«HƏYATDA MƏNƏ ƏN ÇOX PİSLİK EDƏN ADAM…» - Eldar Həsənovun arxasınca kim göz yaşı töküb?

"Tanrıya yalvarasıyam ki, düşmənin də mərdini göndərsin"

Eldar-Hasanov

"Allahdan razıyam ki, mənim düşmənim yoxdur, ermənidən başqa. Olarsa belə, Tanrıya yalvarasıyam ki, düşmənin də mərdini göndərsin. Mərd adamdan qorxmaq lazım deyil, namərddən qorxmaq lazımdır".

Bunları sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov "Modern.az" saytına geniş müsahibəsində deyib. Siyasi çevrələrdə geniş əks-səda doğuran müsahibədə E.Həsənov bağışlamaqla bağlı sualın cavabında bildirib:

"İlk dəfə 61 yaşımda etiraf etməli olacam... Pisliyi yaxınıma, çevrəmə, qohum-əqrabama yaxın götürüm, bu pislikləri ürəyimdə illərlə saxlayım... Yox! Bunu mən bacarmadım! Heç yaxınıma da buraxmadım. “Keçənə güzəşt deyərlər” məntiqi ilə yanaşdım. Yaxşı halları daha çox dəyərləndirib xatirimdə saxlayıram. Unutmaram yaxşılıqları. Tələbəlik illərimdə kimsə mənə dayaq olubsa, kimsə bir kitabımı alıb gətiribsə, kimsə mənim burnumdan axan qanı öz dəsmalı ilə silibsə, onları heç vaxt unutmaram. Amma pislikləri heç şüuruma yaxın buraxmıram. Taleyim elə gətirib ki, mənə ən çox pislik edən insanın ailə üzvü mənim tabeçiliyimdə çalışıb. 7 il mənimlə işləyib. Mən o uşağı oğlum Anar qədər istəyirəm. Bunu sözlərimdə də, əməlimdə də sübut etmişəm. Onun inkişafında da, yüksəlişində də rolum olub. Gedəndə göz yaşlarını saxlaya bilmədi. Mən də onu yüksək qiymətləndirirəm".

Maraqlıdır, söhbət kimdən gedir?

Eldar Həsənovun düşmənləri barədə söz düşərkən şübhəsiz ki, ağla gələn ilk ünvan keçmiş müavini İsa Nəcəfov olur. Onların düşmənçiliyi o qədər dərinə getmişdi ki, sonda Prezident Heydər Əliyev hər ikisini vəzifəsindən azad etməli olmuşdu. Lakin indiki halda E.Həsənovun İ.Nəcəfovu nəzərdə tutduğu inandırıcı deyil. Çünki E.Həsənov baş prokuror olanda İ.Nəcəfov da onun müavini idi - bu halda nə E.Həsənov İ.Nəcəfovun oğluna və ya bir başqa ailə üzvünə dəstək olardı, nə də sonuncu E.Həsənovun gedişinə görə göz yaşı axıdardı.

E.Həsənovun digər düşmənləri sırasında DİN İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayevin adını çəkmək olar. N.Qocayev məhz E.Həsənov tərəfindən uşaq oğurluğu kimi ağır cinayət ittihamı ilə həbsə atılmış, ömürlük cəza alsa da, bir neçə ildən sonra bəraət alaraq DİN sisteminə işə geri dönmüşdü.

N.Qocayevin həbsə atılmasına görə isə, E.Həsənovla onun yaxın qohumları - o zamankı spiker Murtuz Ələsgərov və onun Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri işləyən oğlu Fuad Ələsgərovla münasibətləri kəskinləşmişdi. M.Ələsgərovun kiçik oğlu Fəxri Ələsgərov isə o zamanlardan prokurorluq sistemində çalışır. Bəzi məlumatlara görə Ələsgərovlarla Həsənovun düşmənçilikləri hələ də davam edir.

E.Həsənov bu bu şəxslərdən birini, yaxud başqa bir şəxsi nəzərdə tutur, bunu dəqiqləşdirə bilmədik. Lakin istənilən halda E.Həsənovun uzun illərdən sonra belə bir açıqlama ilə çıxış etməsi təsadüfə oxşamır. İstisna deyil ki, sabiq baş prokuror ona "ən çox pislik edən insana" və digər düşmənlərinə barışıq mesajı verir.

Onu da qeyd edək ki, zaman-zaman yüksək vəzifələrə namizədlər sırasında adı hallanan E.Həsənov, indi də vitse-prezidentliyə real namizədlərdən biri kimi təqdim olunur. Onun sözügedən müsahibəsi isə siyasi çevrələrdə güclü əks-səda yaradıb. Sabiq baş prokurorun rəsmi siyasətin əksinə olaraq Rusiya əleyhinə açıq çıxışı, Heydər Əliyevlə söhbətlərini xatırlatması (Həssas mövzuda ondan sitat gətirməsi), "qanun şah olmalıdır" tipli mesajları maraqla qarşılanıb. Bəziləri sabiq baş prokurorun geniş müsahibə boyu bircə dəfə də Prezident İlham Əliyevin adını çəkməməsinə belə xüsusi məna verməyə çalışırlar...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar