"Araşdırmalarımı sübut etməyə hazıram"- Xədicə Ismayıl

"Mən rəsmi sənədlərlə işləyirəm, həmin sənədləri dərc edirəm, xarici ölkələrin reyestrlərindən şirkətlərin sənədlərini tələb edirəm, alıram"

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin ITV-dəki teledebatlarda ortaya qoyduğu faktlar hakimiyyəti çox narahat edir. Buna görə də hər dəfə teledebatlarda Cəmil Həsənliyə qarşı bütün namizədlərin ittihamları artan xətt üzrə davam edir. Cəmil Həsənli ilk debatdan başlayaraq Ilham Əliyev ailəsinin ölkədən çıxardığı milyardların hesabın sordu.

Cəmil bəy Dubay mülkləri, ofşorlardakı şirkətlər, qızıl yataqları və digər faktların dövləti cinayət olduğunu bildirdi. Bundan sonra hakimiyyət sözçüləri Cəmil Həsənlini məhkəmə ilə hədələməyə başladılar və deyilənlərin əsassız olduğunu bildirdilər. Sonuncu debat zamanı YAP-ın icra katibi Əli Əhmədov deyilənlərin heç bir sübutu olmadığını, bu fikirlərə görə Cəmil Həsənlinin məhkəmədə cavab verməli olacağını bildirdi.

Milli Məclısin vitse-spikeri Ziyafət Əsgərov isə Cəmil Həsənlinin ölkədən qeyri-qanuni olaraq 48 milyard dolların çıxarılması barədə ittihamına belə cavab verib: “Bu qədər pulun adını çəkən adam ortaya elə sənədlər qoymalıdır ki, bunu sübut eləməlidir. Onun təqdim etdikləri isə sənəd deyil, hansısa ölkənin qəzetlərində dərc olunmuş əsassız materiallardır. Cəmil Həsənlinin əlində olan sənədlər kağız parçasından başqa bir şey deyil. Bu faktlar, sübutlar Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun gəlirsə, o vaxt bu barədə söhbət aparmaq olar”.

Əslində, deyilən faktlar araşdırmaçı jurnalistlərin uzunmüddətli fəaliyyətindən sonra məlum olub. Və bu faktlar haqqında dünyanın nüfuzlu qəzetləri dəfələrlə geniş məqalə yazıb.

Cəmil Həsənlinin ittihamlarına hakimiyyət mənsublarının verdiyi cavablarla bağlı araşdırmaçı jurnalist Xədicə Ismayıl da münasibət bildirib. Xatırladaq ki, Xədicə Ismayıl hakim ailənin gizli biznesi haqqında müxtəlif araşdırmaların müəllifidir. Xədicə Ismayıl bütün deyilənlərin həqiqət olduğunu və şəxsən özünün araşdırmalarını istənilən vaxt sübuta yetirə biləcəyini bildirdi: “Mənim araşdırmalarım yalan olsaydı, çoxdan məhkəməyə vermişdilər. Mən rəsmi sənədlərlə işləyirəm, həmin sənədləri dərc edirəm, xarici ölkələrin reyestrlərindən şirkətlərin sənədlərini tələb edirəm, alıram, araşdırmalarımı dərc edirəm. Işlədiyim redaksiyalarda da bu məsələyə çox məsuliyətlə yanaşırlar və hər cümlənin arxasında bir sənəd dayanır. Dərc etdiyim araşdırmaların hamısı faktdır və bu araşdırmalarla bağlı yazılan hər cümləyə görə məsuliyət daşıyıram. Bütün bu korrupsiya faktlarını istənilən məhkəmədə sübut edə bilərəm. Bunu bildikləri üçün də məhkəməyə vermirlər”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar