“QIZDA FƏRASƏTƏ BAX...” – 80 min dollar mənimsəyən “məmur qız”dan daha bir şikayətçi var!

“Azpolitika.info”nun 7 noyabr (2016) tarixli sayında Bakı şəhər sakini Kərimov Teymur Əliabas oğlunun şikayətini yayımlamışdıq. Həmin şikayətdə T.Kərimovun külli məbləğlərdə dələduzluqla məşğul olan şəxslər tərəfindən aldadılması və 82 min dollarının mənimsənilməsindən danışılırdı. T.Kərimov ona qarşı törədilən cinayət və külli miqdarda ziyan bir tərəfə, həm də hüquq-mühafizə orqanlarının biganəliyindən və süründürməçiliyindən şikayət edirdi. Onun dediyinə görə, hətta bu dəstənin yüksək vəzifəli himayədarları da var...

4 ilə yaxındır mobil telefonların pərakəndə satışını həyata keçirən T.Kərimov müştərilərindən biri olan İlqar adlı şəxsin (Təhməzov İlqar Əbülfəz oğlu) vasitəsilə Nuran xanımla (Səməndərova Nuran Davud qızı) tanış olur. Bu xanım da öz növbəsində tez-tez Teymurdan bahalı telefonlar alır və nağd pulunu ödəyir. Lakin bir müddət sonra vəziyyət dəyişir. T.Kərimov deyir: "Nuran Dövlət Miqrasiya Xidmətində işlədiyini deyirdi. Və iş yoldaşlarının da telefon istədiklərini, lakin pulunu bir neçə dəfəyə ödəyəcəklərini bildirdi. Həm İlqarın tanışı, həm də dövlət qulluqçusu olduğunu nəzərə alaraq, ona inandım. O da iş yoldaşları olduğunu bildirdiyi şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edərək, məndən nisyə telefonlar götürməyə başladı. Əvvəl ayda 3-5 telefonla başlayan Nuran, qısa müddət sonra ay ərzində götürdüyü telefonların sayını 26-28 ədədə çatdırdı. Və bu telefonlar da bir qayda olaraq, 1400-1600 manat dəyərində olan “Ayfon”lar idi. Hər telefon üçün də ayrıca bir şəxsiyyət vəsiqəsi təqdim edir, bu şəxslərin Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və digər qurumlarda işlədiyini bildirirdi. Mən də inanırdım, çünki söhbət dövlət qulluqçularından gedirdi və Nuran bu adamlara aid borcları dediyi vaxtda ödəyirdi. Ancaq sən demə bunun başqa məqsədləri varmış. Təkcə son ayda məndən 29 ədəd bahalı “Ayfon” götürdü və həmin telefonların borcundan bir qəpik də ödəməyib”.

Sonradan məlum olur ki, bu şəxslərin hər hansı dövlət qurumu ilə əlaqəsi yoxdur. Onların şəxsiyyət vəsiqələri isə, T.Kərimovun ehtimalına görə, Nuranın “Unibank”da işləyən bacısı Nigar tərəfindən banka aid müştərilərin sənədləri arasından ələ keçirilib. Əslində, bu şəxsiyyət vəsiqələrinin sahiblərinin kimliyini istintaq araşdırmalıdır. İstintaq da sanki dalana dirənib... İş əvvəl Nəsimi polisinin 21-ci bölməsi tərəfindən rayon prokurorluğuna mülki işə çevirmək məqsədilə göndərilmiş, lakin aşkar cinayət faktı ortada olduğu üçün geri qaytarılmış və Nəsimi polisinin istintaq idarəsinə verilmişdir. Burada isə zərərçəkmiş dindirilmədən, üzləşdirmə aparılmadan yenidən Nəsimi Prokurorluğuna göndərilib. Bir sözlə, T.Kərimov bu işin bilərəkdən uzadıldığını və qəsdən süründürməşiliyə yol verildiyini deyir. Ortada isə, zərərçəkmişin dediyinə görə, Nuran Səməndarova, anası Samirə, bacısı Nigar və İlqar Təhməzovdan ibarət dəstə və onların himayədarları var.

“İntihar etmiş fırıldaqçı o dünyadan qayıdıb məni tutdurmaq istəyir...”

nuran

T.Kərimov: “Borcun məbləği həmin vaxtın kursu ilə təqribən 82 min dollara çatanda, Nuran qeyb oldu. Daha doğrusu, əvvəlcə dedi ki, onu avtomobil vurub və bir neçə yerdən sınıqları var. Ona baş çəkmək üçün evinə getdiyimdə isə məum oldu ki, o, heç evdə də deyil, “Unibank”da işləyən bacısı isə məni görən kimi, hədələməyə başladı. Hətta məni tutduracağını dedi. Əvvəl nə baş verdiyini anlamadım, xəstə yanına getmişdim axı. Sonradan başa düşdüm ki, bu düşünülmüş bir oyundur və məni təxribata çəkirlər – bunu nə maşın vurub, nə də yaralıdır. Hələ hansı oyuna düşdüyümü dərk etməmiş, məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə çağırdılar. Burada məni az qala top-tüfənglə qarşıladılar. Əslində, elə həmin gün bunların yuxarılarda güclü himayədarlarının olduğunu anladım. Aldadılan, verdiyim telefonlara görə külli miqdarda borca, ziyana düşən mən olduğum halda 21-ci bölmədə mənim özümdən cinayətkar “düzəldirdilər”. Orada mənə kiçik bir kağız parçası göstərdilər və dedilər ki, bunu guya Nuran mənə olan borcuna görə özünə qəsd etməmişdən əvvəl yazıb. Anası da bunu əsas götürərək, məndən şikayət edib. Dedim bəs hanı Nuran, ölüsü ya dirisi varmı? Dedilər axtarırıq, özünə harada qəsd etdiyi bilinmir, sadəcə bu məktubu yazıb və onun əsasında da anası bizə şikayətlə müraciət edib. Bir sözlə, sən getdin əlli-ayaqlı... Sən demə, bunlar tamaşa qurublar və məqsəd də məni qorxudaraq, borcdan imtina etməmə nail olmaqdır. “İntihar etmiş”, ancaq səsi Gürcüstandan gələn Nuran xanım isə “o dünyadan qayıtdı” və yenidən peyda oldu. Və hətta himayədarlarına güvənərək, mənə meydan oxumağa başladı”.

T.Kərimov bildirir ki, Cinayət Məcəlləsilə külli miqdarda dələduzluq kimi ağır cinayət əməlinin bütün tərkibləri ortada olmasına baxmayaraq, Nəsimi polisində bu işi ört-basdır etməyə çalışıblar. Hətta 21-ci bölmənin təhqiqatçısı baş leytenant Nəriman Əzizov işi prokurorluğa göndərərək, cinayət tərkibinin olmadığını və məsələnin mülki qaydada həll olunmasını istəyib. “21-ci bölmədə bizi eyhamla başa saldılar ki, onları gərəkən addımları atmağa qoymurlar. Kim qoymur? Bu suala hələ də cavab verən yoxdur”.

T.Kərimov deyir ki, onun şikayətlərinin və Nəsimi Rayon Prokurorluğunun ədalətli mövqeyinin nəticəsi olaraq, iş yenidən Nəsimi Polis İdarəsinə qaytarılıb. “Ancaq yenə də, haqsızlıq və süründürməçiliklə üz-üzəyəm. Məhz buna görə işin Nəsimi polisindən alınaraq, Bakı Şəhər Baş Polis İdarəsində araşdırılmasını yazılı surətdə xahiş etmişəm. Hələ bir cavab yoxdur”.

Nəhayət, Nəsimi polisinin müstəntiqi Müşfiq Qubadov T.Kərimovu dindirdikdən sonra işin obyektiv araşdırılacağına söz versə də, sonradan məlum olub ki, işi Nəsimi prokurorluğuna göndərən müstəntiq, yenidən Nuran xanımın “intihar komediyasını” əsas gətirərək, zərərçəkənin özünün əməllərində (!”) cinayət tərkibinin olub-olmadığını araşdırmağı tövsiyyə edib! “Sehirli əl” burada da öz işini görüb. T.Kərimov deyir ki, bir sözlə, yenidən əvvəlki ssenari işə salınaraq, onun oğurlanan puldan əl çəkməsi üçün növbəti təzyiq metodundan istifadə olunur.

Nuran xanımla bağlı daha bir şikayət...

T.Kərimov 2 aya yaxındır Bakı Şəhər Baş Polis İdarəsinə göndərdiyi məktubdan cavab gözləyirmış. Bir neçə gün əvvəl onu, nəhayət, şəhər polisinə çağırıblar. Orada məlum olub ki, Nuran Səməndərova və İlqar Təhməzovla bağlı daha bir şikayət var (Belə yerdə deyirlər ki, "qızda fərasətə bax..."-red.). Sən demə, Həsən adlı bir şəxs də Nuran Səməndərova və İlqar Təhməzov tərəfindən aldadılaraq, külli miqdarda pulunun mənimsənilməsindən şikayət edib. Məlum olub ki, həmin şəxs də on minlərlə dollar vəsaitinin aldadılaraq alındığını və geri qaytarılmadığını bildirib. İndi T.Kərimov bu işlərin birləşdiriləcəyinə və nəhayət, həmin şəxslərin dələduzluğuna düzgün hüquqi qiymət verləcəyinə ümid edir.

Bununla yanaşı, T.Kərimov Nəsimi Polisinin müstəntiqi Müşfiq Qubadovun Nəsimi Prokurorluğuna göndərdiyi qərardan da şikayət edib və həmin şikayətə prokurorluqda baxılır. O, ümid edir ki, prokurorluq yenə işə obyektiv yanaşaraq, geri qaytaracaq və ədalətin təmin olunmasına nail olacaq.

Hələ əvvəlki yazımızda T.Kərimov tərəfindən bizə təqdim edilən nömrəylə Nuran xanımla əlaqə yaratmağa çalışsaq da, abonentin nömrəsi söndürülmüşdü. T.Kərimov deyir ki, N.Səməndərova “intihar etdiyi” gündən bəri həmin nömrə cavab vermir. Ona görə, bizim də qarşı tərəfin mövqeyini dərc etmək cəhdimiz alınmamışdı. Yazı dərc olunandan sonra isə Nuran xanım özü redaksiyamızla əlaqə saxlayaraq, tam anlaşılmayan formada olsa da, etirazını bildirdi. Onun iddiasına görə, əksinə, T.Kərimovun ona 200 min dollar (!) borcu var. Lakin bizim “bir halda ki, siz ondan telefon götürmüsünüz, necə olub ki, Teymur Kərimov sizə 200 min dollar borclu düşüb” sualımıza Nuran xanım əsəbi şəkildə cavab verdi ki, bunun bizə aidiyyatı yoxdur, onu istintaq araşdıracaq.

Biz də öz növbəmizdə onun mövqeyini dərc etməyə hazır olduğumuzu bildirərək, açıqlama verməsini təklif etdik. Lakin Nuran xanım nədənsə, buna razı olmadı.

Buna baxmayaraq, biz yenə də, yazıda adları keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

CAVİD

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar