Azərbaycan indiyədək İsraildən 5 milyard dollarlıq silah alıb!

“İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır”. APA-nın xəbərinə görə, bunu dekabrın 13-də prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirib: “Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik”.

Prezident ikitərəfli əlaqələr, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələlərin müzakirə edildiyini bildirib: “Müzakirələr çox açıq, dostluq şəraitində keçib. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək.

Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab Baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var”.

Prezident İlham Əliyev turizmin potensial inkişaf üçün əsas sahələrdən biri olduğunu bildirib: “Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var”.

“Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”, - deyə prezident qeyd edib.

Prezident iki xalq arasındakı əlaqələrin ikitərəfli əməkdaşlığın mühüm hissəsi olduğunu qeyd edib: “Çünki Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Mərhum Prezident Şimon Peres bizə videomüraciət ünvanlamışdı. Mən şadam ki, cənab Baş nazir bu Təhsil Mərkəzinə baş çəkmək və yəhudi icmasının nümayəndələri ilə görüşmək üçün sıx qrafikində vaxt tapıb.

Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə - Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də - 25 illik müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir. Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun dininə və ənənələrinə olan hörmətdən başlayır. Yeri gəlmişkən, demək istərdim ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada multikulturalizmin beynəlxalq mərkəzlərindən biri kimi tanınır. Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi təbliğ edir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Lakin yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar