Əlhavasına idarəetməyə hakim dəstəyi

XeyberXeybər Göyyallı

Diqqətli oxucu işdən haqsız çıxarılmağımı yenidən gündəmə gətirdiyimə görə, yəqin ki, məni qınamaz. Az-çox canında-qanında haqq sevgisi daşıyanlar bu məsələdə haqq-ədalətin yanında olarlar. Haqsızlıqla barışmadığım üçün yenidən publikaya üz tutdum.

Mən Dövlət İdarəçilik Akademiyasından (DİA) əmək kitabçamı götürdükdən sonra tənbəllik etməyib müstəqil Azərbaycan Respublikasının yenilənmiş Əmək Məcəlləsi ilə tanış oldum. Nə görsəm, yaxşıdır? Gördüm ki, ey dadi bidad, DİA-nın rəhbərliyi tərəfindən bir neçə zırpı səhvə yol verilib. Əmək Məcəlləsinin 69-cu maddəsinin bir neçə bəndi bilməyərəkdən pozulub. Durum deyim, qəsdən belə ediblər - mən ədalətsiz adam deyiləm. Sadəcə olaraq, bu işlərdən bixəbərdirlər. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, mən və mənimlə işləyən digər şəxsi iradəmizin əksinə olaraq, təzyiqlə ərizə yazdırıb işdən çıxardılar. Bununla Əmək Məcəlləsinin 69-maddəsinin 7-ci bəndi pozulub. İşdən çıxarılmağım barədə bircümləlik ərizəmi təkid və təzyiqlərdən sonra 11.10.2016-cı il tarixində vermişəm. Bu ərizəni bəzi milli dəyərləri göz önünə gətirərək yazmışam. Güman etdim ki, rektor ağsaqqal adamdır, əsəbiləşib, bir neçə adamıın yanında bizim işdən çıxmağımızı elan edib, yəqin, sonra məsələni araşdırar. Jurnaldakı sürüşmənin əsl günahkarının kim olduğunu müəyyən etdikdən sonra hər şey qanun çərçivəsində ədalətlə həll olunar. Əfsuslar olsun ki, mən gümanımda yanıldım. Ərizəmiz alınandan ikicə gün sonra - 13.10.2016-cı il tarixində bizi işdən azad edib.

İşdən rəsmi azad olunmağımı isə 2016-cı il oktyabrın son günlərdə əmək kitabçamı götürəndə bilmişəm. Bununla da DİA-nın rəhbərliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4 və 5-ci bəndlərinin tələblərini yenə bilməyərəkdən (yəqin, bilsə idilər, belə etməzdilər) kobudcasına pozubdur. Adıçəkilən məcəllənin 69-cu maddəsinin 4-cü bəndində birmənalı şəkildə göstərilir ki, ”əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz”.

Mən 31.10.2016-cı il tarixində işə bərpa olunmağım barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının Redaksiya Şurasının Sədri cənab Ramiz Mehdiyevə və 04.11.2016-cı il tarixində isə DİA-nın rektoruna rəsmi ərizə ilə müraciət etmişəm. DİA-nın rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının Redaksiya Şurasının Sədri cənab Ramiz Mehdiyevə ünvanladığım müraciətə cavabında DİA-nın hüquqşünası V.Eldarovun adından bildirir ki, mən öz xahişimlə işdən çıxmışam. Yəqin ki, bu məqamda heç bir şərhə ehtiyac yoxdur.

İndi isə yenə qayıdaq DİA-nın rəhbərliyi tərəfindən bilməyərəkdən pozulan (əstağfürullah, qəsdən belə etməyiblər) Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə. Həmin maddənin 5-ci bəndində açıq-aşkar qeyd olunub ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Mənə təzyiqlə yazdırılmış bircümləlik ərizədə hansı gün işdən azad olunmağım qeyd olunmayıb. Bu da belə.

İndi DİA tərəfindən əmək kitabçamda işdən azad olunmaq barədə yazılmış bircümləlik qeydə diqqət yetirək. Adam burada əlini-əlinə vurub qəşş edir. Qoy olduğu kimi yazım. Həm inanın, həm də gülün.Olduğu kimi yazıram: ”AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilsin”.

Qeyd olunan bənddə tamam başqa motivdən söhbət gedir. Kimsə özünə əziyyət verib, vaxtını sərf edib Əmək Məcəlləsinin sözügedən bəndini oxumaya bilər, amma DİA-nın rəhbərliyi gec də olsa vaxt tapıb nəinki həmin bəndi, bütövlükdə AR ƏM-ni gözdən keçirsə pis olmaz. Ulularımız buyurub ki, öyrənmək heç vaxt gec deyil.

Mən işə bərpa edilməyimlə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin əməkdaşının qəbulunda olduqdan və Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra DİA rəhbərliyinin yenə hüquqşünas V.Eldarovun adından mənə ünvanladığı daha bir cavab məktubunu aldım. Sözün düzü, bu dəfə mənə verilən cavab inanılmaz dərəcədə çox fərqli idi. Bu dəfə cavab məktubunda yazırdılar ki, DİA-nın nəşriyyat bölməsi və iki ştat mütəxəssis vəzifəsi ləğv edilmişdir. Bu qərəzli formada özünümüdafiə deyilmi?! Bu aqressiyanın pik həddi deyil, bəs nədir? DİA-nın professor-müəllim heyəti çox cüzi bir texniki avadanlıqla nəşriyyat şöbəsinin gördüyü işləri həmişə yüksək qiymətləndiriblər. Ən ümdəsi, elmi mərkəz missiyasını daşıyan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında uzun illərdir Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qeydiyyatdan keçirilmiş və onun nəşrləri sırasına daxil edilən “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalı nəşr olunur. Bu jurnal DİA-nın nəşriyyat şöbəsi tərəfindən nəşrə hazırlanır.

Bütün bunlardan sonra adam şübhə etmir ki, DİA-nın rəhbərliyi sırf özünəməxsus “əmək məcəlləsi” ilə fəaliyyət göstərir. İndi buna əlhavasına idarəetmə deməyib, nə deyəsən?! Güman ki, nəşriyyat şöbəsinin ləğvindən sonra DİA-nın təsərrüfat şöbəsi bir az da gücləndiriləcəkdir. Başqa cür adam güman etmir.

Azərbaycan Respublikasının heç bir elmi mərkəzində bu praktika yoxdur. Əksinə, ölkənin bütün ali təhsil müəssisələrində nəşriyyat- poliqrafiya strukturları fəaliyyət göstərir və təhsil ocaqlarının rəhbərliyi tərəfindəın birbaşa elmin inkişafına xidmət göstərən bu instituta xüsusi diqqət yetirilir. Böyük ehtimalla deyirəm ki, DİA-nın rəhbərliyi mənim işə bərpa olunmağıma sona qədər inadkarlıq nümayış etdirərək belə bir islahata rəvac vermişdir. Bu islahatın nə qədər qanuni olduğunu əlaqədar qurumlar araşdırsa, daha yaxşı olar.

Yuxarıda qeyd etdim ki, DİA-nın rəhbərliyi tərəfindən verilmiş bir əmrdə bu qədər qanun pozuntusunu gördükdən sonra qanunun aliliyinə güvənib Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Qarşı tərəfin hüquqi baxımdan əlində heç bir tutarlı arqumenti olmasa da, Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov hansı səbəbdənsə iddiamı təmin etmədi. Heç bir hüquqi əsas gətirmədən bircə onu bildirdi ki, iddianız təmin olunmur. Sonra nə düzülüb-qoşulacaq onu bilmirəm. Bu gün elan etdiyi (qətnamədə nə yazacağını hələ bilmirəm) qətnamə ilə hakim Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq tələblərini pozmuş DİA-nın rəhbərliyini açıq formada dəstəklədi. Mən bilmirəm ki, hakim hansı əsasla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini kobudcasına pozulmuş tərəfi müdafiə etdi? Yəqin, bu işdə mənim bilmədim çox şeylər var.

Mən çoxlarından fərqli olaraq, öz vicdanım qarşısında çox rahatam. Mən bu dünyaya BÖYÜK BİR GÖZÜN-ALLAHIN baxdığına əminəm. Hamımız bilirik ki, haqq-ədalətin yolu hamar olmur. Onu da hamımız bilirik ki, sonda haqq qalib gəlir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar