"HÖKUMƏTİN PİS İŞLƏYƏN ÜZVÜNÜN ADINI ÇƏKİN" - Siyavuş Novruzovdan çağırış

MİlliMeclissAzərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə" layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra irad və təklif səsləndiriblər.

APA-nın məlumatına görə, deputat Rafael Cəbrayılov bildirib ki, əmək pensiyalarının hesablanması ilə bağlı ciddi problemlər var. Bu problemlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır: “İnsanlar məhkəmə çəkişməsində udduğu pensiya məbləğini almaqda çətinlik çəkir”.

Deputat bildirib ki, indiki çətin iqtisadi böhran şəraitində işsiz ailələrə ünvanlı sosial yardımın verilməsi təmin edilməlidir: “Elə ailələr var ki, evinə əməkhaqqı daxil olmur. Bu cür ailələrə kömək etmək lazımdır. Çünki ölkədə işsizlik problem var”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, ünvanlı sosial yardımların verilməsində neqativ hallar var. O qeyd edib ki, bir vaxtlar ünvanlı sosial yardım verilən şəxslərin siyahısının internetdə yerləşdirilməsi barədə məsələ qaldırılıb: “Amma bu məsələ reallaşmadı. Bir çox qurumda şəffaf kadrların yerləşməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan kimi olsun. Həqiqətən, Səlim Müslümov bu quruma rəhbər gətiriləndən sonra burada müsbətə doğru ciddi addımlar atıldı, şəffaflıq gücləndirildi. Amma ümumi baxsaq, hər yerdə 100 faiz şəffaflıq mümkündürmü? Biz ünvanlı sosial yardımı kəsməklə şəffaflıq əldə edəcəyikmi? Əksinə ciddi narazılıqlar yaranar. Təklif edirəm ki, ehtiyac meyarının minimumu yaşayış minimumuna çatdırılsın, heç olmasa 135 manat olsun. Rayonlarda sosial problemli ailələr çoxdur, rayonlarda, kəndlərdə mağazalarda nisyə dəftərlərinin qalınlığı buna sübutdur. Hazırda iş yerlərini itirən insanlara sosial müavinətlər verməliyik ki, cəmiyyətdə ciddi gərginlik yaranmasın”.

Q. Həsənquliyev çıxışlarda diqqətli olunmasını təklif edib: “Deyirlər ki, hökuməti əvvəllər tərifləyənlər niyə indi tənqid edirlər? Mən hər zaman hökumətin müsbət addımlarını tərifləmişəm, mənfi hesab etdiklərimi isə tənqid etmişəm. Burda nə var ki? Məsələyə belə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü parlamentlərdə olur. Bu səbəbdən danışanda diqqətli olmalıyıq”.

Deputat Fazil Mustafa isə deyib ki, ölkədə işsizliyin səviyyəsi artır: “Pay torpaqlarına malik vətəndaşların böyük əksəriyyəti öz torpaqlarından istifadə etmir. Bunlar da gizli işsizlər ordusunda yer alırlar. Tikinti sektorunda çalışanların da böyük hissəsi bu sıradadır. Ödənişsiz məzuniyyətə göndərilənlərin əksəriyyəti işsiz qalıb. İşsizlik ölkəmiz, milli təhlükəsizliyimiz üçün ciddi təhlükədir. İşsizlik nəticəsində kriminal sahəyə və narkomaniyaya axın olur. Ona görə də orta aylıq əmək haqqı bizi aldatmamalıdır”.

F. Mustafa diqqəti uşaqların xərclərinə yönəldib: “Bir uşağın təminatı üçün lazım olan ərzaq və digər vəsaitlər o qədər bahadır ki, ailə bunun öhdəsindən gələ bilmir. Bir məktəbli uşağın aylıq xərci 300-400 manatı keçir. Çox sayda xəstə uşaq var ki, valideynləri vəsait tapıb onları müalicə edə bilmirlər”.

Deputat ölkə büdcəsi ilə bağlı təqdimatın yeni formasına keçilməsini təklif edib.

S. Novruzov çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyevin tənqid və təklifləri ilə bağlı münasibətini bildirib.

Deputatın sözlərinə görə tənqidin və təklifin fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir: “Çünki iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin də forması olmalıdır. Misal üçün hökuməti tənqid edirsiniz, lakin burada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu müdafiə edirsiz. Nəzərə alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür.

Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də söz konktret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın.

Bu gün hər kəs Dövlət Sosial Müdafiə Fondu haqqında fikirlərini bildirirsə, kənd təsərrüfatı və ya digər sahələrlə bağlı fikirlərini konkret səsləndirməlidir. Çünki hökumətin həm yaxşı həm də pis işləyən üzvü var. Pis işləyən üzvünün adını çəkin və münasibətlərinizi də o cür qurun.”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar