“Azərbaycan ordusunu tam təchiz etməyə hazırıq” - Pakistan prezidenti

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində keçirilən “İDEAS-2016” müdafiə sərgisində iştirak edib.

Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti müdafiə sərgisinin açılış mərasiminə qatılıb, müxtəlif ölkələrin stendləri və sərgilənən müdafiə sənayesi məhsullarına baxış keçirib.

Səfər çərçivəsində Pakistan prezidenti Məmnun Hüseyn Y. Eyyubovu qəbul edib. Baş nazirinin birinci müavini Azərbaycan prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib.

Y. Eyyubov beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini daim dəstəklədiyini vurğulayaraq, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olması, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımaması Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Azərbaycanın Pakistanla daha da istiləşən münasibətlərindən söhbət açan baş nazirin birinci müavini Pakistanla iqtisadi əlaqələrin daha da artırılması istiqamətində aparılan işlərdən, sərgidə iştirakından, əldə olunan razılıqlar haqqında məlumat verib, digər sahələrdə olduğu kimi Azərbaycanın Pakistanla müdafiə sənayesi, hərbi-texniki sahədə də əməkdaşlığının bundan sonrada davam edəcəyini bildirib. Y. Eyyubov Azərbaycan prezidentinin Pakistan prezidentinə ünvanladığı məktubu M. Hüseynə təqdim edib.

M. Hüseyn isə Azərbaycan prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu, Azərbaycana yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xoş təəssüratlarla xatırlayıb, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını və bu dəstəyin daim davam edəcəyini qeyd edib. Pakistan prezidenti Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrin, iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edərək, möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticarət və digər əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın iqtisadi potensialı, idxal və ixrac imkanları haqqında söhbət açan prezident ölkəsinin Azərbaycan ordusunu tam təchiz etməyə hazır olduğunu diqqətə çatdırıb. M. Hüseyn Azərbaycan prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistana səfərini gözlədiklərini və bu səfərin də ikitərəfli əlaqələrə xüsusi töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov və Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iştirak ediblər. Y. Eyyubov səfər çərçivəsində digər rəsmi şəxslərlə də görüşlər keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar