TRAMPIN QƏLƏBƏSİ DİKTATORLARIN ƏL-QOLUNU AÇACAQ? - "O, qorxulu bir gücü artıq azadlığa buraxıb"

Trampın milyonlarla seçicisi “America First” (Öncə Amerika) şüarını səsləndirərkən, ABŞ-da bu şüarın öz tarixçəsinin olduğunu heç anlayırlarmı? 

1940-cı ildə kiçik ifrat sağ qrup məşhur “Öncə Amerika Komitəsi"ni (“America First Committee”) formalaşdırmışdı. Burada məqsəd ABŞ-ın müharibəyə girməsinin qarşısını almaq üçün prezident Ruzveltə təzyiq göstərməkdən ibarət olub. Həmin qrupun ən tanınmış nümayəndələrindən biri, Hitlerə olan rəğbətini gizlətməyən aviator Çarlz Lindberq idi. 1943-cü ildə bu şüardan kiçik bir partiya da istifadə edirdi. Onlar da nasistlərə qarşı olan xoş münasibətlərini gizlətmirdilər. “Öncə Amerika” iddiası milli izolyanist siyasət xəttinin irəli sürülməsi yolu ilə Hitlerlə döyüşə girməmək üçün istifadə edilən gizli bir üsul idi.

Xoşbəxtlikdən bu gün heç bir Hitlerlə mübarizə aparmağa gərək yoxdur. Lakin buna baxmayaraq, dünyadakı qanlı diktatorların sayı az deyil. “Öncə Amerika”nın mənası Trampın əllərini yumağa hazırlaşmsı deməkdirmi? Yəni, ABŞ bütün dünyada insan haqları uğrundakı ağır mübarizədən imtinamı edir? Trampın ifrat sağçı və ifrat solçuluğa söykənən millətçiliyi və izolyasionizmi, digər ölkələrdəki diktatorların hərəkətlərinə qarşı beynəlxalq ictimaiyyətin müdaxiləsinin üstündən xətt çəkə biləcəkmi?

Avropadakı ultra sağçılar üçün Putin əsas fiqurdur. İndi Putin onun ünvanına dəfələrlə xoş sözlər söyləmiş Trampın qələbəsindən ləzzət alır. Sərt adamlar bir-biriylə ümumi dil tapa bilirlər. Rusiya dövlətinin başçısı yaxşı başa düşür ki, onun Ukrayna və Suriyadakı imperialist manevrlərinə qarşı çıxan (çox yümşaq şəkildə olsa da) demokratların administrasiyasından qurtulacaq.

O, Trampı dinləyərkən belə bir məntiqi nəticəyə gəlib ki, bundan sonra BMT-nin Təhlükəsizlik Şurasında Amerikanın qətnamələri ilə qarşılaşmayacaq. Baxmayaraq ki, o, sistemli şəkildə bu qətnamələrə veto qoyurdu. Bundan başqa Putin Krımın ilhaqından sonra Rusiyaya qarşı qoyulmuş sanksiyaların götürüləcəyinə də ümid bəsləyir. Qısaca desək, Putin hesab edir ki, Tramp Rusiyanın Yaxın Şərqdəki sabitliyi pozan manevrlərinə qarşı gələməyəcək və bu istiqamətdə onun əl-qolunu açacaq. Görəsən Moskvadakı müvafiq təbliğat orqanlarının aktiv şəkildə yaydıqları - dünyaya konspiroloji (gizlilik) çərçivədən yanaşma nəzəriyyəsini ABŞ-ın yeni prezidenti bölüşürmü?

Heç kim praktikada Trampın öz proqramını necə yerinə yetirəcəyini bilmir. Amma istənilən halda o, Amerikan seçicisinin böyük bir hissəsinin - millətçilk, eqoizm, rasizm, ziyalılara qarşı ikrah və homofobiya kimi ən aşağı duyğularını müəyyən mənada qızışdıra bilib. Avropadakı neokonservator liderlər də, elə məhz həmin kartlar üzərində oynayırlar. Burada söhbət “xalq” naminə, “qloballaşan elita”nın tənqidindən gedir. Belə deyilir ki, banklar və beynəlxalq maliyyə işbazları və ya konspirologiya nəzəriyyəsi həvəskarlarının hər yerdə gördükləri kimi, hansısa qaranlıq güclər tərəfindən oğurlanmış azadlıq xalqa qaytarılmalıdır.

Hamı bu “nəğmə”ni artıq əzbər bilir. Lakin həmin “nəğmə” kor qəzəb dalğası yaratmaqda davam edir. Əvvəllər qaranlıq güclərin və “günahkarların tapılması” nəzəriyyəsinin sistemli qurbanları yəhudilər idi. Bu gün bütün hər şeyə görə müsəlmanlar cavab verirlər. Sonra növbə qadınlara və homoseksuallara gəlib çıxacaq. Ancaq yəhudilərin arxayınlaşması hələ tezdir. Çünki Putinin sevimlisi Stalinin dediyi kimi, heç kim bu “kosmopolitlər”i yaddan çıxarmayıb.

Frans Fanon özünün fəlsəfə müəlliminin sözlərini xatırlayaraq, qara dərili tələbələrinə belə müraciət edərdi: ”Nə vaxt kı, yəhudilərin necə söyüldüyünü eşidirsinizsə, qulaqlarınızı yaxşı açın: burada sizdən danışılır”. İndi həmin sözləri başqa cür, belə yozmaq olar: ”Nə vaxt ki, latınamerikalıların necə söyüldüyünü eşidirisinizsə, qulaqlarınızı yaxşı açın: burada yəhudilər haqqında danışılır”.

Bəlkə də ABŞ-ın yeni prezidenti sadəcə olaraq dərsini yaxşı öyrənməyən şagirddir. Amma buna baxmayaraq, o, cilovlanması çox müşkül olan qorxulu bir gücü artıq azadlığa buraxıb.

Ona görə də belə bir qorxulu gücün Fransada hakimiyyətə gəlməsinə imkan verilməməlidir.

(“La Regle du Jeu”- Fransa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar