Bir dövlətin iki tarixi olmur!

Bu məsələyə hansı don geyindirilsə belə...

Nadir İSRNadir İsrafilov

Milli Məclis orta məktəblər üçün «Azərbaycan tarixi» dərsliyinin necə və hansı prinsiplərlə hazırlanması məsələsini araşdıracaq. Məsələ ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, bir qrup tarix müəllimi ona müraciət edib:

“Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır. Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”

Deputat Yaqub Mahmudov bildirib ki, vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır: “Bunu başqa adlara bölmək ciddi təxribatdır”.

Oqtay Əsədov məsələdən narahatlığını bildirərək İsa Həbibbəyliyə bunu araşdırmağı tapşırıb.

Hələ iki il bundan qabaq, 2014-cü ilin oktyabrında yeni tədris ilindən “Qarabağ tarixi” adlı fənnin orta məktəblərdə tədris olunmasının proqrama salınması barədə xəbəri eşidəndə, hamımızın ümumi dərdi olan Qarabağ dərdindən əlavə özümüzə yeni problem yaradacağımıza, Azərbaycanlı olmağımızla həmişə fəxr etməyimizin tövsiyyə olunduğu, azərbaycançılıq ideyasına sadiq qalmağın hər birimizin vətəndaşlıq borcuna çevrildiyi bir dövrdə tələm-tələsik və belə absurd qərar qəbul edilə biləcəyi ehtimalına qarşı “Bu gün Qarabağ, sabah Şərur- Dərələyəz, o biri gün Borçalı…” adlı geniş yazımda sərt təpki göstərmişdim.

O zaman məni qınayanlar və sorğuya çəkənlər də oldu. Kimlərsə bunun ayrıca fənn kimi, kimlərsə ayrıca fənn deyil, fakultativ kurs kimi tədris olunmasını təklif etdi, kimlərsə buna çoxdan başlamaq lazım olduğunu əsaslandırmağa çalışdı. Yəni, görək ki, istər fakultativ məşğələ formasında aparılsa, istər 8-11-ci siniflərdə keçilsə, istərsə də bu məqsədlə 1 saat deyil, 3 saat ayrılsa belə “Qarabağ tarixi”nin ayrıca fənn kimi tədrisi bizə nə verəcək?

Bu sualın cavabı üzərində düşünməyə belə ehtiyac yoxdur. Bu tariximizin ikiyə parçalanması, cəmiyyətdə Qarabağın ayrı bir vilayət kimi tanınması fikrini yarada bilər. Məncə şərhə və hər hansı bir əlavəyə ehtiyac qalmır.

Narahat edici hal o idi ki, Təhsil Nazirliyinin o zamankı bu qərarını “ən humanist”, “çox yüksək”, “təqdirəlayiq” addım kimi qiymətləndirənlər də tapılıb. Yazımda xüsusi olaraq vurğulamışdım ki, belə “növbətçı havadarların” fikirlərinə bir az da rəvac verilsə, kim təminat verə bilər ki, sabah “Sərur Dərələyəz”, altdakı gün, “Borçalı” tarixinin ayrıca fənn kimi tədris olunması barədə yeni ideyalar ortalığa atılmayacaq?

Bəlkə, tələm-tələsik qərarlar çıxarmaqda bir az interval yaradaq? Bəlkə bu qərarımızı da ölçüb-biçib təxirə salaq. Ən yaxşı halda isə, bu fikirdən tamam vaz keçək?

O zaman fikirlərimi nəzərə alan olmadı, məsələyə əsl münasibətin nədən ibarət olduğunu ayırd etmək mümkünsüz oldu. Yəqin, bu ideyanı irəli sürənlərin və onları dəstəkləyənlərin də öz həqiqətləri var imiş. İndi də “Azərbaycan tarixi ilə yanaşı, Qarabağ tarixinin keçirilməsində böyük fayda var" kimi tezis irəli sürənlər fərqində deyillər ki, ərazi bütövlüyümüz bütöv dövlət, bütöv tarix prinsipinə əsaslanır.Bir də ki, hamımızın da bir həqiqəti var - Qarabağ həqiqəti. Qarabağ tarixini Azərbaycan tarixindən ayırmaqla bu həqiqəti cılızlaşdırıb, ucuzlaşdırmaq fikrindən hər vəchlə daşınmaq lazımdır.

Azərbaycana məxsus ərazilərin tarixinin ayrıca tədris olunması yolverilməzdir. Hətta bu məsələyə hansı don geyindirilsə belə... Bir dövlətin iki tarixi olmur. “Bir tarix var, o da Azərbaycan tarixidir...”

O ki, qaldı Qarabağ həqiqətlərinin daha dərindən və əhatəli öyrənilməsinə, bunu “Azərbaycan tarixi” dərsliklərindəki ikinci, üçüncü dərəcəli, mən deyərdim lazımsız və əhəmiyyətsiz materialların sıxışdırılması hesabına da etmək olar.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar