RUSİYA NATO ÜÇÜN TƏHLÜKƏDİRMİ? - “RAND”-ın hərbi oyunları

Rusiyanın yeni yaratdığı beşinci nəsil qırıcısı, onun nüvə potensialı, müasir Hava Hücumundan Müdafiə sistemləri, peyk əleyhinə silahları, quru qoşunları və dəniz donanması NATO və ABŞ üçün nə dərəcədə ciddi təhlükə təşkil edir?

Rusiya və NATO arasındakı gərginlik böyüdüyünə görə, bir çox ekspertlər potensial təhlükənin miqyasını və onun xarakterini öyrənmək üçün Rusiya silahlı qüvvələrindəki döyüş texnikasını və müasir texnoloji səviyyənin hansı vəziyyətdə olmasını daha yaxından analiz edirlər.

Son illər Rusiya NATO-ya qarşı güc nümayiş etdirmək imkanına yiyələnməyə can atır. Lakin müasir Rusiya silahlı qüvvələri ilə bağlı aparılan araşdırmalar onu göstərir ki, uzunmüddətli və gərgin hərbi fəaliyyətlər baxımından çox çətin ki, o, NATO-ya qarşı real güc nümayiş etdirmək imkanına malik olsun.

Amma bütün bunlara baxmayaraq, Rusiya hələ də hərbi tikinti sahəsində nailiyyətlər qazanır və ona görə də, Pentaqonun əksər ekpert və analitikləri NATO-nun Şərqi Avropadakı vəziyyətindən narahatdırlar. Onlar Şərqi Avropa ölkələrində Moskvanın önünün kəsilməsi üçün kifayət qədər gücün olduğuna şübhə ilə yanaşırlar.

İqtisadi çətinliklərlə baxmayaraq, Rusiya ordunun sürətlə modernləşdirilməsini və hərbi büdcənin artırılmasını dayandırmadı. Lakin Rusiyanın silahlı qüvvələri soyuq müharibənin zirvəsindəki Sovet İttifaqının yalnız solğun kölgəsidir. Rusiyanın nüvə arsenalı və adi silahları soyuq müharibə dövründə Sovet İttifaqının əldə etdiyinin yalnız çox cüzi bir hissəsidir. Ancaq Rusiya yeni sinif sualtı qayıqlarının, radalara yaxalanmayan “T-50” qırıcılarının, yeni nəsil raketlərin və əsgərlər üçün yeni texnologiyalı fərdi silahların hazırlanması üzərində işləyir.

“The National İnterest”-in analitik mərkəzi bu yaxınlarda Rusiyanın yeni hərbi texniki nailiyyətləri barədə xeyli material dərc edib. Bu materiallarda yeni peyk əleyhinə silahlar, T-14 “Armata” tankları, Hava Hücumundan Müdafiə kompleksləri və altıncı nəsil qırıcıların yaranması ilə əlaqədar planlar yer alır.

Məsələn, “The National İnterest” məlumat verir ki, Rusiya bu yaxınlarda peyk əleyhinə “Nudol” raketlərinin uğurlu buraxılışını həyata keçirib. Bu, kosmosda peykləri məhv edə biləcək raketlərin ikinci sınağıdır. Həmin raketlərin buraxılışı Moskvadan şimalda yerləşən Pliseçk kosmodromundan yerinə yetirilib.

Soyuq müharibə zamanı Sovet İttifaqının hərbi büdcəsi ölkənin ümumi xərcinin demək olar ki, yarısına bərabər idi. Bu gün Rusiyanın müdafiə xərcləri faizlə götürsək, Sovet dövrü ilə müqayisədə xeyli azdır. Ancaq Sovet dövrü ilə müqayisədəki böyük fərqə baxmayaraq, Rusiyanın müdafiə büdcəsi yenidən yüksəlir. Belə ki, ”Business İnsider”–in məlumatına görə, hərbi büdcə 2006-cı ildə 25 milyard dollar, 2009-cu ildə 50 milyard dollar, 2013-cü ildə isə 90 milyard dollar olub. Ümumiyyətlə isə soyuq müharibə illərində Sovet İttifaqı silahlı qüvvələrinin sayı, bu günkü Rusiya ordusundan təxminən beş dəfə çox idi.

2013-cü ildə Rusiya ordusunda həqiqi hərbi xidmətdə olanların sayı 766 min nəfər olub. Ehtiyatda olanların sayı 2,4 milyon nəfər təşkil edib. Elə həmin ilin məlumatına əsasən, Rusiya ordusunda 3 min təyyarə və 973 vertolyot, 15 min tank, 27 min ədəd zirehli maşın var.

Soyuq müharibədəki dövrlə müqayisədə Rusiya ordusunun sayının xeyli az olmasına baxmayaraq, Moskva ordunun modernləşməsi istiqamətində ciddi səylər göstərir. O ki qaldı Hərbi Dəniz Qüvvələrinə, burada 352 gəmi, bir aviadaşıyan, 13 esmines və 63 sualtı qayıq var.

Ekspertlərin fikrinə görə, əgər Rusiyanın “S-300”, ”S-400” zenit-raket kompleksləri üzərində lazımı modernləşmə aparılsa, onda onlar çox yüksək effektivliyə malik olacaqlar. Rusiyanın 1980-ci illərdən fəaliyyətdə olan “Su-27” qırıcısı müxtəlif strateji istiqamətlərdə istifadə olunur. Bu təyyarəni çox vaxt amerikanların “F-15 Eagle” ilə müqayisə edirlər.

- “RAND”-in hərbi oyunları

NATO Secretary General visits Patriot unit in Turkey

Əksər ekspertlər iddia edirlər ki, orduların sayı, atəş gücü, havada üstünlük və NATO-nun müasir texnologiyası, onun iri miqyaslı hərbi döyüşlərdə Rusiyaya qalib gələcəyinə təminat verir. Amma “RAND” strateji araşdırmalar mərkəzinin verdiyi məlumata görə, Rusiyanın Pribaltika ölkələrinə soxulması halında NATO hədsiz çətin vəziyyətə düşəcək.

“RAND” belə bir nəticəyə gəlir ki, NATO-nun Şərqi Avropadakı silahlı qüvvələrinin təşkilati strukturu Rusiyanın Litva, Latviya və Estoniyaya hücum etdiyi zaman ona qarşı dayanacaq gücdə deyil.

Bir sıra şərti hərbi oyunların gedişində qırmızılar (ruslar) və mavilər (NATO) Pribaltika dövlətlərində müxtəlif ssenarilər üzrə hərbi döyüşlər aparıblar. ”RAND” özünün “NATO-nun şərq cəbhəsində önləyici tədbirlərin gücləndirilməsi” adı altında həyata keçirdiyi təhqiqatda qeyd edib ki, NATO-nun bu regionda müvəffəqiyyətli müdafiəsi üçün böyük yerüstü və hava qruplaşması gərəkdir.

1980-ci ildə Avropada ABŞ-ın sayı minimum bir neçə yüz min nəfərdən ibarət olan quru qoşunları qruplaşması yerləşdirilmişdi. Amerika ordusunun Avropadakı rəsmi nümayəndəsi bidirib ki, hal-hazırda qitədə quru qoşunlarından ibarət 30 min amerikalı əsgər var.

“RAND”-in analizində qeyd edilir ki, Şərqi Avropada NATO-nun ən azından yeddi briqadası və lazımı atəş gücü, aviasiya dəstəyi olmasa, Rusiya 60 saat içərisində Pribaltika ölkələrini zəbt edə bilər. Rusiyanın Pribaltika ölkələrinə sürətli hücumu zamanı NATO-nun seçimi heç də zəngin olmayacaq. Mümkün fəaliyyətlər arasında nüvə silahından istifadə də daxil olmaqla, iri miqyaslı əks-hücum variantı qalacaq. Bu isə böyük riskdir. Əks halda NATO bu dövlətlərin Rusiya tərəfindən ilhaqı ilə barışmalı olacaq.

Araşdırmada nəzərdə tutulan variantlardan biri səfərbərlik aparmaq və iri miqyaslı əks hücumun aparılması məqsədi ilə böyük hərbi güclərin cəlb olunmasıdır. Bu isə uzun sürən döyüşlərə və böyük itkilərlə səbəb ola bilər.

İkinci variant – düşməni nüvə silahı ilə qorxutmaqdır. Hərçənd ki, bu cür ssenari az ehtimal ediləndir. Analizdə qeyd olunan üçüncü variant - NATO-nun Pribaltikada məğlubiyyətini qəbul etməklə, bu ölkələri Rusiyaya güzəştə getməkdən və daha intensiv soyuq müharibəyə girişməkdən ibarətdir. Təbii ki, bu dövlətlərin əhalisi belə bir perspektivə qarşı çıxacaqlar ki, bu da öz növbəsində NATO-nu parçalaya bilər.

Oyunların gedişini öyrənən zaman ortaya müxtəlif ssenarilər çıxıb. Onun iştirakçıları belə bir nəticəyə gəliblər ki, iri miqyaslı mexanizə edilmiş müdafiə gücləri olmazsa, NATO-nun müqaviməti sürətlə sındırılacaq. ”RAND” iddia edir ki, iri qoşun birləmələrinin saxlanması üçün böyük məsrəflərin tələb edilməsinə baxmayaraq, briqadaların sayının artırılması tamamilə məqsədəuyğundur. Tərkibinə ABŞ quru qoşunlarının daxil edilməsi şərti ilə, üç tank qrupunun yaradılması heç də baha başa gəlməz.

NATO qoşunlarının Şərqi Avropadakı sayı ilə bağlı məsələ hələ də müzakirə edilir. NATO və ABŞ şərq cinahında Rusiyanın qarşısını almaq üçün hərbi qruplaşmaların artırılması barəsində artıq uzun müddətdir ki, düşünür.

Hərçənd ki, Pentaqon Avropanın təhlükəsizliyi üçün əlavə vəsait və qüvvələrin cəlb edilməsi və həmçinin də qoşunların rotasiya olunmasının təşəbbüsü ilə çıxış edir, amma ümumi yekunda bunların necə qurulacağı hələlik bəlli deyil.

Bu təşəbbüslər çərçivəsində Pentaqon 3,4 miyard dollar ayrılması ilə əlaqədar xüsusi arayış hazırlayıb. Amerikanın Avropadakı rəsmi nümayəndəsi qeyd edir ki, perspektivdə NATO üzrə müttəfiqlərimizlə yeni əməkdaşlıq təlimlərinin keçirilməsi və şəxsi heyətin sayının artırılması nəzərdə tutulur.

Məsələn, bu ilin 27 may-26 iyun tarixləri arasında NATO Polşada və Almaniyada “Sürətli cavab” kod adlı təlim keçirib və həmin təlimin gedişində ABŞ, Belçika, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya, Polşa, Portuqaliya və İspaniyadan beş mindən artıq hərbçi iştirak edib.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar