“PUTİNİN AĞLINDAKI İMPERİYA” – Analitika

“Hakimiyyətə gələn idealistlər çox zaman praqmatikə çevrilirlər. Ancaq Putin əksinə olaraq praqmatikdən idealistə çevrilib...”

ABŞ-ın məşhur “Foreign policy” jurnalı Rusiya prezidenti Vladimir Putinin yeni imperiya planlarından bəhs edən maraqlı analitik məqalə dərc edib. Azpolitika.info “Putinin ağlındakı imperiya” adlı məqalənin tərcüməsini təqdim edir:

Kabus Avropanı dolaşır. Bu rus imperializmidir. 1999–cu ildə Vladimir Putin ilk dəfə hakimiyyətə gələndə ideoloji ritorikaya üz tutmasına baxmayaraq, rasional hərəkət edirdi. O, liberal iqtisadçı Aleksandr Kudrin və Vladimir Surkova, həmçinin də xoşəgəlməz həqiqətləri deməyə hazır olan müxtəlif adamlara qulaq asırdı.

“Köhnə” və “yeni” Putin...

Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin böyük geopolitik fəlakəti hesab etsə də, anlayırdı ki, onu yenidən dirçəldə bilməz. Onun tutduğu kursun ən yaxşı metaforası Sovet himnini yeni sözlərlə Rusiya Federasiyasının himni kimi geri qaytarması olub. Hətta heç kim Rusiyanın yıxılmış planlı sovet modelinə qayıdacağını düşünməyib. Həm də ki, sinəsində xaç gəzdirən və özünü tez-tez inanclı şəxs adlandıran Putin bir vaxtlar sıxışdırılan Rus Pravoslav kilsəsini müdafiə edib. O, rus vətənpərvəri olmasına baxmayaraq, öz maraqları naminə Qərblə əməkdaşlığa hazır olub. 11 sentyabr hadisələrindən sonra Amerikaya başsağlığı diləyərək Əl-Qaidə haqqındakı kəşfiyyat məlumatlarını paylaşmışdı. Bunlarla bərabər Putin Qərbə qarşı çıxış etməkdən də çəkinməyib. 2008-ci ildə Rusiyanın maraqlarını qoruyaraq Gürcüstanın NATO-ya girməsini mümkünsüz hala gətirdi. O, Ukraynaya qaz təchizatını dayandırmasına, Estoniya xakerlərinə qarşı fəaliyyət göstərməsinə və Gürcüstana əsgər göndərməsinə baxmayaraq, gələcəkdə baş verə biləcək istənilən mənfi nəticələri minimuma endirmək və müsbət olanlarını isə maksimuma qaldırmağı da unutmayıb. O, öz addımlarını ölçərək regional hegemonluğun təsdiqinə edilən cəhdlərin məhdud, dözümlü və qısa müddətli olmasına da diqqət yetirib. Bu “köhnə” Putin idi. Hazırda Qərb tamamilə başqa bir Putinlə qarşılaşır.

Prezidentlə Rusiya elitasının münasibətləri pozulub

Bütün rasional kriteriyalarla Krımın ilhaq edilməsinin heç bir mənası yoxdur. Onsuz da Rusiya bu yarımadada geniş təsir imkanlarına malik olub və həm də ki, Ukraynadan fərqli olaraq Krımı subsidiyalarla təmin etmək öhdəliyinı də daşımayıb. İndi Moskva Krım üçün 1,5milyard dollar yardıma söz verib. Rusiya müqavilə ilə Qara Dəniz flotunun Sevastopol limanından istifadə olunmasını isə 2042-ci ildədək təminat altına almışdı.

Rusiya prezidentinin daxili siyasəti də onun xarakterindəki əvvəlki praqmatizmi nümayiş etdirmir. Müxtəlif klanlar və maraqlar arasında arbitr rolunda çıxış etmək yerinə Putin daha çox avtokratiyaya tərəf yaxınlaşır. Xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu kimi irəli təfəkkürə malik texnokratlar Krımla əlaqədar qərarın qəbulunda iştirak etməyiblər və onlar yalnız yuxarıdan verilən əmrləri yerinə yetiriblər.

Bu günlərdəki Rusiyanın yeni əsas siyasəti Kremlə loyallıq göstərməklə vətənpərvərliyin xəlitəsindən ibarətdir. Jurnalistlərdən tutmuş rəsmi kursdan narazı olanlara, küçədəki etirazçılara qədər, hamısını ya ”xarıcı agent” və ya da ki kənardan ölkəyə ötürülmüş keçici xəstəliyə bənzədilən təbliğatın qurbanları adlandırırlar. Putinin fikrinə görə, kosmopolitizm və digər mənəviyyatsızlıqlar rus özünəməxsusluğuna təhlükədir. Son hadisələr nəticəsində isə prezidentlə Rusiya elitası arasındakı münasibət pozulub.

Özünün birinci prezidentlik dönəmində Putin elita üçün böyük imkanalar yaratmışdı, ancaq indi onlara nəinki etibar etmir və həm də belələrini vətənpərvər də saymır. 2008-ci ildən etibarən Rusiyadan 420 milyard dollar pul xaricə çıxarılıb. 2013-cü ildə Putin öz gələcəyini bu ölkə ilə bağlamaq istəməyən eltanın bir hissəsini Rusiyada qazanılan pulların oğurlanaraq xaricə çıxarılmasında ittiham edib. O, böyük “ofşorsuzlaşdırma” proqramını işə salıb. Buna əsasən Rusiyanın dağ mədən, metallurgiya və yük avtomobilləri istehsal edən şirkətləri Rusiyaya qayıtmaq qərarını elan edəcəklər. Putinə yaxın Aleksandr Bastrıkin ölkədən çıxarılmasına hədəflənən kapital axınının sxeminə qarşı mübarizə aparacağına söz verib.

Əsas məqsəd nədir?

Əslində bütün bunların hamısı müdafiə xarakteri daşıyır. Məqsəd Qərbin Rusiya siyasətinə müdaxilə etməməsidir. Kremlin nöqteyi-nəzərinə görə Qərbdən yardım alan Kiyev müxalifəti Rusiyanı Avropa Birliyindən üstün tutan legitim hakimiyyəti devirib. Bunula da onlar Ukraynanın rus əhalisinin azadlıq və perespektivini təhlükə altına qoyublar. Putinin ideyasından doğan Rusiya özünəməxsusluğu nə çarlıq, nə də ki, Sovet imperializmi ilə üst-üstə düşür. Çarizm ekspansiya məntiqi ilə hərəkət edirdi və onun əsas məqsədi Rusiya torpaqlarının maksimal genişləndirməkdən ibarət olub. Rus imperiyasının çox millətli olmasına baxmayaraq etnik rusların əsas aparıcı xalq olduğuna heç kim şübhə etməyib. Çar birinci Nikolayın istinad etdiyi pribaltika-alman aristokratları istisna olmaqla, digər yerdə qalan xalqlar ikinci sort təbəələr hesab olunurdular. Ancaq əksinə olaraq Sovet imperiyası ən azından nəzərı cəhətdən siyası ideologiyasını bir xalq və mədəniyyətlə məhdudlaşdırmayaraq beynəlmiləlçilik ritorikası üzərində köklənmişdi. Putin yeni rus dövlət millətçiliyinin yaradılması üçün az güc sərf etməyib. Prezident rus ekspansiyasının və ya hər hansı siyasi fəlsəfənin eksport olunmasında maraqlı deyil. Putinin fikrinə görə rus xalqı sözsüz olaraq çoxmillətli Rusiyanın məhvəri və əsas özəyidir. Başqa sözlə “rus sivilizasiyasının” əsas təminatçısıdır. Rusiyanı ”sivilizasiya” adlandırmaqla Putin Rusiyanın təkcə etnik özünəməxsusluğu ilə deyil, həm də onun tarixi və mədəniyyəti ilə bağlı xüsusi unikallığına qayıtmaqlarını anlatmaq istəyir. Bu inam Konstantinopolun süqutundan sonra şərqi pravoslavlığın əsas başlıca dayağına çevriləndə yaranıb. 2012–ci ildə Federal Məclisə müraciətində Putin deyib: “Milli şüurun dirçəlməsi üçün biz tarixi dövrün bir sadə həqiqətinin başa düşülməsinə qayıtmalıyıq ki, Rusiya 1917-ci və ya 1991-ci ildən başlamayıb. Bizim vahid və ayrılmaz minillik tarixmiz var.”

Harada rus dilində danışırlarsa...

Putinin rus ideyası Stalinqrad müdafiəsindəki sərt Sovet qəhrəmanlığını, kazakların çarlara olan fərəhli sadiqliyini özündə birləşdirir. Ancaq digər tərəfdən isə Aleksandr Soljenitsinin humanizmi və Lev Tolstoyun zahidlik mənəviyyatını buraya daxil etmirlər. Belə təhrif olunmuş və quraşdırılmış rus tarix və fəlsəfəsi Putinin milli istisna haqqındakı təsəvvürlərini daha da möhkəmləndirir. Bu yaxınlarda prezident qubernatorlarla görüşündə 19-20-ci əsrlərin üç görkəmli mütəfəkirinin - Nikolay Berdyayevin, Vladimir Solavyovun və İvan İlyinin əsərlərini oxumağı onlara məsləhət görmüşdü. Bu üç filosof Rusiyanın tarixdə xüsusi yerə malik olmasını düşünüblər. Onlar güclü hökmdarın boyarları cilovlayacağnı və xalqı mədəni düşkünlükdən qoruyacağını romantikləşdirirdilər. Bu filosoflar hesab edirdilər ki, Pravoslav kilsəsi rus ruhunu və rus idealını müdafiə etməlidir.

Beləliklə də Putin birbaşa avtokratiya və anarxiya arasındakı klassik Rusiya dixotomiyasına istinad edir. Keçmiş siyasi praqmatik rus mədəniyyətinə inanaraq belə zənn edir ki, bu mədəniyyət üzərindəki təhlükəni yalnız o, dəf etməlidir. O, imperiyanı aqressiv üsullarla genişləndirmək istəmir və sivilizasiyanı xaotik qaranlıqdan qorumaq haqqında düşünür. Əgər O, imkan verərsə Qərb Rusiyanı siyasi cəhətdən mühasirəyə alaraq mədəni koloniyaya çevirər. Sivilizasiya əsaslarına söykənən İmperiya ideyası Putin üçün açar rolunu oynayır. Onun fikrincə, əsasən Zaqafqaziya kimi ölkələr siyasi-iqtisadi cəhətdən Rusiyanın təsirində olmaqla yanaşı özlərini Rusiyanın müdafiə perimetri kimi hiss etməlidrlər. Amma Putin güc tətbiq edərək onları birbaşa Rusiya nəzarətinə gətirmək istəmir. Ona görə ki, bura etnik ruslarla dolu olan məkan deyil. Hətta 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan ayırdıqdan sonra Moskva oranı anneksiya etmədi. Sadəcə olaraq onları müstəqil-marionetka dövlətlərə çevirdi. Putin inanır ki, rəsmi Moskva bütün dünyadakı rusları müdafiə etməlidir. Harada rus və rusdilli əhali varsa və Rus Pravoslav kilsəsi ilə rus mədəniyyəti üstünlük təşkil edirsə, oralar”bizimdir” məntiqi yüksəlir. Putin “rus toprpaqlarını toplamaq” missiyasını 15-ci əsrdəki İvan Qroznı kimi öz missiyası hesab edirsə də bu mütləq olaraq Krımı işğal etmək, sabah Donetskini və rus əhalisinin çoxluq təşkil etdiyi şimali Qazaxstanı zəbt etmək yolundan keçmir. Ancaq Putin fərqli düşünərək buralarda Rusiyanın haqqı olduğunu hesab edir. Krımın ilhaqına bəraət qazandıraraq Putin bəyan etdi ki, Sovet İttifaqının dağılmasından sonra “rus xalqı belə demək mümkünsə dünyanın ən çox parçalanmış xalqına çevrilib.” Krım tarixi etnik və mədəni baxımdan rus regionudur və elə buna görə də ilhaqa səs verəndə Putin təsdiqcəsinə bəyan edirdi :“Uzunmüddətlı ağır və yorğun səyahətdən sonra Krım və Sevastopol öz doğma yurduna, doğma sahillərinə və daimi qeydiyyat limanı olan Rusiyaya qayıdır.” Ancaq bunun əksinə olaraq Moldovadakı Dnestryanı ərazi və Şərqi Ukrayna məsələsində aydınlıq yoxdur. Dnestryanı ruslar nisbətən yeni koloniya sayılır və onlar regiona İkinci Dünya Müharibəsindən sonra yerləşdiriliblər. Şərqi Ukraynada ruslarla yanaşı ukraynalılar da yaşayıb.

Putin nə ağılsızdır, nə də ki, fanatikdir...

Keçmişdə Putin öz şəxsi baxışlarını dövlət siyasətindən ayırırdı və öz dünyagörüşünü ictimaiyyətə diktə etməyə cəhd etmirdi. 1999-cu ildə Putin söyləyirdi ki, harada dövlət tərəfindən müdafiə olunan ideologiya vardırsa, orada intellektual və mənəvi azadlığa, ideya plüralizminə, azad mətbuata və deməli siyasi azadlığa yer qalmır. Ancaq indi O, əvvəllər qəbul etmədiklərini həyata keçirmək istəyir. KİV üzərində nəzarətin gücləndirilməsi – yeni milli və mədəni izolyasiya platformasının qurulmasına işarədir. Özünün son çıxışlarında Putin daima ənənəvi dəyərlərin dağıdılmasının rus cəmiyyəti üçün mənəvi deqradasiya təhlükəsi törədəcəyindən danışır. Bununla əlaqədar olaraq yeni imperializmə qarşı birinci planda Rus Pravoslav kilsəsi simvol və ənənəvi dəyərlərin bastionu kimi durur. Hal-hazırda kilsə dövlət quruculuğunun Putin layihəsinin ardıcıl və nəzərəçarpacaq tərədarı kimi çıxış edir. Putini fəal şəkildə müdafiə edən pravoslav ruhanisi Vsevold Çaplin Krımla əlaqədar olaraq belə bir fikir söyləmişdi: ”Rus xalqı öz tarixi ərazisində bölünmüş millətdir və onun vahid dövlət bədənində birləşmək hüququ vardır.”2013-cü ildə “Volday” beynəlxalq diskussiya klubunda çıxış edərkən Putin başqalarının təcrübəsini kopyalamaqdan qaçmağı məsləhət görərək milli özünəməxsusluğun Rusiya üçün fundamental xarakter kəsb etdiyini önə çəkirdi.

Putin nə ağılsızdır, nə də ki, fanatikdir. Sadəcə olaraq onda hansısa dəyişikliklər baş verib. Hakimiyyətə gələn idealistlər çox zaman praqmatikə çevrilirlər. Ancaq Putin əksinə olaraq praqmatikdən idealistə çevrilib.

İndi O, öz rolunu və Rusiyanın taleyini bir-biriylə unikal və ayrılmaz şəkildə bağlı hesab edir. Hətta əgər onun düşündüyü imperiya ideyasınının sərhədləri dumanlı, intellektual əsasları isə şübhəlidirsə deməli dünya belə bir konstruksiya ilə Putin Kremldə qalanadək üz-üzə qalacaqdır.

Tərcümə etdi: V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar