ƏLİ KƏRİMLİDƏN 8 MİLYON AÇIQLAMASI VƏ İLHAM ƏLİYEVƏ SƏRT HÜCUM - "İndi növbə onundur..."

“Mən açıqlama verdim, indi buyursun, İlham Əliyev cavab versin, MTN-dən qaynaqlanan KİV və “siyasətçilər” də özlərində cəsarət tapıb ondan izahat istəsinlər”

Xəbər verildiyi kimi, Haqqin.az saytında AXCP sədri Əli Kərimlinin olduqca iri məbləğdə bank əməliyyatları apardığı və guya 1 ilə 8 milyon dollar xərclədiyi haqda iddialar dərc olunub. AXCP sədri Əli Kərimli deyilənlərə aydınlıq gətirib. Onun “Azadlıq”a vediyi açıqlamanı olduğu kimi dərc edirik:

“Dünəndən etibarən hökumətə yaxın bir sıra informasiya vasitələri, o cümlədən xüsusi xidmət orqanlarına bağlı olan mənbələr özüm və ailəm haqqında guya kompromat xarakterli məlumatlar yayır. Bu məlumatlar şübhəsiz ki, xüsusi xidmət orqanlarının düzüb-qoşduğu, az məlumatlı insanlarda sual yaratmaq üçün ortaya atılımış yalanlardır.

Bilirəm ki, bunu yayan mənbələrə, hakimiyyətin mənə olan münasibətinə görə mütləq əksəriyyət bu iddiaları ciddiyə almır. Əlsində mən də ciddiyə alıb açıqlama verməzdim, amma bu açıqlamanı verməkdə məqsədim var, bu barədə sonra danışacağam.

Hələliksə irəli sürülən ittihamlarla əlaqədar, bildirim ki, indiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almamışam. Heç zaman heç bir bankdan kredit götürməmişəm. Heç bir bankda heç bir hesabım olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açmışam ki, 2005-ci ildə parlamentə seçildiyim, amma mandatım ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsi ilə alım.

Heç bir xarici ölkədə mülkiyyətin və bank hesabım yoxdur. Nə özümün, həyat yoldaşımın, nə oğlumum belə bir hesabı və mülkiyyəti var. Olan bütün mülkiyyətim özümə aid mənzil (1993-cü ildə gənc mütəxəssi kimi almışam), bağ sahəsi və içində yarımçıq, uzun illərdir başa çatdıra bilmədiyim tikili, bir də həyat yoldaşımın 1991-ci ildə gənc mütəxxəsis kimi aldığı mənzil olub. Sonradan oğlum Türkelin Böyük Britaniyada təhsil xərclərini qarşılamaq üçün həyat yoldaşımın evini satmışıq.

Söylədiyim kimi, bağ evim hazırda yoxdur, yarımçıq tikili var, onu qismət olsa, nə zaman başa çatdırsam, bu haqda da mütləq ictimaiyyətə məlumat verəcəyəm.

Oğlum Türkelin təhsil xərcləri qəsdən şişirdilib. İndi internet əsridir. Hər kəs Türkelin harada təhsil aldığını bilir, elə internet vasitəsi ilə təhsil haqqının real məbləğını müəyyənləşdirə bilər.

Məlumatlarda bir sıra qohumlarımın adı çəkilib - əmim oğlu Tofiq Kərimov, qayınım Elnur Seyidov, baldızım Aytən Seyidova. Əlbəttə, qohumlarım siyasi fəaliyyətimdə iştirak etmirlər, onu maliyyələşdirimirlər və onların nələrinin olub-olmadığının başqaları kimi, mənə də bir aidiyyatı yoxdur. Amma bilirəm ki, onlarla bağlı məlumatlar da saxtadır.

Məsələn, bildirilir ki, əmim oğlu Tofiq Kərimov bu ilin iyununda bankdan 193 min manat pul götürüb və seçki ərəfəsi olduğuna görə, bu, mənimlə əlaqələndirilir. Tofiq Kərimov həqiqətən vaxt vardı orta biznesmen sayıla bilərdi, amma o da müflis edilib, obyektləri əlindən alınıb, ən sonda da özünə və övladlarına aid olan üç mərtəbəli evi sökülüb. Hökumət bazar qiymətlərindən aşağı məbləğlə o söküntünün müqabilində onun hesabına kompensasiya köçürüb. Tofiq Kərimovun bankdan götürdüyü həmin puldur.

Qayınım Elnur Seyidov bankda filalın müdir müavini olub. Onun vəzifə borcu bankda pul qəbul etmək və pul çıxarmaq olub. Bilmirəm o nə qədər pul qəbul edib-çıxarıb, amma aydındır ki, bu, onun vəzifə borcu olub. Ona görə də onların Elnura, mənə isə ümumiyyətlə heç bir aidiyyatı yoxdur.

Elnur il yarımdır həbsdə saxlanılır. Bu müddətdə MTN dəfələrlə onun çalışdığı bankda yoxlamalar, araşdırmalar aparıb. Ona verilən itttihamlar bundan ibarətdir ki, tabeliyində olan işçilərlə birlikdə filalda həyata keçirilən alqı-satqi əməliyyatları zamanı bank xidmətlərindən əlavə, hər əməliyyatda 30-40 manat olmaqla, cəmi 1000 manatdan bir az çox pul toplayıb bankın rəhbəri Etibar Əiliyevə veriblər. Yəni, Elnura hökumətin verdiyi ittihamın özündə belə, hər hansı mənimsəmədən söhbət getmir.

Elnura irəli sürülən ikinci ittiham isə bankın filialında onun da iştirakı ilə verilən bir kredit haqqındadır. Həmin kredit alan şəxs kredit müqaviləsi başa çatmamış faizləri ilə birlikdə krediti ödəyib. İndi Elnur Seyidova tam və faizləri ilə birgə ödənilən həmin kreditin guya mənimsənilməsi ilə bağlı ittiham irəli sürüb. Bu da bütün hüquq aləmini şoka salan analoqusuz hadisədir.

Bunları ona görə deyirəm ki, əgər onun da fəaliyyətində azacıq qanunsuzluq olsaydı, şübhəsiz, istintaq bu məlumatları ortaya çıxara bilərdi.

Baldızım Aytən Seyidova 2003-cü ildən Azərbaycanda yaşamır, Londondadır. Orada təhsil alıb, orada da özü kimi yüksək təhsil almış Tunis əslilli Britaniya vətəndaşı ilə ailə həyatı qurub. Hər ikisi yüksək təhsillidir, dolanışıqları pis deyil, amma onların pullarını saymaq mənə düşməz və mənə onların nələrinin olub-olmamağının heç bir isti-soyuğu yoxdur.

Nəhayət, mötəbər kimi təqdim olunan MTN xəfiyyələrinin çəkdikləri bağ evinin fotosu barədə. O ev mənə aid deyil. Qohumlarımdan birinə aiddir, mən ora qonaq kimi getmişəm. AXCP-dən bir çoxları o evdə qonaq kimi olublar. Bütün ictimaiyyətə bəllidir ki, mənim bağ evim yoxdur. Sadəcə, bütün insanlar kimi, mənim də qohumlarımın ev-eşikləri var, bundan da kompromat düzəltmək absurd bir işdir.

Bütün bunları açıqladım və aydın şəkildə izah etdim ki, mənə aid nəinki 8 milyon, heç 80 min dollardan da söhbət gedə bilməz.

Onsuz da xalqımız müdrikdir, başa düşür ki, bu hökumətin mənə bu cür münasibəti varsa - halalca pasportumu 8 ildir almağa imkan vermirlərsə, partiyamız üçün ofis kirayələməyə qoymurlarsa, hətta nəzəri cəhətdən mənim 8 milyon pulum olduğu təsəvvür edilsə belə, hökumət həmin pulları bankdan çıxarmağa imkan verərdimi? Kim bunu təsəvvür edə bilər?

Bunlar hamısı absurddur, diqqəti İlham Əliyevin özünün və ailəsinin haqqında olan korrupsiya ittihamlarından yayındırmaq və əks hücum cəhdidir.

Mən də əslində, bu açıqlamanı ona görə verdim ki, indi buyursun, İlham Əliyev cavab versin. MTN-dən qaynaqlanan həmin o KİV və “siyasətçilər” də özlərində cəsarət tapıb İlham Əliyevdən izahat istəsinlər ki, o, hansı pullarla oğlu 12 yaşı olarkən ona Dubayda 74 milyon dollara 9 villa alıb? O, hansı əsasla Daşkəsəndəki 2.5 milyard manat dəyərindəki Çovdar qızıl yataqlarını öz qızlarının ələ keçirməsinə şərait yaradıb?

İlham Əliyev açıqlama versin ki, Vircin adalarında, Panamada, başqa ofşor zonalarda aşkarlanmış özünə və ailəsinə məxsus milyardlarla dəyəri olan holdinqlər, holdinqlərin tərkibindəki şirkətlər, banklar, otellər hansı pullarla, hansı qanuni vasitələrlə əldə olunub.

O, izahat versin ki, necə olub, dövlət başçısı olduğu müddətdə ölkədən 48 milyard pul çıxarılıb? İzahat vesin ki, ölkənin ən böyük banklarının bir neçəsi onun səməd Vurğun küçəsindəki mənzilinə qeydiyyatdadır, bu qədər bankı hansı yolla əldə edib?

İzahat versin ki, bir milyondan artıq insanın keçmiş əmənatlərinin toplandığı “Əmanət bankı” hansı üsüllarla “Kapitalbanka” çevirib Paşayevlər ailəsinin tam nəzarətinə salıblar?

Bütün bunlar barədə indi cəsarəti çatanlar İlham Əliyevin izahatını istəsinlər.

Mən şəffaf, təmiz, kompromatsız həyat yaşayıram. Mən kimlərlə mübarizə apardığımı yaxşı bilirəm. Bilirəm ki, mənim tərcümeyi-halım təmiz, özüm dürüst olmasam, bu mübarizəni apara bilmərəm. Ona görə də özümə tam əminəm, İlham Əliyevin isə izahatlarını gözləyirəm".

(Azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar