Gürcüstanda həsəd aparmalı işlər

Niyə Qafqazın bu kiçik ölkəsi kimi tarixin zövqünə uyğunlaşa bilmirik?

Gürcü sürücünün azərbaycanlılara sualı: «O talançıya xalqınız niyə dözür?!»

Müqəddəs kitablarda insanın təbiətcə naşükür olması intensiv vurğulanır. Insan narazılıq etmək üçün həmişə əsas tapa bilir və deyim ki, bu, çox xoşuma gəlir. Inkişafın məhvərində elə bu narazılıq, əlində olanla kifayətlənməmək, daha yaxşıya can atmaq istəyi durur.

Biz dünyanın rifah içində yaşayan insanlarını da danışdırsaq, onlar “n” qədər məsələlərdən şikayətlənəcək; qidaların keyfiyyətsizliyindən tutmuş, vergilərin ağırlığına, hökumətin ədalətsizliyinədək.

Bir qayda olaraq, söz azadlığı boğulan, demokratiyanın ərşə çəkildiyi ölkələrdə insanlar narazılıqlarını gizlədir, onları ictimailəşdirməkdən qorxur və əksər hallarda, “xoşbəxt, şükrançı maska”sını taxırlar. Beləliklə, aydın olur ki, insanların narazılığını ifadə edə bilməsi, şikayətlənməsi (özü də evində, yorğan altında yox, ictimai formada) demokratiyanın əsas indikatorlarındandır.

Tiflisə - Milli Şuranın topantısına biz üç cəbhəçi - Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və mən gedirdik. Yolumuzun bir hissəsini - Bakıdan “Qırmızı körpü”yə qədər azərbaycanlı, “Qırmızı körpü”dən Tiflisədək olan hissəsini isə gürcü taksi sürücüsü ilə getdik.

Şahidəm, bir çox insanlar bəzən qiymətləndirmə zamanı adi bir məqaləni ciddi və yeganə əsas kimi götürürlər. Məsələn, bir yazı kifayət edir ki, adamlar ona əsaslanıb desin, filan ölkədə adamlar avaradır, oğrudur, yaxud humanist, tərəqqipərvərdir. Ölkələrə, orada yaşayan əhaliyə qiymət vermək ağır və gərgin təhqiqatların işidir. Müəllif olaraq, təmənnam budur ki, kimsə burada yazılanları mütləq həqiqət kimi qəbul etməsin; müxbirin yolüstü qeydləri kimi anlasın, bu, elmi araşdırma deyil, təsadüflər, yanılmaların da olması mümkündür. Ancaq ona da əmin olmalısınız ki, müəllif riyakarlıq etmir, gördüklərini və dəqiq müşahidələrini yazır.

60 yaş astanasında olan azərbaycanlı sürücü bizi əlbəttə ki, tanımırdı. Həm yolun uzunluğunun fərqinə varmamaq, həm də sadə insanların nə düşündüyünü bilmək üçün sürücü ilə həmsöhbət olduq.

Insanlar necə yaşayır? Iş yerləri varmı? Seçkilərdə nə edəcəklər? Bu kimi suallarımıza aldığımız cavab belə oldu: “Şükür Allaha, dolanırıq, pis deyil. Bundan da pis ola bilər. Mən neynəyə bilərəm ki? Əşii, belə gəlib, belə də gedəcək”.

Sürücü bizi tanımırdı, güman ki, bizi hansısa məmurla səhv saldı və ya avtoritarizmdən yetkin tərbiyə, dərs almış adam kimi, “siyasi səhvlərə” yol vermək istəmədi. Sir-sifətindən, elə danışığından da məzlumluq tökülən bu adam yaşadığı dərdi də dilə gətirə bilmədi.

***

Ikinci gürcü sürücü isə bizim xüsusi təşəbbüsümüz olmadan ölkəsindəki siyasi prosesləri çözdü, tökdü ortaya.

Saakaşvilinin islahatlarından söz açdı, səhiyyə, təhsil sistemi barədə fikirlərini bölüşdü. Ivanişvilinin başladığı işləri ümumi sözlərlə yox, detallarla izah etdi. Xülasə, bizə göstərdi ki, kölə deyil, vətəndaşdı, ölkədə baş verən hadisələri dərk edir, özünəxas analiz etməyi bacarır.

Haqqında danışacağım üçüncü sürücü də gürcü idi, o, məni sadəcə, heyrətləndirdi. Tiflis dəmiryolu vağzalına bizi aparan bu adam Mixail Saakaşvilini yerlə bir etdi. Hakimiyyətin insanları aldatmasından, büdcədən oğurluq etməsindən danışdı. Gürcü xalqının daha yaxşı hakimiyyətə layiq olduğunu dedi. Bununla da kifayətlənməyib, bizim tərəfə keçdi. Atasından hakimiyyəti miras alan Ilham Əliyevi də “asıb-kəsdi” və axırda bizdən soruşdu: “O talançıya xalqınız niyə dözür?!”

Burada sürücülərlə xudahafizləşək və ümumiləşdirək. “Saakaşvili Gürcüstana maddi olaraq nə verib?” mübahisəsinə qoşulmadan uca səslə onu demək olar ki, o, öz xalqına etiraz etmək, sözünü demək haqqını qaytarıb, vətəndaşlar bu hüquqdan istifadə edə bilir. Elə bilirsiniz bu balaca hadisədir?! Belə düşünürsünüzsə, öz ətrafınızda telefonla danışarkən “ayə, telefonuma qulaq asırlar, artıq-əskik danışma” deyənləri, ən məhrəm adamların əhatəsində siyasi mövzulardan pıçıldaya-pıçıldaya danışanları gözünüzün önünə gətirin.

***

Tiflis barədə sadə həqiqətləri yazıram, bunları nə qədər çox adam bilsə, bir o qədər faydalıdır. Gürcüstan, o cümlədən paytaxt Tiflis indiki halı ilə bizim üçün anti-rejim ədəbiyyatıdır. Onun öyrənilməsi, bu haqda məlumatların paylaşılması bizimkilərin həm qanını qaraldır, həm də xalqın oyanmasına vəsilə olur.

Gürcüstanda ucuzluqdu. Bunu siz ölkədə pulun azlığı ilə əlaqələndirirsinizsə, edin, haqsız olmayacaqsınız. Bəs buna sözünüz nədir, orada benzin bizdəkindən 2 dəfə baha olduğu halda, taksi xidməti 2 dəfə ucuzdur.

Tiflis təbii gözəldir, Bakı kimi saxta deyil. Bakının göz çıxaran təmtərağı, şadlıq sarayı estetikası orada yoxdur. Şəhəri mərmərlə doldurmayıblar, sadəcə, yaşıllıqları qoruyublar, ağaclarla zənginləşdiriblər. Ictimai nəqliyyat saat kimi dəqiq işləyir, Azərbaycan hakimiyyətinin milyonlar xərcləyib hələ işə sala bilmədiyi “nəqliyyatın intellektual idarə olunması” sistemi burada çoxdan fəaliyyətdədir.

Tiflisdə internet azad və pulsuzdur. Şəhərin ən müxtəlif guşəsində parol yerinə “Tiflis səni sevir” yazıb internetdən yararlana bilərsiniz.

***

Gürcüstan (daha dəqiqi, gürcülər ) dinə bağlılıqda Azərbaycandan çox irəlidədir. Mən bunu zahiri əlamətlərə görə yazıram, təbii ki, insanların qəlbinə girməmişəm. Dövlət bütün kəndlərin girişinə xaç basdırıb. Az qala, hamının üstündə müqəddəslərin fotosu, xaç var.

Bu hələ bir tərəfə, dəmiryolu vağzalının kassalarının hamısında ikona satıldığını gördüm. Bir anlıq təsəvvür edin ki, bizim kassalarda Mirmövsüm ağanın fotolarını satırlar, bu sizə necə gələr? Tiflis küçələrində gənc qara paltarlı, gülümsər keşişlər də boldu. Açığı, hələ aydınlaşdıra bilməmişəm ki, dinin belə populyarlığı gürcülərin ənənəsinə bağlıdır, yoxsa, hazırkı dini rəhbərlərinin çox böyük nüfuzuna.

***

Azərbaycan haqqında tez-tez səslənən “bizim ölkə mədəniyyətlərin qovşağında yerləşir” fikrinin Gürcüstana qarşı haqsızlıq olduğunu mən Tiflisdə dərk etdim. Burada doğrudan da mədəniyyətlər çulğalaşıb. Türklər, iranlılar, ingilislər, azərbaycanlılar, ermənilər Tiflisə öz təsirini göstərib və buna görə demək olar ki, əsas xidmət sahələrində rus, ingilis, türk dilində istəklərini dilə gətirə bilirsən, çünki səni başa düşürlər. Tiflisdə gənc nəsil, ümumiyyətlə, ingilis dilli böyüyür. Məktəblərdə Amerikadan gələn dil müəllimləri var və onların əməyi boşa getməyib.

***

Gürcülər tarixin nəbzini tutan, bəlkə də tarixi yöndən ən modabaz millətlərdəndir.

Keçən əsrin əvvəlində kommunizm ideyaları şahə qalxırdı, Stalin onun avanqardı oldu və gürcülərÿbunun bəhrəsin lap çox daddı.

Ikiminlərdə də liberal dəyərlərin tərənnümçüsü Saakaşvili çıxdı və bütün Avropa onun sayəsində gürcülərə gün ağladı.

Qısası, gürcülər kommunizmdən də, anti-kommunizmdən də uduşla çıxan azsaylı xalqlardandı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar