“GENERAL MƏNİMLƏ GÖRÜŞÜB, YALVARMAĞA BAŞLADI...” - "Dedi ki, 1 milyon pul və villasını verməyə razıdır"

"Müstəntiq O.Babayev bildirdi ki, mən M.Şıxəliyevlə bağlı şikayətimdən imtina etməliyəm. Əks-təqdirdə mənə ciddi problemlər yaradacaq"

MTN-main

Bakı şəhər sakini Ülviyyə Abdalova milyonlarla dəyəri olan əmlakının MTN rəhbərləri tərəfindən əlindən alındığını bildirir. Onun sözlərinə görə, 2006-2007-ci illərdə əmlaklarının zorla əlindən alınması işinə MTN Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev başçılıq edib.

2015-ci ildə MTN-dəki cinayətkar qruplaşmanın ifşasından sonra Ü.Abdalova əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb. İlk dövrlər bunu ümid yaransa da, sonradan vəziyyət dəyişib. Belə ki, Baş Prokurorluğa rəsmi şikayətlə üz tutduqdan sonra Mövlan Şıxəliyev onunla görüşüb və anlaşmağa cəhd edib.

Şikayətçi moderator.az-a açıqlamasında bildirib: “MTN-lə bağlı Baş Prokurorluğa ünvanladığım şikayətdən sonra M.Şıxəliyev mənimlə görüşərək, onun adına hallandırmamağı xahiş etdi. O, bildirdi ki, aldığı 3 milyon manat məbləğin əvəzində ona 1 milyon manat məbləğində pul ödəməyə, habelə Novxanıdakı villasını verməyə hazırdır. Bundan başqa, MTN generalı bildirdi ki, “Meşəbəyi” restoranları ona məxsusdur və o, bu restoranlarla da ondan aldığı pulu əvəzləşdirə bilər. Yeganə xahişi isə onunla bağlı şikayətimdən imtina etmək idi”.

Orxan Babayevin zühuru və ya Mövlan Şıxəliyevin yalvarışlarına son!

BPÜ.Abdalovanın bildirdiyinə görə, M.Şıxəliyevin mövqeyi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin meydana çıxmasından sonra qəfil dəyişib - MTN generalı ona dəyən zərəri ödəməkdən imtina edib: “M.Şıxəliyevlə bağlı prokurorluğa ünvanladığım şikayətin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevə həvalə ediləndən sonra, M.Şıxəliyev əsl üzünü göstərməyə başladı. Onun xahiş və yalvarışlarına son qoyuldu. O, açıq şəkildə mənə dedi ki, daha sənə bir qəpik də olsun pul ödəməyəcəm, get kimə istəyirsən şikayət et. Mən əvvəlcə M.Şıxəliyevdəki bu dəyişikliyin səbəbini başa düşmədim. Amma qısa müddətdən sonra O.Babayev mənə açıq şəkildə təzyiq göstərməyə başladı. O.Babayev mənə bildirdi ki, mən M.Şıxəliyevlə bağlı şikayətimdən imtina etməliyəm. Əks-təqdirdə mənə ciddi problemlər yaradacaq. Mən bu zaman başa düşdüm ki, M.Şıxəliyev bu məsələdə O.Babayevə arxayındır və buna görə mənə dəyən zərəri ödəməyə ehtiyac duymur”.

Medallı müstəntiqin zərərçəkən üçün qurduğu məhşər

Şikayətçinin sözlərinə görə, işin araşdırılması O.Babayevə həvalə ediləndən sonra adıçəkiln müstəntiq sözün həqiqi mənasında onu çarmıxa çəkməyə başlayıb: “O.Babayev hər ötən gün mənə qarşı təzyiqləri artırmağa, təhdid və şantaj etməyə başladı. O, açıq şəkildə mənə deyirdi ki, nə qədər ki, M.Şıxəliyevlə bağlı şikayətindən imtina etməmisən, nə qədər ki, MTN olaylarında sən dəyən ziyanın qaytarılmasını tələb edirsən, sənin həyatını cəhənnəmə döndərəcəm. Mən O.Babayevə deyəndə ki, onun bu qanunsuz tələblərindən şikayət edəcəm, o, prokurorluğun medallı müstəntiqi olduğunu bildirir. Kimsənin ona nə isə etmək iqtidarında olmadığını vurğulayırdı. Medalını etdiyi qanunsuzluqlara qalxan edən O.Babayev, zamanla məni və ailəmizi həqiqətən də məhşər ayağına çəkməyə başladı”.

“Orxan Babayevin iş yeri mənim qapımın astanasıdır?”

Ü.Abdalovanın sözlərinə görə, O.Babayevin təhdid və təzyiqləri o həddə çatır ki, müstəntiq gün ərzində bir neçə dəfə onun mənzilinə gəlməyə, saatlarla qapısı ağzında dayanmağa, onu qapı arxasından təhdid etməyə başlayır: “O.Babayev bəlli bir müddətdən sonra tez-tez yaşadığım evə gəlməyə, məni qapı arxasından hədələməyə başladı. O, məni hədələyərək qapını açmağımı istəyir, şikayətimi geri götürməyi tələb edirdi. O.Babayev ətrafdakı insanların gözü qarşısında qışqıra-qışqıra bəyan edirdi ki, o, prokurorluğun medallı müstəntiqidir və istədiyi şəxslə istədiyi kimi davrana bilər. O.Babayev səhərdən gecə saatlarına qədər evimə o qədər çox gəlib-getməyə başladı ki, mən O.Babayevin iş yerinin qapımın astanası olduğunu düşünməyə başladım. Çünki bütün işi mənzilim önündə keşik çəkmək olan O.Babayevin prokurorluq kimi məsul bir qurumda vaxt tapıb necə çalışdığı bu gün də mənim üçün çox təəccüblüdür”.

“Prokurorluq orqanlarından tamamilə razıyam, bir tək şikayətim Orxan Babayevlə bağlıdır”

Şikayətçi prokurorluq orqanlarından əsla şikayətçi olmadığını, yeganə şikayətinin O.Babayevlə əlaqədar olduğunu vurğulayıb: “Mənim nə Baş Prokurorluq, nə onun rəhbər heyəti, nə də ümumiyyətlə prokurorluq orqanlarından heç bir şikayətim və narazılığım yoxdur. Mən bu qurumdan və onun rəhbərliyinin fəaliyyətindən tamamilə razıyam. Mənim yeganə şikayətim fərd olaraq O.Babayevlə bağlıdır. Çünki prokurorluq əməkdaşı adına yaraşmayan hərəkətlərə yol verən, bu məsul vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək mənə qarşı qanunsuz addımlar atan, məni uydurma və gülünc ittihamlarla məsuliyyətə cəlb etməyə çalışan O.Babayevdir. O, etdiyi bu özbaşınalıqların və utancverici hərəkətlərin fərqində olmasa da, mən hüquq təhsili olan bir şəxs kimi O.Babayevin əvəzinə Baş Prokurorluğun bütün rəhbər və sıravi heyətindən üzr istəyirəm və ümid edirəm ki, prokurorluq orqanı onun adına ləkə gətirən O.Babayevlə yollarını gec-tez ayıracaqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar