DTX-DAN "NƏŞRİYYAT"DA İKİNCİ ƏMƏLİYYAT - Şantajçı baş redaktor qandallandı!

Bu gün axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) çoxsaylı qəzet, jurnal və saytların yerləşdiyi "Azərbaycan" nəşriyyatında daha bir əməliyyat keçirib.

Strateq.az xəbər verir ki, əməliyyat zamanı "Azərbaycan" nəşriyyatının 8-ci mərtəbəsində özünə bir neçə otaq kirayələmiş “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev DTX əməkdaşları tərəfindən qandallanaraq, aparılıb.

Hələlik hər hansı rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, Habil Vəliyevin həbsi bir neçə gün əvvəl DTX-nın jurnalist adı altında vətəndaşlardan şantaj və təhdidlə pul tələb edən dəstənin zərərsizləşdirilməsi üçün başlatdığı əməliyyatın davamıdır. 

Xatırladaq ki, yayılan məlumatlara görə, bu gün həbs edilən Habil Vəliyevlə bir neçə gün əvvəl həbs edilən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevarasında "birgə əməkdaşlıq"dan əlavə, həm də kirvəlik münasibətləri olub, hər ikisi uzun müddət böyük bir "reket jurnalist şəbəkəsi"nə başçılıq edib.

Onu da xatırladaq ki, Habil Vəliyevin rəhbərlik etdiyi qəzetin adı bir neçə dəfə Azərbaycan Mətbuat Şurasının "qara siyahısı"na salınıb və naməlum səbəblərdən çıxarılıb. Hətta "reket baş redaktor"un buna etiraz olaraq, Mətbuat Şurasının iclas salonuna belində silahla girdiyi, Şura rəhbərliyini kompromatlarla təhdid etdiyi haqda da o vaxt xəbərlər  yayılmışdı. Çox maraqlı idi ki, onunla bağlı çoxsaylı şikayətlərin olmasına baxmayaraq, barəsində bu günədək hər hansı tədbir görülmürdü. Bildirilirdi ki, hər iki "baş redaktor" MTN-nın həbsdə olan keçmiş generallarının şantaj şəbəkəsində xüsusi yer alan isimlərdir və açıqca himayə olunurlar…

Son iki əməliyyatdan görünür ki, DTX bu şəbəkənin kökünün kəsilməsi istiqamətində hərəkətə keçib.

***

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub. Moderator.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanan H.Vəliyev vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir. Təsdiqlənməmiş məlumata görə, H.Vəliyevi Dövlət Təhlükəsizlik Xidməti (DTX) saxlayıb. 

Xatırladaq ki, keçmiş MTN-nlə əlbir olub rekertçiliklə məşğul olan mətbuat orqanları arasında "Gündəlik Bakı" qəetinin də adı hallanırdı.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən bir neçə şəxs də rekertçilikdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər. İstisna deyil ki, H.Vəliyevin həbsi sözügedən əməliyyatın davamıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar