“Bank of Azerbaijan” niyə çökdürülür? – 34 milyon manat təhlükədə!

Bankın sahibi Hafiz Məmmədov (“Hafka”) hakimiyyətin radikal sanksiyalarına məruz qalıb, banka qoyulan 34 milyon manatlıq əmanətlər batmaq təhlükəsi ilə üzləşib

Ölkənin iri banklarından sayılan “Bank of Azerbaijan” son günlərini yaşayır. İki il öncə “Royalbank”-da yaşananlar indi bu bankda təkrarlanır. Mediada yayılan məlumatlara görə, son bir neçə gündə “Bank of Azerbaijan”da kütləvi ixtisarlar aparılıb. Ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi isə bankda ciddi maliyyə problemlərinin yaşanması göstərilir.

Qeyd edək ki, 2013-cü ilin yanvarına qədər bankın əsas səhmdarı Ziya Məmmədovun oğlu Anar Məmmədov olub – vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan “ZQAN Holding”-in (indi adı dəyişərək “Qarant-holding” olub) tərkibində idi. 2013-cü ilin yanvarında isə, A.Məmmədov səhmlərini “Bağlan Group”un rəhbəri, “Hafka” ləqəbli Hafiz Məmmədovun oğlanlarına satıb. Hazırda bankın səhmləri belə bölüşdürülüb: Məmmədov Kənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Mübariz Məcid oğlu 6 030 000 AZN(12,07%) NEM Holdinq 335 000 AZN (0,67%). A.Məmmədov səhmlərini H.Məmmədovun oğlanlarına satandan sonra bank Qarant-holding-in tərkibindən çıxıb. Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.

Onu da qeyd edək ki, “Bank of Azerbaijan”-nın baş ofisi yayılan xəbərləri təkzib edən bəyanat yayıb. Bəyanatda bildirilir: “Anonim mənbələrə istinadən “Son bir neçə gündə “Bank of Azerbaijan”da kütləvi ixtisarlar aparıldığı və ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxsin işdən çıxarıldığı və buna səbəb kimi bankın ciddi maliyə problemləri yaşadığı göstərilir. “Bank of Azerbaijan” adından rəsmi olaraq bildirmək istəyirik ki, dərc olunan bu məlumatlar və orada yer alan fikirlər həqiqətə uyğun deyil. “Bank of Azerbaijan”-nın müflis olması üçün heç bir əsas yoxdur. Bankın vəziyyəti stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bildirmək istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır. “Bank of Azerbaijan” Mərkəzi Bankın tələblərinə uyğun olaraq nizamnamə kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu kapitalı isə 50,426 milyon manat təşkil edir.

Bunları nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu tipli məlumatlar şayiədən uzağa getmir. Bankımızın maliyyə vəziyyəti sabitdir. Biz müştərilərimizi tam əmin edirik ki, vahimə və təlaşa heç bir əsas yoxdur”.

Anaq mysavat.com qeyd edir ki, bankın rəsmi təkzibi də yayılan xəbərlərin ciddiliyini azaltmır. Və ortaya ziddiyyətli məqamlar çıxarır. Birincisi, xəbər yalan idisə, niyə təkzib dərhal sonra yox, 48 saatdan sonra verildi?

Hətta mayın 7-də günün ikinci yarısında bankın rəsmi mövqeyinin açıqlanacağı gözlənilirdi. Ancaq rəsmi mövqe ilə bağlı tərəddüdlər üzündən təkzib daha 24 saat gecikməli oldu. Halbuki normalda bu məlumatlara anındaca reaksiya verilməli idi. Çünki bu kimi xəbərlər hətta yalan olsa belə, bankların imicini zədələyir və onlara etimadı azaldır. Ancaq bank buna əhəmiyyət verməyərək 48 saat fikirləşməli oldu.

İkincisi, bankın maliyyə göstəricilərinin pozitiv olması onun bağlanmayacağına təminat vermir. Əgər “Bank of Azerbaijan” bankların reytinqində ilk 15-liyə daxil idisə, “Royal Bank” ilk 10-luğa daxil idi. Ancaq bu, “Royal Bankı” lisenziyasının ləğv edilməsinə mane ola bilmədi. Yeri gəlmişkən, “Royal Bank”ka bağlı da bağlanma ərəfəsində belə məlumatlar yayılır, bank isə bunu israrla təkzib etməyə çalışırdı. Deməli, məlumatlara bir qədər ciddi yanaşmaq lazım gəlir və banka qoyulan 34 milyon manatlıq əmanətlər gerçəkdən təhlükədədir. Üstəlik də bankın korporativ müştərilərinin hesabları təhlükə altındadır.

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Royal Bank”da olan 56 milyon manat əmanətdən 40 milyon manatı və ya 71 faizi batmış, bank hesabları bağlanmışdı. Bu qəfil qərar bankın müştərilərinə çox baha başa gəlmişdi. Üstündən 2 il keçsə də, hələ də əmanətçilər pulunu geri ala bilməyiblər. İndi eyni aqibəti “Bank of Azerbaijan”nın müştəriləri yaşaya bilər.

Bankın çökdürülməsinin səbəbi nədir? Axı bankın maliyyə göstəriciləri pozitivdir. Minimum nizamnamə kapitalının həcminə görə, “Bank of Azerbaijan” 42 bank arasında 29-cu yerdədir – 50 milyon manat. Bu göstərici üzrə ən pis durumda olan banklar bunlardır. “AzərTürkBank” (16,3 milyon manat), “AtraBank” (11,5 milyon manat) “AzərKreditBank” (4,3 milyon manat). Göründüyü kimi, “Bank of Azerbaijan” minimum nizamnamə kapitalının həcminə görə, sonuncu sırada qərarlaşan “AzərKreditBank”dan 12 dəfə yaxşı göstəriciyə sahibdir. Ancaq bağlanmaq təhlükəsi ilə sonuncu yox, “Bank of Azerbaijan” üzləşib. Bu o deməkdir ki, bankın sıradan çıxmasında bankın maliyyə göstəriciləri yox, siyasi mülahizələr əsas götürülüb.

Deməli, “Bağlan Group”un prezidenti Hafiz Məmmədovu çökdürülməsinə start verilib. Onun hansı səbəbdən sərt cəzalandırılması ilə bağlı məlumat yoxdur. Ancaq bəllidir ki, çox ciddi səhvə yol verdiyi üçün sanksiyalara məruz qalıb. Çünki belə radikal sanksiyalar ciddi səhvlərə görə tətbiq edilir. Belə sanksiyaların cəzasını isə heç bir günahı olmayan bank müştəriləri çəkir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar