"Qara bazar" passivləşib"

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev son zamanlar "qara bazar"ının aktivləşməsi ilə bağlı səslənən fikirlərlə razılaşmır. "APA-Economics"ə açıqlamasında Z. Nuriyev qeyd edib ki, "əksinə, son günlər "qara bazar" bir qədər passivləşib".

"Bir müddət əvvəl "qara bazar" aktivləşmişdi. Lakin son günlər bizim apardığımız müşahidə onu göstərir ki, "qara bazar"ın aktivliyi nisbətən azalıb", - deyə o bildirib.

ABA prezidentinin sözlərinə görə, dövriyyədə olan manat kütləsinin azalması valyuta bazarına da təsir edib.

Z. Nuriyev banklar tərəfindən dollar satışının məhdudlaşdırılmasına və dayandırılmasına da münasibət bildirib: "Rəsmi statistikaya nəzər salsaq görərik ki, ölkəyə idxal olunan malların həcmi azalmayıb. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, banklar tərəfindən valyuta hərraclarında alınan dollar kütləsinin böyük əksəriyyəti idxalla məşğul olan sahibkarlara satılır, o cümlədən xarici öhdəliklərin yerinə yetirilməsinə yönəlir. Hətta banklar sahibkarların dollara olan tələbatını da tam ödəyə bilmir. Banklar valyuta istehsalçısı deyillər. Bu səbəbdən, banklar valyuta alqı-satqısı prosesində yalnız vasitəçilik edir. Əgər banklar bu gün tam şəkildə öz funksiyalarını yerinə yetirirsə, lakin valyuta bazarda bir əmtəə olaraq bazarda yetərincə həcmdə deyilsə, banklar buna qarşı hər hansı imkan görmək imkanında deyillər. Bir daha təkrar edirəm ki, banklar vasitəçilik funksiyasını yerinə yetirir. Məsələni bu cür qoymaq lazımdır - valyuta varmı, bank onu satsın və gəlir əldə etsin?"

Dollar kütləsinin "qara bazar"a hansı kanallarla çıxması ilə bağlı suala Assosiasiya rəhbəri bu cür cavab verib: "Məncə bu suala nəzarət orqanları cavab verməlidir. Tənzimləyicilər tərəfindən banklara nəzarət gücləndirilib, müvafiq monitorinq tədbirləri həyata keçirilir. Banklar tərəfindən "qara bazar"a dollar kütləsinin çıxmaması ilə bağlı müəyyən tədbirlər görülür".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar