Gürcüstanın azərbaycanlı partiya sədrindən sensasiyalı açıqlamalar - "Kürdləri dəstəkləyirlər..."

Fazil Əliyev: "Hazırda Gürcüstanda 30-dan artıq kürd millətinin nümayəndəsi məhkəmə sistemində və prokurorluqda fəaliyyət göstərir"

AzPolitika.info-nun müsahibi Gürcüstanın azərbaycanlı eks-deputatı, 2008-ci il prezident seçkilərində namizəd, “Gürcüstan Naminə” partiyasının sədri Fazil Əliyevdir:

- Fazil müəllim, bu gün Gürcüstanda yaşayan azərbaycanıların gürcü dilini bilməmələri problemdirmi?

-Bəli. Bu çox böyük maneədir. Ona görə də burada vətəndaş istəsə də istəməsə də ikinci növ adama çevrilir. Ya fəhlə kimi çalışmalıdır, ya da evdə oturub yardım istəməlidir. Gürcüstana iqtidara gələnlərin hamısı azərbaycanlıların gürcü dilini öyrənməsində maraqlı deyillər. Bəlkə də bunun üçün müəyyən qədər maneə də yaradırlar.

- Bəs nə üçün orada yaşayan azərbaycanlılar gürcü dilini öyrənməyə səy göstərmirlər?

-Yox, onlar səy göstərirlər. Burada 10 minlərcə gürcü dilini bilən, hətta bir çox gürcülərdən yaxşı bilənlər var. Burada ali təhsilli ziyalılarımız var. Misal üçün mənim oğlum, baxmayaraq ki, məktəbi Azərbaycan dilində bitirib, Cavaxişvili adına Tibilisi Dövlət Universitetinin hüquq fakültəsini Baloniya sistemi ilə əla qiymətlərlə və üstəlik gürcü dilində başa vurub.

- Nə üçün o qədər azərbaycanlı gənc və savadlı kadrların Gürcüstanda dövlət işində işləməsi faktına nadir hallarda rast gəlinir?

- Burada ağıllı adamı işə götürmürlər. Bu Gürcüstanın qəbul olunmuş və yazılmamış qanunlarındandır. Ona görə də, gələcəyini düşünənlər Gürcüstanı tərk etməyə məcburdurlar. Onlar buranı tərk edirlər və gələcək prespektivlərini başqa dövlətlərdə axtarırlar. Burada isə yalnız fəhlə və kəndlilər qalır ki, bu da əslində Gürcüstan hakimiyyətinin arzusudur.

-Axı bu gün Gürcüstan Parlamentində iki-üc azərbaycanlı deputat var. Onlar Gürcüstan Parlamentinə qədər gedib çıxa biliblər. Siz bir partiya sədri kimi fəaliyyət göstərirsiz. Bunu necə izah etmək olar?

- Bəli, 2-3 millət vəkilimiz var. Amma azərbaycanlı deputatlar da gürcü dilini bilmirlər. Onlardan soruşun, bir dəfə olsa parlamentdə çıxış edib azərbaycanlıların problemlərindən danışıblarmı? Nə mənası var olub-olmamasından? Parlamentdə bir söz söyləmək üçün, gərək ki, orada danışılanları anlasınlar. Onu da anlayan yoxdur. Ona görə də durumumuz acınacaqlıdır. Mənim partiya sədrliyimə gəlincə isə, onu deyə bilərəm ki, siyasətlə məşğul olmaq üçün maliyyə lazımdır. Bunu qazanmaq üçün isə böyük maneələr var. Bu maneələr Gürüstan və xüsusən də Azərbaycan hakimiyyəti tərəfindən yaradılmaqdadır. Mən bu gün burada “KAMARA” Beynəlxalq Sığorta Şirkətinin 50% sahibi və müdiriyəm. Baxmayaraq ki, bu gün Gürcüstanda 360 Azərbaycan şirkəti fəaliyyət göstərir, onların heç biri sığortaya görə mənim sahiblik etdiyim şirkətlə müqavilə bağlamırlar. Soruşanda isə deyirlər ki, Bakıdan tapşırıblar ki, sizə yaxın getməyək.

Amma onu deyim ki, Azərbaycandan burada olan kürd millətinin nümayəndələrinə xeyli yardım edirlər və onlara istənilən dəstəyi verirlər. Burada Təhlükəsizlik nazirinin müavinindən soruşdum ki, bizim millətə nəyə görə belə şərait yaradılmır? Cavabında dedi ki, Bakıdan gələn yüksək dövlət nümayəndələri bizdən Gurcustanda yaşayan kürdlərin dövlət vəzifələrinə irəli çəkilməsini tələb edirlər. Biz də həm prokurorluq, həm məhkəmə, həm də başqa sahələrdə kürdləri irəli çəkirik. Bu həqiqətən də belədir. Hazırda Gürcüstanda 30-dan artıq kürd millətinin nümayəndəsi məhkəmə sistemində və prokurorluqda fəaliyyət göstərir. Amma onların arasında bir nəfər də olsa, azərbaycanlı yoxdur. Hamısı Bakının məsləhəti ilə işdən qovulub. Azərbaycan bu gün burada yaşayan azəri türklərini kürd millətinin nümayəndələrinin vasitəsi ilə idarə etmək istəyir. Lakin bu səhv addımdır. Sonda əks reaksiya ilə üzləşəcəklər. Məndə minlərlə buna aid faktlar var.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar