"60 İLİN HESABATI"NDA İLYAS İSMAYILOV HAQDA YAZILANLAR - "O, həmişə vəzifəyə, kresloya qüdrət verib..." 

Tanınmış hüquqşünas Aslan İsmayılovun bugünlərdə "BakıPost" saytına müsahibəsində vaxtilə Azərbaycanın Respublika Prokuroru və Ədliyyə naziri işləmiş, hazırda isə Ədalət Partiyasına rəhbərlik edən hüquq elmləri doktoru İlyas İsmayılovla münasibətlərinin pozulma səbəblərindən danışarkən, "İlyas İsmayılov mənə xəyanət edib" ifadəsini işlətməsi hər iki hüquqşünası yaxından tanıyanların ciddi narazılığına, həm də dərin təəssüfünə səbəb olub.

Həm İlyas İsmayılov, həm də Aslan İsmayılovla illər uzunu yaxın dostluq münasibətlərində olan şəxslərdən biri dünən Strateq.az-ın redaksiyasına başqa bir İsmayılov soyadlı hüquqşünasın kitabını tədim edərək, belə bir fikir səsləndirdi: "Bu kitabın müəllifini həm Aslan İsmayılov, həm də İlyas İsmayılov çox yaxşı tanıyırlar. Onun çox vicdanlı, ədalətli, yanaşmalarında obyektivliyi həmişə qoruyan çox savadlı bir hüquqşünas olduğuna da heç birinin şübhəsi yoxdur. Xahiş edirəm, onun bu kitabında İlyas İsmayılovla bağlı yazdıqlarını verin, qoy, əsil hüquqşünasların, xüsusilə də Respublika Prokurorluğunda və Ədliyyə Nazirliyində İlyas İsmayılovla işləmiş şəxslərin ona gerçək münasibətinin nə olduğunu hər kəs görsün. Məncə, Aslan İsmayılov da bu yazıdan sonra İlyas müəllimlə bağlı dediklərinin sadəcə qəzəbin gətirdiyi ifadə olduğunu etiraf edəcək, İlyas müəllimə gerçək münasibətini ortaya qoyacaq. Çünki bu yazıda səslənən fikirlərin eynisini ayrı-ayrı zamanlarda Aslan müəllim özü də dilə gətirib. Gərək, Aslan İsmayılov İlyas müəllimə həmişəki təmkinli və hörmətli davranışını bu dəfə də nümayiş etdirəydi. Çünki hər ikisi bizim üçün çox dəyərli, azsaylı peşəkar hüquqşünaslarımızdandır. Lənət Şeytana! Gərək, belə olmayaydı…".

Bizə təqdim edilən kitab isə 2016-cı ilin noyabrında çap edilən "60 ilin hesabatı" adlı avtobioqrafik-xatirə toplusu idi. Kitabın müəllifi uzun müddət prokurorluq orqanlarında çalışmış, bir neçə rayonun prokuroru olmuş, həmçinin Respublika Prokurorluğunda mühüm vəzifələrdə çalışmış tanınmış hüquqşünas, yazıçı-publisist Mobil İsmayılovdur.

Strateq.az-a istinadla Mobil İsmayılovun "60 ilin hesabatı"nda İlyas İsmayılov haqda yazdıqlarını oxuculara təqdim edirik:

***

Müdriklər deyiblər ki, insan hər cür əzab-əziyyətə sinə gərməli, məqsədə çatmaq üçün dözüm nümayiş etdirməli, hətta başına müsibət gəlsə belə, fəryad etmədən hər şeyin sonunu ümidlə gözləməli, ən çətin vəziyyətlərdə də özündə güc tapıb əzmkarlıq, iradə və qətiyyətlilik göstərməyə çalışmalıdır. Belə hallarda yalnız səbirli olanlar öz həyatlarını dəyişməyə qadirdilər. İttiham, giley-güzar və şikayət etməklə səbirli olmaq mümkün deyil. Bu xüsusiyyətlərin eyni zamanda bir insanda mövcud olması, cəmləşməsi ağlasığmazdır. “Səbir acıdır, meyvəsi şirin” məsəli bu mənada yerinə düşür. Yalnız səbirli olmaqla çətinliklərə qalib gəlmək mümkündür.

Mən də fikirləşirdim ki, yaxşı, ümidli gələcək naminə səbir etməliyəm. Taleyimin üzümə güləcəyi anları gözləyirdim…

Səlahiyyət müddətinin bitməsilə əlaqədar Republika Prokuroru rəhmətlik Abbas Zamanovu İlyas İsmayılov əvəz edəndə nədənsə hiss etdim ki, yəqin, tezliklə xidməti işimdə dəyişiklik baş verəcək.

Belə də oldu. Çox keçmədən Respublika Prokurorluğunda məhkəmələrdə cinayət işlərinə baxılması üzərində nəzarət şöbəsinə prokuror təyin olundum. Bu təyinat, az qala, sensasiya kimi qarşılandı. Çünki böyük əksəriyyət belə hesab edirdi ki, mənim xidmət pilləkənlərində yüksəlməyimin üzərindən qara bir xətt çəkilib.

Bir qədər qabağa gedərək, bildirmək istəyirəm ki, məhz bu təyinatdan sonra mənə və ailəmizə qarşı münasibət tədricən dəyişməyə başladı.

O vaxtlar Respublika Prokurorluğunda nüfuzlu xidmət sahəsi hesab edilən bu şöbənin rəisi rəhmətlik Yəmən Yusifov idi. Sayca böyük olan kollektivə çoxillik staja malik təcrübəli işçilər toplanmışdı. Əməkdaşların bir qismi əvvəllər rayon prokuroru işləyənlər idi. Rəşid Hüseynov, Qasım Qasımov, Tofiq Vəliyev, Mirələm Əliyev, Nəsir Kərimov belələrindən idi. Bu dəyərli insanların hamısı dünyasını dəyişmişdir. Allah onlara rəhmət eləsin! Çox az sayda olan gənclərin sırasında mən də yer aldım. Hidayət Qəmbərov, Balağa Niftullayev, Faiq Məmmədov, Vaqif Xələfov, Raisa Qalaktionova, Rimma Ağayeva da şöbənin nisbətən təcrübəli işçiləri hesab olunurdu.

İldar Dadaşovun şöbəyə rəhbərlik etdiyi dövr həyatımın unudulmaz illərinə çevrildi.

İldar Dadaşov samballı şəxsiyyət idi. O, şöbədə nümunəvi nizam-intizam, səliqə-səhman, möhkəm birlik, işgüzarlıq yaratmışdı. İldar müəllim təəssübkeş, diqqətcil, qayğıkeş şöbə rəisi idi. Hamımız onun səmimiyyətinə inanırdıq. Şöbə rəisi məsuliyyətli iş üsulu və məharətli təşkilatçılıq nümunəsi göstərməyi ilə fərqlənirdi. Biz öz şöbə rəisimizlə fəxr edirdik. Onun gözəl, nümunəvi iclas aparmağı vardı. Nəzərdə tutulan məsələlər obyektiv və tənqidi müzakirə olunardı. O, həmişə deyərdi ki, uğurlar hamımızın olduğu kimi, nöqsan və səhvlər də hamımızın ayağına yazılır. Odur ki, nöqsanlara yol verməməliyik. Ciddi şəkildə, aramla və təmkinlə yalnız öz işi ilə məşğul olardı. İşçilərin fəaliyyətlərinin düzgün qiymətləndirilməsində olduqca obyektiv idi. Ona görə də heç bir işçi ondan incik qalmazdı. Əməkdaşlar arasında səmimi əlaqələrin olmasında, onların bir-birini başa düşməsində, qarşılıqlı hörmətin ildən-ilə artmasında İldar Dadaşovun xüsusi rolu vardı. Boş, əsassız danışan insanlara münasibətini dərhal büruzə verərdi. Minnət götürməzdi. Səviyyəsiz, hay-küyçü insanlara nifrətini gizlətmirdi. Hələm-hələm gülməzdi. Güləndə də ürəkdən gülərdi. Başqa şöbələr yaxşı mənada bizə həsəd aparırdılar. Xidməti fəaliyyətimdə mükafatların demək olar ki, hamısını İldar Dadaşovun şöbəyə rəhbərlik etdiyi dövrdə almışam.

Həm Respublika Prokuroru İlyas İsmayılov, həm də Respublika Prokurorunun müavini Mirağa Cəfərquliyev İldar Dadaşova inanır, etibar edir, güvənirdilər. Xüsusən də Ali Məhkəmənin Rəyasət Heyətinin iclaslarında və Plenumlarında.

Allah unudulmaz İldar Dadaşova rəhmət eləsin!

Bizim şöbənin gündəlik fəaliyyəti Mirağa Cəfərquliyevin nəzarəti altında həyata keçirilirdi. Başqa sözlə, şöbənin kuratoru olduğundan, bütün sənədlərə o imza edirdi. Obyektiv mövqeyi və səmimiyyəti ilə şöbənin rəğbətini qazanan Respublika Prokurorunun müavini işçilərə diqqət və qayğısını əsirgəmirdi. Müəyyən məsələlərlə bağlı müəllim məni daha tez-tez yanına dəvət edirdi. Qəbulunda olarkən arabir Mərkəzi Komitənin inzibati orqanlar şöbəsində işlədiyi vaxtlarda atamla görüşdüyü anları yadına salır və hər dəfə də təəssüf hisslərini gizlətmirdi. Hərdən ailəmizlə maraqlanırdı. Mənə təkidlə paralel olaraq elmi iş üzərində çalışmağımı da tövsiyə edirdi.

Nəzarətə götürülmüş ciddi tapşırıqlarla əlaqədar, eləcə də elmi-mübahisəli və aktual əhəmiyyət kəsb edən məsələlərlə bağlı Respublika Prokuroru İlyas İslmayılovun qəbuluna getməyimizə də tez-tez xidməti zərurət yaranırdı.

Oxucular üçün də maraqlı olacağını nəzərə alıb, Respublika Prokuroru İlyas İsmayılovun – bu böyük insanın həmin dövrdəki fəaliyyətinə, bütövlükdə keçdiyi ömür yolunun bəzi məqamlarına bir də nəzər salmaq istəyirəm.

Qısa izahlı lüğətdən görünür kimi, mənəviyyat – şəxsin öz vicdanı və azad istəyi ilə hərəkət etdiyi daxili quruluş toplumudur. Əxlaq isə – düzgün yaşayış qaydaları, qanunlarla birgə fərdin xarici davranışına olan vicdanlı, şüurlu təlabatıdır. Əxlaq və mənəviyyat – mənəvi hissləri, baxışları, məqsəd və motivləri, fəziləti, vicdanlılığı, şərəf və ləyaqəti, ədalət hisslərini, xeyirxahlığı əhatə edən anlayışlardır.

ilyas-prokuror

İlyas İsmayılov Respublika Prokuroru olduğu dövrdə prokurorluğun mənəvi-əxlaqi kamillik mühitini daha da zənginləşdirdi. Mənəvi dünyasının işığı ilə sifətində əks olunmuş alicənab görkəmi onun gözəl insan olmasından, daxili və xarici aləminin vəhdətindən xəbər verirdi. Bu, mənim ilk müşahidələrimdən doğan qənaətim idi. Hamımız onu xeyirxah, nəcib, obyektiv bir insan olmaqdan savayı, həm də ciddi, tələbkar, prinsipial bir rəhbər kimi qəbul edirdik. O, yüksək mənəviyyata, dərin düşüncəyə, elmi fikir yürütmək bacarığına malik bir Respublika Prokuroru kimi tanınırdı.

Bununla belə, nə qədər səmimi, diqqətcil, qayğıkeş idisə, bir o qədər də sərt, dönməz və qətiyyətli idi. O, yaltaqlığı qəbul etmədən saxtakarlığı, biganəliyi, təmənnalı münasibəti, nəhayət, xəyanəti bağışlamırdı. Şöbəmizdə işləyən tələbə yoldaşları, onu yaxından tanıyanlar deyirdilər ki, bütövlük, aydın mövqe, qürur, dəyanət onun qanındaydı, xarakterindəydi.

Bu keyfiyyətləri ilə yanaşı, Tanrı ona təşkilatçılıq qabiliyyəti, yaradıcı, təşəbbüskar, çevik və işgüzar keyfiyyətlər bəxş etmişdi. Yetərincə mütaliəli olan Respublika Prokuroru bütün məsələlərə maksimum fundamental yanaşma sərgiləməyə çalışmaqla hamını təəccübləndirirdi.

İşə münasibəti, davranışı, təmkinli, özünəməxsus yerişi, vüqarlı görkəmi prokurorluqda istər-istəməz hər kəsin diqqətini çəkirdi.

İlyas İsmayılov qüdrətli Respublika Prokuroru olub. O, həmişə vəzifəyə, kresloya qüdrət verib. O vaxt yellənən kreslolar yox idi. İndiki məmurların yelləndiyi kreslolar onlara görüntü, guya, güc verir. O da hələ verə bilsə…

Aradabir idrakı sönük vəzifə sahibləri, başı eyş-işrətə qatışmış məmurlar İlyas müəllim kimi şəxsiyyətə yarlıq yapışdırmağa çalışdılar.

Amma əbəs yerə…  O, öz prinsiplərini heç nədən asılı olmayaraq müdafiə edən, əyilməyən, məğrur İlyas İsmayılov olaraq qaldı. Axı, bu prinsiplər birdəfəlik onun dünyagörüşünü müəyyənləşdirmişdi…

İlyas İsmayılovla daim təmasda olan prokurorluğun əməkdaşları üçün o, böyük bir məktəb olub. Onu başqalarından fərqləndirən xüsusiyyətlər çox idi. Hər hansı bir məsələyə münasibət bildirəndə sözünü qəti deməyi bacarırdı. Yaranmış vəziyyətdən düzgün və real nəticə çıxarırdı. Sözünün üstündə möhkəm dayanırdı. Ona gör də biz hamımız onu sözübütöv bir şəxsiyyət kimi qəbul edirdik. Belə adamlar yalnız özlərinə güvənirlər, gördükləri işə inanırlar və öz inandıqları yoldan dönmürlər.     

Hər kəsin həyatında mütləq ona köməklik edən, dəstək olan, ən azından imkan daxilində əvəzsiz hörmət gördüyü yaxşı insanlar olub.

Bir qədər qabağa gedərək demək istəyirəm ki, Sabirabad rayon prokuroru vəzifəsindən azad olunduqdan, təxminən, üç həftə sonra 1993-cü ilin sentyabrında o vaxt Ədliyyə naziri işləyən İlyas İsmayılov öz təşəbbüsü ilə məni yanına dəvət edərək bildirdi ki, prokurorluqda qalmaq fikrin olmasa, Ədliyyə Nazirliyində münasib işlə təmin edə bilər. Mən təşəkkürümü bildirib təkliflə bağlı fikirləşəcəyimi dedim. Bu söhbətdən, təxminən, 10 gün keçmişdi ki, mən Səbail rayon prokurorunun müavini vəzifəsinə təyin olundum. Təbii ki, bu barədə dərhal İlyas müəllimə xəbər verdim.

İlyas İsmayılov geniş spektrli zəka sahibidir. Onun bu və ya digər elmi, fəlsəfi mülahizələri miqyasından asılı olmayan auditoriyanı özünə cəlb etməyə, insanların diqqətini yetərincə maraqlandırmağa qadirdir. O, söhbətin predmetini məzmunlu məcraya yönəltməklə fikrini dolğun və lakonik şəkildə çatdırmağa çalışan müasir təfəkkürlü, praqmatik düşüncəyə malik nadir ziyalılarımızdandır.

Müxtəlif vaxtlarda həmişə İlyas İsmayılovun məqalə və müsahibələrini diqqətlə oxumuşam. Hətta diqqəti çəkən məqamlarla bağlı özümdə qeydlər də aparıb saxlamışam. Dediklərimin təsdiqi baxımından bunlardan bir neçə nümunəni qeyd etmək istəyirəm:

“…Həyat həqiqətənmi ədalətlidir? Həyat ədalətlidir. Əlbəttə, ədalət prinsipləri həmişə qorunmur. Bütün dövrlərdə Xeyirlə Şərin mübarizəsi gedib və bu mübarizə də sərhədsizdir. İnsan heç də həmişə hər şeydən razı qala bilməz. Bu bizim razılığımızdan asılı deyil. Mövcud şəraitdən asılıdır”.

Yaxud:

“…Həyat sənə nə təqdim edirsə, qəbul elə, şüurlu surətdə onun əleyhinə getmə. Son nəticədə sən həyatdan razı qalacaqsan. Çünki həyat çox ədalətlidir”.

Və yaxud da:

“…Nədənsə postsovet məkanında, xüsusilə də Azərbaycanda məmur olmağa can atanların sayı daha çox olur.

Hər şeyə fərdi qaydada yanaşmaq lazımdır. Normal cəmiyyətdə hər bir insan öz şəxsiyyətinə və qabiliyyətinə uyğun fəaliyyət növü və həyat tərzi keçirməlidir. Onda cəmiyyətdə rahatlıq olar. Çox təəsüf ki, bu, heç də həmişə belə olmur. Bu, həm də insanların həyata baxışı ilə bağlı olan məsələdir. Bəziləri şəxsi qabiliyyətləri ilə ambisiyaları arasında böyük uçurum olduğuna baxmayaraq yüksək vəzifələrə can atırlar. Belə olanda cəmiyyətdə ziddiyyət əmələ gəlir. Şərq aləmində hamı hakimiyyətə can atır. İş, vəzifə insana şəxsiyyətinin, qabiliyyətinin təsdiqi üçün gərəkdir. Bəziləri doğrudan da öz qabiliyyətinin təsdiqi üçün məmurluğa can atır, öz işindən həzz alır, insanlara da qulluq edir. Bəziləri başqa niyyətlə buna can atır. Bizim dövrümüzdə hamı prokurorluğa gəlmək, hakim olmaq istəyirdi. Leninqradda aspiranturada təhsil alanda tələbə yoldaşlarımın daha çox vəkil olmaq, kafedrada laborant, elmi-tədqiqat instutunda işləmək niyyətində olduqlarını gördüm… ”.

Allah ona hər şeyi verib. Şux qamətinə mütənasib olan ağayana yerişi, nurlu çöhrəsindən heç zaman əskik olmayan təbəssümü, ağ saçları ona çox yaraşır. Uzaqdan gələndə, elə bilirsən, bir vüqarlı dağ gəlir. Millətin, dövlətin taleyüklü məsələləri həll olunanda bəziləri kimi seyrçi mövqe tutmayıb, millət vəkili, ziyalı, prinsipial vətəndaş mövqeyindən çıxış edib.

Onu tanıyanlar yaxşı bilir ki, həyatda mövqeyindən, daşıdığı vəzifədən asılı olmayaraq, o, bütün dövrlərdə haqqın, haqlının tərəfində olub. O, həmişə cəsarətli olub, məğrur dayanıb. Ən çətin anlarda belə qeyrətinə, qüruruna sığınıb, mənliyinə kölgə salacaq nəyəsə yol verməyib.

İlyas müəllim təbii bir insan, vicdanlı adamdır. Heç zaman dildə bir, əməldə başqa cür olmayıb. Düşündüklərini cəsarətlə dilə gətirib. Hətta dedikləri çoxunun xoşuna gəlməsə də, düz sözü söyləməkdən çəkinməyib.

Bu gün də onu fərqləndirən, dəyərləndirən ətrafına, adamlara bəslədiyi insani münasibətdir. O, ilk növbədə, yaşadığı həyatda daha çox insanlıq edib! Bu gün də ətrafındakılara, ümumiyyətlə, adamlara göstərdiyi yaxşılıq, insanlıq yenə də diqqəti cəlb edir.

İlyas İsmayılov Tanrının ona verdiyi ömür payını ləyaqətlə, kişi kimi yaşayır. Əsas da odur ki, ürəklərdə özünə yuva qurub, yaddaşlara yazılıb. Bu, onun zəhmətinin ən böyük bəhrəsi, həyatda qazandığı ən böyük mükafatdır. Onun haqqında hələ deyiləcək, yazılacaq. O, buna  layiqdir! Bəli, bu işıqlı insanın həyatı, fəaliyyəti, elmi yaradıcılığı ayrıca araşdırmaların, tədqiqatların mövzusudur. İlyas İsmayılov tale qismətinə düşən ömür payını təmiz, pak, ülvi duyğularla yaşayan və qəlbinin nurunu Azərbaycana ərmağan edən vətən oğludur!

Belə pak insanlar zaman keçdikcə, elə indinin özündə də mənim xatirələr aləmimin, yaddaş dünyamın xatirə və bəzəyidir.

Mobil İsmayılov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar