DTX "REKET JURNALİST" ŞƏBƏKƏSİNİ İFŞA ETDİ! - Mahmudovçu cinayətkar şəbəkəyə ağır zərbə

dtxQabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılarkən Azərbaycan ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmış, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.

"Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir" - DTX-nın İctimai əlaqələr şöbəsinin məlumatında belə deyilir.

Eldar Mahmudovun işdən azad olunması və MTN-də başlayan həbslərdən sonra sözügedən şəbəkənin də ifşası gözlənilən idi. Məsələ ondadır ki, Surxay Əliyev və onun dəstəsinin sabiq MTN-çilər, bir qədər də konkretləşdirsək, MTN-nin Antiterror Mərkəzinin rəhbərliyi tərəfindən himayə olunan 3 əsas qruplaşmadan biri olduqları heç kimə sirr deyildi. Bu dəstə açıq şəkildə yuxarıda sadalanan fəaliyyətlə məşğul idi. Mətbuat Şurası, o cümlədən hüquq-mühafizə orqanlarının digər qolları isə bu cinayətkar fəaliyyətin qarşısının alınması üçün heç bir təsirli tədbir görə bilmirdi.

Eldar Mahmudovun "vurulmasından" keçən 1 il ərzində mətbuatdakı MTN-çi çetenin öz fəaliyyətini davam etdirməsi isə təəccüb və suallar doğurmuşdu. Hətta bu anlaşılmazlıq belə bir rəyin möhkəmlənməsinə də yol açmışdı ki, mətbuatdakı şantajçı MTN şəbəkəsini indi də hansısa başqa bir dövlət orqanı öz himayəsinə alıb və ondan istifadə edir. Lakin DTX-nın bu şəbəkənin ən odioz fiqurlarından olan Surxay Əliyevə qarşı əməliyyatı bu rəyin əsassız olduğunu üzə çıxardı. Görünür bu şəbəkə ilə məşğul olmaq üçün DTX-ya bir qədər vaxt lazım imiş...

Yeri gəlmişkən, Surxay Əliyev keçmiş MTN-çilərlə yanaşı Dövlət Yol Polisi İdarəsinin müxtəlif vəzifəli şəxsləri ilə də gizli işbirliyi içində idi. Bəzi məlumatlara görə, S.Əliyevin əsas gəlir qaynaqlarından biri məhz DYP idi - hətta ona samballı məbləğdə "aylıq" verildiyi haqda da söz-söhbətlər dolaşırdı. S.Əliyevin özünü DYP-nin mətbuatdakı himayədarı kimi aparması da bu söz-söhbətlərin əsassız olmadığını göstərirdi.

S.Əliyevin həyat tərzi - mindiyi bahalı maşınlar, Azərbaycan Nəşriyyatındakı ofisinin yüksək səviyyəli təmiri və bahalı mebellə təchizatı, köməkçilər, katibələr saxlaması haqda söhbətlər isə Azərbaycan jurnalistikasının xüsusi maraq göstərdiyi mövzulardan biri idi.

Bu şəbəkənin MTN-çi himayədarları ilə birlikdə öz qurbanlarından aldığı məbləğlər isə, deyilənə görə çox vaxt 6 rəqəmlə ifadə olunan məbləğlər olurdu.    

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar