İSGƏNDƏR HƏMİDOVUN GÖZ YAŞLARI

Dərc olunub: 26/12/2016 - 13:18
|
Bölmə:
2164 dəfə baxılıb

Zamanın qürdətli kişilərini ağladan ölüm…

Evez_Zeynalli4Əvəz Zeynallı

Rəna xanımın əziz xatirəsinə ithaf edirəm

İndi zaman çox dəyişib. Ya da biz fərqli zamanlar görürük. Hər gün gördüyümüz, söhbətlərini eşitdiyimiz bu adamlar bir gün hakimiyyətin və Millətin Böyük Hərəkatının ön səflərində dayanmışdılar. O zaman da onlar əlçatmaz idilər. O zaman da onlar aylarla, illərlə yaxın, çox yaxın adamları ilə belə görüşə bilmir, görüşmür, hətta ən yumşaq formada desək, vaxt tapmırdılar. İndiyə qədər davam edib gələn umu-küsülər var hətta.

xxx

Rəna xanım Azərbaycan Milli Azadlıq Hərəkatının ən cəngavər, ədəbli, əxlaqlı, mübariz və xarakterli qadınlarından biri olub. Mən və bir çoxlarımız Onu elə tanıyırıq. Bir zamanların ən qüdrətli adamlarından biri olan İsgəndər Həmidovun qəhrini çəkib. General qadını olub, nazir qadını olub, amma Azərbaycan Onun haqqında artıq-əskik söz eşitməyib. Sonra ağır həbsxana illəri gəlib. Rəna xanım yenə mübariz və möhtəşəm qadınların etdiyi kimi siyasi mübarizəsini davam etdirib. Siyasi məhbus qadını ömrünü yaşayıb. Taleyin hökmünə “ufff” demədən boyun əyib.

xxx

Bir neçə dəfə İsgəndər bəylə müsahibə götürəndə, ya da bəzi önəmli söhbətlərimiz olanda evlərində olmuşam. Nəcib bir ana, istiqanlı bir bacı qədər hamının olduğu kimi, mənim də qulluğumda durub. Əlindən çay içib yemək yemişəm. Həmişə öz fikrinin olduğunu hiss etmişəm. Azərbaycan ictimaiyyətində də hər zaman belə müsbət obrazı olub Rəna xanımın. İsgəndər bəyi hər zaman motivə edib, yanında olub, ağıllı məsləhətləri ilə onu yalnız qoymayıb.

xxx

Son zamanlar İsgəndər bəylə görüşmək çətin olmuşdu. Onun zatən xasiyyətində var bir az da qeyri-dəqiqlik. Bəzi məsələləri müzakirə etmək üçün axtaranda bəzən İsgəndər Həmidovu tapa bilməzsən. Uzun müddət görüşmədik. Bir dəfə görüşəndə, “Rəna başımı yaman qatıb, qoy bir az rahatlayım, görüşərik, səninlə danışılacaq çox söhbətim var” dedi. Elə narahat idi ki. Mən onu heç bir zaman belə görməmişdim…

images

xxx

O, zamanın ən qüdrətli adamlarından biri olub. Boz Qurd kimi əfsanə olub az qala. Türkeşi belə saya salmayıb zamanında. Türkeş belə çəkinib ondan. Dünyanın ən nəhəng dövlətinin Daxili İşlər nazirinin əlini rədd edib, “mənim xalqımın qanına batıb” deyə. Bir başqa super dövlətinin prezidenti Klintonun andiçmə mərasimində söhbətə mövzu olub. Ordu qurub. İstəyəndə tank salıb kənd-kəsəyə. O qədər ki, zamanın prezidenti “İsgəndərin qorxusundan kim nə edə bilərdi?” deyəcək qədər uzağa gedib. Jurnalisti maşınının yük yerinə basıb aparıb az qala. Dövlət televiziyasının canlı efirinə basqın edib az qala. Kəsdiyi başın sorğu-sualı olmayıb. Adı gələndə göydə uçan quşlar qanad saxlayıb.

xxx

Zamanın bir başqa qüdrətli adamı Rahim Qazıyev olub. Müdafiə nazirimiz. Azərbaycanda adı gələn hər yerdə ümid yeri olub. Bütün cəbhəboyu əməliyyatlarda öndə olub. Dünyanın super dövlətinin Müdafiə nazirini atasının evinə qədər gətirib və onunla dost olub. Torpaqları azad eləməyin bircə addımlığında olub. Rusiyanın qorxunc ordusunu prezident Elçibəyin də dəstəyi ilə Azərbaycan torpaqlarından çıxarıb. Onun da kəsdiyi başın sorğu-sualı olmayıb. Qüdrətli adam olub Rahim Qazıyev.

xxx

Zamanın qüdrətli adamlarından bir başqası İsa Qəmbər olub. Ölkədəki gerçək prezident də demək olarmış ona. Bütün dizginləri əllərində tutan adam. Bütün ölkəboyu kadrları yerləşdirən, böyük oynayan və böyük düşünən tək adam. Zamanın Sürət Hüseynovu çıxmasaydı, zamanın Heydər Əliyevi gəlməsəydi, Azərbaycanın taleyi bir başqa cür olacaqdı. Bəlkə də İsa Qəmbər dövrü, bəlkə də İsa Qəmbər erası. Bəlkə də Elçibəyin sirrlərindən bəziləri də elə onlar idi?..

xxx

Rəna xanımın yasında zamanının bu qüdrətli adamlarının hamısı İsgəndər Həmidovun başına cəm olmuşdular. İsa Qəmbərlə dostdur, Rahim Qazıyevlə illərdir danışmır. Amma bu adamların hamısını birləşdirən bir amil gördüm. Bu adamlarla görüşən İsgəndər Həmidov ağlayırdı. Mən ilk dəfədir, onun yanağından süzülən sel kimi göz yaşlarını görürdüm. İsa Qəmbərin gözlərini dolan, “Meydan” qəhrəmanı Nemətin dodaqlarını titrəyən, Rahim Qaziyevin gözlərini yaşaran gördüm. Zamanın qüdrətli adamlarının hamısı uşaq kimi ağlayan İsgəndər Həmidovla birlikdə ağlayırdılar. Bu göz yaşları Rəna xanım üçün idi!.. Bilirəm…

xxx

Bilirəm. Bu göz yaşları təkcə Rəna xanım üçün deyildi. Çünki bir anlıq mən də onlara qoşuldum. Mirmahmud Mirəlioğlu da, Pənah Hüseyn də, Arif Hacılı da kövrəlmişdilər. Bu qüdrətli, indi isə çox-çox çarəsiz adamlar ölkənin, hamımızın bu günümüzə ağlayırdılar həm də. Bu günə saldıqları Azərbaycana… bu günə saldıqları millətin halına ağlayırdılar… Rəna xanım hamısı, hamımız üçün əslində, bir bəhanə idi. Ölkənin ağır günlərinə bir yerdə ağlamaq bəhanəsi. İsgəndər Həmidovun Böyük Sevgisinə ağlamaq yanğısı istisna olunmaqla təbii ki…

xxx

Bir-biri ilə danışmayan, siyasi həyatda bir-birini didən insanları böyük kədər və böyük ölümlər birləşdirir. Hamı bir-biri ilə qanlı bıçaq olsa da, böyük itkilər insanları bir araya gətirir. Çünki ölən həm də xatirələrdir və onların bir daha qayıtmaq şansı yoxdur. Rahim Qazıyevin xatirələrini eşitdikcə, Rəna xanımla Sevil xanımın münasibətlərini, balaların balacalıqlarını, yuxulu-yuxusuz günlərin anılarını duyunca hiss edirdim bunu.

xxx

Bəlkə daha böyük itkilər və ölümlər olmadan Koroğlunun qocalığına qayıdasınız, bir zamanın qüdrətli, amma indinin çarəsiz adamları?! Bəlkə bir daha və son döyüş üçün yenə birləşəsiniz?! Bəlkə bu millətin yolunda bir daha can verməyə – bu dəfə gerçək – tələsəsiniz?!

xxx

3 gündür özümdə deyiləm! 3 gündür bu olayın təsirindən çıxa bilmirəm. 3 gündür İsgəndər Həmidovun göz yaşları gözlərimin qarşısından getmir…
Çox duyğulandım…
Çox…


loading...

Fikrinizi bildirin