QANIN DİKTƏSİ

XeyberXeybər GÖYALLI

Araz Əlizadə yenə danışdı. Danışdı deyəndə, yenə həmişəki kimi gül vurdu. O da var ki, Əlizadə tez-tez (bəlkə də, lazım olanda) aranı heysiyyata toxunan atmacaları ilə (bilərəkdən) qarışdırır. Amma o da var ki, Araz Əlizadəyə həmişə də layiqli cavab verilir. Özü də bu cavablar həmişə kifayət qədər sərt olur.

Amma o, hələ də köhnə arabasını sürür. Millətə vəkillik etməsə də, parlamentdə oturur. Amma millət vəkilləri ilə bir yerdə otursa da, demək olar ki, vaxtaşırı milləti yamanlayır. Yamanlayır deyəndə, çox yumşaq çıxır. Əslində, Araz Əlizadə Azərbaycan türklərinin mənəvi dəyərlərini hədəfə alıb, özü də məqsədli şəkildə. Bir dəfə Azərbaycan Respublikasının Dövlət Himnini “qaraladı”. Professional musiqi nəzəriyyəçisi kimi minor və majordan danışdı. Ardınca Azərbaycanın əfsanəvi qəhrəmanı Koroğlunu və ermənilərə öz zamanında qan uddurmuş xalq qəhrəmanı Qaçaq Nəbi, onun ömür-gün və səngər yoldaşı olan Həcəri yolkəsən, qaçaq–quldur adlandırdı.

Bu dəfə də parlamentə dəxli olmayan məsələdən söz açıb (Parlamentdə yox, hardasa bir müsahibəsində gül vurub. Müsahibəsindən xəbərim yoxdur. Yazılana görə, həmin müsahibədə Araz Əlizadə yenə millətin bostanına daş atıb). Araz Əlizadə bilməmiş olmaz, parlament sözünün mənası elə danışmaq deməkdir, parlament elə danışmaq yeridir. Araz Əlizadə parlamentdə oturduğuna görə bir neçə mətləbə baş vurmaq istəyirik. Axı o, sıradan biri deyil, ona deputat mandatı verilib. O da millətə gərək nəsnələrdən danışmaq əvəzinə, millətə qıpqırmızı böhtan yağdırır. İlin-günün bu vədəsində durub deyir ki, Azərbaycan türkləri hind-Avropa mənşəlidirlər. Araz Əlizadənin uzun illər düşüncəsini, danışdığı söz-söhbəti müşahidə edənlər üçün burada heç bir təəccüblü nəsnə yoxdur. Axı o, həmişə elə belə danışıb. Amma budəfəki danışığına ən yüksək səviyyələrdə cavab verilməlidir. Çünki Araz Əlizadə bu mülahizəsi ilə Azərbaycan dövlətçiliyinə və Azərbaycan tarixinə açıq-aşkar böhtan atıb. Müasir Azərbaycan dövləti rəsmi şəkildə özünü türk ideologiyası üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edibdir. Araz Əlizadənin tarixin zibilxanasına atılmış cəfəng iqrarçı “bazisi” yenidən gündəmə gətirməsinə təsadüfi baxmaq olmaz. Türklərin düşmənləri heç vaxt yatmırlar, daha doğrusu, yata bilmirlər, gecə-gündüz dəyirmanlarını işlədirlər. Bu köhnə dəyirmana da su tökənləri hər zaman hər yerdə tapırlar.

Araz Əlizadənin yenidən gündəmə gətirdiyi mövzu - Azərbaycanda yaşayan əhalinin antropoloji mənşəyi, genelogiyası çoxdan birdəfəlik elmi həllini tapıb. Bunu deputat olan şəxs bilməmiş olmaz. Azərbaycan türkləri bu məmləkətin aborigen əhalisidir. Azəri adlı millət yoxdur. Azərbaycan ərazisində yaşayanlar qeyri-rəsmi olaraq qonşu ölkələrin əhalisi tərəfindən “azərilər” adlandırılır.

Araz Əlizadə həmin müsahibəsində bir gül də vurub. Onun versiyasına görə, ilk klassik musiqini 60-cı illərdə Niyazi, operanı Lütfiyar İmanov gətirdi. Elə beləcə deyib. Görünür, dünya musiqisinə cahanşümul əsərlər bəxş edən Üzeyir bəyi görmək istəmir. Yəqin, elə bu səbəbdən Azərbaycan Dövlət Himnini təftiş edirmiş. Xatırladırıq ki, 1908-ci ildə Üzeyir bəy “Leyli və Məcnun” operası ilə Şərqdə operanın təməlini qoymuşdur. Yenə böyük düha sahibi Üzeyir bəy Araz Əlizadənin qaçaq–quldur adlandırdığı əfsanəvi qəhrəmanımız Koroğlunun şərəfinə 1937-ci ildə klassik operanı ustalıqla yaratmışdır. Niyazi və Lütfiyar İmanov Üzeyir bəyin xələfləridir.

Bir də hər kəs öz adından danışır. Səhv etmirəmsə, Lev Qumilyovun sözüdür, məzmunu belədir: hər kəsin damarlarından axan qan, onun hansı millətdən olduğunu diktə edir. Bu səbəbdən hər kəsin öz xalqını sevməsi təbiidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar