. Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir”.

Təxminən oxşar məzmunlu məktub Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə təqdim olunub. Komitənin Bakı şəhər şöbəsinin müdiri Natiq Məlikov tərəfindən imzalanan məktubda qeyd olunur ki , “Araz İnşaat LTD” MMC-yə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yaşayış binalarının tikintisi üçün 4.2 ha torpaq sahəsi icarəyə verilməsini nəzərdə tutan Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı əsasında şözügedən şirkətə “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” hazırlanaraq təhvil verilib.

Ancaq 2010-cu il tarixli “dəqiqləşdirmə sərəncamı”ndan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də xəbəri yoxdur. Sitat: “ Bundan əlavə nəzərinizə catdırırıq ki, “D” yaşayış massivinin cənub hissəsində ayrılmış torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək, 7, 3154 ha müəyyən edilməsi haqda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2010-cu il tarixli , 517 saylı sərəncamı Bakı şəhər şöbəsinə təqdim edilmədiyindən tərəfimizdən qeydiyyata alınmamamışdır”.

Bu sənədlər Hacıbala Abutalıbovun sonradan ortaya çıxan sərəncamının tam saxta olduğuna şübhə yeri qoymur. Həm də onu təsdiqləyir ki, 2010-cu ildə hec belə bir sərəncam da imzalanmayıb. Sadəcə sonradan - 2013-cü ildə vətəndaşları susdurmaq, onların şəxsi mülkiyyətini zorla əlindən almaq üçün belə bir “dəqiqləşdirmə sərəncamı” ortaya atılıb.

Bu isə artıq DÖVLƏTİ CİNAYƏTDİR!  Hacıbala Abutalıbov vətəndaşların mülkiyyətini əllərindən almaq və qardaşının şirkətinə vermək üçün DÖVLƏT SƏNƏDİNİ SAXTALAŞDIRMAQLA, açıq-aşkar CİNAYƏTƏ yol verib.

Bu fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmalıdır.

Qeyd edək ki, bu gün - may ayının 2-də bu mübahisəyə Ali Məhkəmədə baxılacaqdır. Ali Məhkəmənin Hacıbala Abutalıbovun saxta sərəncamını əsas götürərək vətədaşların qanuni mülkiyyətini əlindən alacağına inanmasaq da, bəzi məlumatlar şübhələrə yol açır.

Belə ki, “AzPolitika.info”-ya verilən bir məlumatda qeyd olunur ki, Hacıbala Abutalıbov məhkəmələrə Ali Məhkəmənin sədri Ramiz Rizayevin bibisi oğlu Rafiq Məmmədovun vasitəsi ilə təsir edir. Rafiq Məmmədovun isə Hacıbala Abutalıbovun işcisi olduğu bildirilir.

Bundan başqa BŞİH-dəki sirli "Nərminə xanımın" da məhkəmələrə təzyiq etdiyinə dair məlumatlar var.  

Bu məlumatların nə qədər doğru olduğu, Ali Məhkəmənin sədri Ramiz Rizayevin qanunları, yoxsa Hacıbala Abutalıbovu müdafiə edəcəyi bu gün məlum olacaq.

Onu da qeyd edək ki, sözügedən vətəndaşlar işi nəzarətə götürmək xahişi ilə ölkə prezidenti İlham Əliyevə də müraciət ünvanlayıblar.

Murad Məmmədov

AzPolitika.info

Hacıbala Abutalıbovun saxta sərəncamının və onun saxtalığını sübut edən rəsmi sənədlərin fotosürətlərini təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar