"Obyektiv seçki keçirilsə, çox yüksək faizə iddia edirəm" - İlyas İsmayılov

 “2003-cü ildəki kimi olsa, heç nə...”

 

Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov “Media forum” saytının suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Seçki prosesinin gedişi nə göstərir?

- Mən ümumiyyətlə təbiətcə hər şeydən razı olan adam deyiləm. Amma məsələlərə maksimalist yanaşmağı da sevmirəm. Hələlik bizə maneə törətmirlər. Hamı kimi biz də təbliğatımızla məşğuluq.

- Bu seçkinin hansı özəllikləri var? Müşahidələriniz nə deyir?

- Özəllikləri ondan ibarətdir ki, təbliğat üçün az vaxt veriblər, bütün namizədlərə bərabər imkanlar yaradılmayıb, əvvəlki illərdən fərqli olaraq insanlarda apatiya var. Deyirlər nə mənası, onsuz da bilirik kim seçiləcək, necə seçiləcək...

- İslam Partiyası sizin namizədliyinizi dəstəkləyir. Dəstək sizi qane edirmi?

- Əlbəttə. Mən rayonlarda bu dəstəyi daha çox hiss etdim. Xaçmaz, Lənkəran görüşlərində islamçılar mütəşəkkil qüvvə kimi iştirak etdilər. Ölkədəki vəziyyətlə bağlı, islamçılara münasibətlə bağlı mənə çoxlu sual verdilər, cavablandırdım, çox razı getdilər. İslam Partiyası çox güclü mövqeyi olan bir təşkilatdır.

- Oktyabrın 9-da hansı nəticəyə iddia edirsiniz?

- Obyektiv seçki keçirilsə, çox yüksək faizə iddia edirəm. Arzu edirəm ki, 2003-cü ildəki saxtakarlığa yol verilməsin. 2003-cü il seçkisində Naxçıvandan 45 minədək səs toplamışdım. Bizim təşkilatımız Naxçıvanda çox güclü idi. Amma nəticədə mənə 4 səs yazmışdılar. Bütün Azərbaycan üzrə mənə 23 min səs yazmışdılar. Əgər belə olsa, heç bir şey... Yox, obyektivlik olsa, mən çox yüksək səs toplayaram. Bunun da obyektiv səbəbləri var: mən respublikada müxtəlif sahələrdə çalışmışam, fəhlə də olmuşam, aspirant da, elmi işçi də, jurnalist də. Hüquq mühafizə orqanlarında, Mərkəzi Komitədə çalışmışam. Yəni insanlar məni tanıyırlar. Bir də rayonlara gedəndə insanların mənə münasibətini görürəm, ona görə hesab edirəm ki, mən çox səs toplayacam.

- İctimai Teleradiodakı debatlarda nümayəndəniz kimi iştirak edən insanlar çıxışlarını sizinlə razılaşdırırlar? Çıxışlarla əvvəlcədən tanış olursunuz?

- Həmişə yox. Mən insanlara inanıram.

- Vəkiliniz, Yaşıllar Partiyasının sədri Mais Gülalıyev çıxışlarının hamısında Amerika və Avropanı hədəf alır, razısınız onun fikirləri ilə? Bu məsələdə mövqeyiniz üst-üstə düşür?

- Mais müəllim məlumatlı, savadlı, nə danışdığını bilən adamdır. Mən nə deyə bilərəm onun çıxışı haqda? İrad bildirmək istəmirəm. Hər halda camaatın reaksiyası yaxşı olub onun çıxışlarına.

- Növbəti debatlara qatılmaq planınız var?

- Gələcək göstərər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar