DÜNYANIN TRAMP QORXUSU - "Putin bu münasibətlə badə qaldıra bilər!"

“Donald Tramp İkinci Dünya Müharibəsindən sonra mövcud olmuş liberal nizam qaydalarını dağıdır”

Əgər Amerikanın müttəfiqləri barəsində danışsaq, onda Donald Trampın seçilməsı onlar üçün əsl məşhərə çevrildi. Kanada, Yaponiya, Almaniya, B.Britaniya, Estoniya, Litva və Latviya kimi ölkələrin rəhbərlərinin nə söyləmələrinə baxmayaraq, Trampın bundan sonra azad dünyanın lideri olması əsl dəhşətə dönüb.

Tramp qarşısında olan qorxu, onun xarakteri və siyasəti ilə izah edilir. Amerikadakı aparıcı demokratiyanı görən dünyadakı bütün insanları belə bir təəccüb bürüyüb - necə oldu ki, siyasi müxalifətin legitimliyi, azlıqların hüququ və məhkəmə hakimiyyətinin müstəqilliyi kimi əsas demokratik normalara xüsusi hörmət bəsləməyən bir şəxs prezident seçildi? Hətta bəziləri ehtiyat edirlər ki, amerikalılar kvazi-faşisti (faşistsayağı) özlərinə lider seçiblər. Trampın tezliklə dünyanın ən böyük nüvə arsenalına komandanlıq edəcəyi, Amerikanın bir çox müttəfiqlərini təlaşa qərq edib.

Trampın ehtimal olunan siyasi kursu 1945-ci ildən sonra ABŞ tərəfindən dəstəklənən liberal dünya nizamının dağıdılması təhlükəsi yaradır. ABŞ-ın xarici dünya ilə münasibətlərinin əsasında yatan iki mühüm prinsipi var.

Birinci prinsip - bu açıq beynəlxalq ticarət sisteminin dəstəklənməsidir.

İkinci prinsip - qlobal təhlükəsizliyin fundamenti hesab olunan alyansın ABŞ rəhbərliyi altındakı fəaliyyətidir.

Tramp İkinci Dünya Müharibəsindən sonra proteksionizmi açıq şəkildə dəstəkləyən ilk seçilmiş Amerika prezidentidir. O, Amerikanın “dəhşətli” ticarət müqavilələrinin şərtlərini dəyişməyə söz verib. Bunlar arasında azad ticarət üzrə Şimali Amerika müqaviləsi də var. Tramp, həmçinin ABŞ-ı Ümumdünya Ticarət Təşkilatının tərkibindən çıxaracağını və Çin mallarına qoyulan gömrük rüsumlarını 45% artıracağını da bildirib. Əgər Tramp öz dediklərini həyata keçirərsə, onda həmin fəaliyyətlər qlobal ticarət müharibəsi təxribatı yaradacaq ki, bu da 1930-cu illərin Böyük depresiyası kimi dünyanı tamamilə tənəzzül girdabına sala bilər.

Trampın qlobal təhlükəsizlik sisteminə təsiri daha az dramatik ola bilər. Seçilmiş prezident Amerikanın təhlükəsizlik məsələləri sferasında NATO üzvləri və həmçinin də Yaponiya, Cənubi Koreya qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinə şübhəli yanaşır. Tramp hesab edir ki, bu ölkələr öz müdafiələri üçün lazımı qədər pul xərcləməlidirlər.

O, müttəfiqlərin öz təhlükəsizliklərini Amerikanın hesabına təmin edilməsinə can atmasından narazıdır. Lakin Trampın yanaşmasında yeni bir element var. Tramp ABŞ-ın öz müttəfiqlərinə qarşı hücum olacağı təqdirdə, onların müdafiə olunmasının vacibliyinə də şübhə ilə yanaşır. Trampa qarşı münasibətdə Rusiya prezidentinin açıq heyranlıq duyması, Rusiyanın Ukraynaya və ya Şərqi Avropaya qarşı aqressiyasına ABŞ-ın səssiz qalacağı qorxusunu gücləndirir. Yaponiya və Cənubi Koreya kimi müttəfiqlər ehtiyat edirlər ki, Trampın “Hər şeydən öncə Amerika” siyasəti Çinin Şərqi Asiyadakı təsir sferasının qəbul edilməsinə gətirib çıxara bilər.

Amma Amerikanın avropalı və asiyalı müttəfiqlərinin bütün bu qorxularına baxmayaraq, onlar ABŞ-dan üz döndərməməlidirlər. Heç şübhəsiz ki, Amerikanın qonşuları olan Meksika və Kanada ABŞ-dan uzaq durmamalıdırlar. Qərb institutlarında Amerika liderliyi o qədər möhkəm kök salıb ki, bunun sadəcə olaraq, alternativi yoxdur. ABŞ NATO-da mərkəzi rol oynayır və hərbi xərclərin 75 %-i onun payına düşür. BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mühüm beynəlxalq təşkilatlar ABŞ-da yerləşir. Dollar dünyanın ən böyük ehtiyat valyutasıdır. Əgər real valyuta məzənnəsi ilə hesablansa, onda sözsüz ki, dünyanın ən böyük iqtisadi gücü ABŞ-dır. Elə bu səbəbə görə də müttəfiqlər dişlərini sıxıb Trampa uyğunlaşamğa çalışacaqlar. Yüksək vəzifəli britaniyalı diplomat belə deyib: ”Biz ABŞ prezidenti ilə yola gedəcəyik, çünki bizim başqa çıxış yolumuz yoxdur”.

Əgər hazırda liberal dünya nizamının tərəfdarları qorxudan titrəyirlərsə, onların opponentləri əksinə, sevinirlər. Qərbdəki millətçi və ifrat sağçılar qlobalizm əlehydarının Ağ Evdə oturacağına çox şaddırlar. “Milli cəbhə”nin lideri Marin Le Pen may ayında Fransada keçiriləcək prezident seçkilərində öz qələbəsinə ümid bəsləyir. Bu isə hələ “Brexit”dən özünə gələ bilməyən Avropa Birliyinin dağılmasına gətirib çıxara bilər.

Lakin Trampın qələbəsindən şad olan bir dövlət var. Bu, Putin Rusiyasıdır. Tramp və Putin artıq bir-birlərinə münasibətdə hansısa heyranlıqlarını formalaşdırıblar. Amerikanın kəşfiyyat orqanlarının məlumatına görə, Rusiya özünün Tramp və respublikaçıları dəstəkləmək məsələsində o həddə gəlib çıxıb ki, onlar Demokratlar partiyasının və Klintonun şeçki qərargahının rəhbəri Con Podestanın elektron poçtunu sındırıblar. Sonradan isə seçki kampaniyasının ən mühüm anlarında “Wikileaks” saytı vasitəsilə informasiya buraxmağa başlayıblar. Əgər Rusiyanın bu müdaxiləsi səsvermənin nəticələrinə hansı şəkildəsə təsir göstəribsə, onda Putin özünün xüsusi xidmət orqanlarının ən uğurlu əməliyyatının şərəfinə badə qaldıra bilər.

(“The Financial Times”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar