DEPUTAT BÜTÜN AZƏRBAYCANLILARDAN ÜZR İSTƏMƏYƏ MƏCBUR EDİLDİ! - "Mən Astan Şahverdiyev..."

"Mesajlar o qədər çoxdur ki, telefon yenilərini qəbul edə bilmir"

Снимок4

Milli Məclisin deputatı Astan Şahverdiyev böyük ictimai rezonansa səbəb olan açıqlamasına görə, Azərbaycan xalqından üzr istədi.

Bu haqda Modern.az-a danışan deputat səhvini anladığını vurğulayıb: “Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə “Azadlıq radiosu”na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.

Deputat bunun məsələ ilə bağlı sonuncu açıqlaması olduğunu bildirib: İki gün ərzində özümün, ailə üzvlərimin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Mesajlar o qədər çoxdur ki, yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır. Xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram. Açıqlamanı yalnız Modern.az-a verirəm. Başqa heç bir sayta, agentliyə açıqlama verməyəcəm”.

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcbur köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Görüşdən sonra “Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib: “O saxlanılanlar ən “yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar… …Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə”.

Deputat eyni zamanda Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırıb:…onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır”.

Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədəəmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: “Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir".

Ancaq A. Şahverdiyev Nemət Şahverdiyevi də təhqir edib:O qələt edib, belə danışıb. Kimdir ki o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandı."

Cəmiyyətdə böyük etirazlara səbəb olan fikirlərinə görə isə üzr istəmək istəməkdən imtina edib. Deputat həmkarlarının, YAP rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin tənqidi fikirləri də onun mövqeyini dəyişdirmədi. Hətta Report”a açıqlamasında Astan Şahverdiyev demişdi: “İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! ... Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz”.

Ona gprə də, belə bir mövqe tutan Astan Şahverdiyevin fikrini dəyişərək, bu gün bütün azərbaycanlılardan üzr istəməsi təsadüfü sayıla bilməz. Burada ictimaiyyətin kəsgin etirazları ilə yanaşı, şübhəısiz ki, siyasi hakimiyyətdən gələn xəbərdarlıq da ciddi rol oynayıb.

Belə ki, Prezidentin köməkçisi Əli Həsənov dünən axşam açıqlamasında vurğulayıb ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: "Ona görə də hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı məsuliyyəti də bilavasitə o özü daşıyır”.

Yəni, Prezidentin köməkçisi dolaysıyla deputata xalqı aşağılayan fikirlərinə görə məsuliyyət daşıdığını xatırladıb və buna görə cəzalandırılacağını istisna etməyib.

Fikrimizcə, məhz bu xəbərdarlıq A. Şahverdiyevi mövqeyini dəyişməyə məcbur edib. Yəni, o, üzr istəməyib, ÜZR İSTƏMƏYƏ MƏCBUR EDİLİB!

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar