Özün boyda dərd yüklədin çiynimə

Nureddin-238x215

Nurəddin İSMAYIL

Fani dünya boşalırsan, dolursan,

Yarpaq-yarpaq saralırsan, solursan,

Özün boyda dərd yüklədin çiynimə,

Matəm qurub saçlarımı yolursan.

Qədərimiz yazılıbdır üstünə,

İsinmədik, həm kor olduq tüstünə,

Nədir durdun aşiqlərin qəsdinə,

Matəm qurub saçlarımı yolursan.

Cəfa çəkən səfa görməz əlindən,

Baş çıxarmaz kimsə sənin felindən,

Göz yaşımız az olmadı selindən,

Matəm qurub saçlarımı yolursan.

Nə sən qalan, nə mən dünya tutanam,

Göy üzündən yerə gələn butanam,

Eşq yolunda hər cəfanı udanam,

Matəm qurub saçlarımı yolursan.

Naşı oldum sənə könül bağladım,

Gül çiçəkdən hörüb çələng bağladım,

Özüm yandım, öz dərdə ağladım,

Matəm qurub saçlarımı yolursan.

24.12.2016

Səndən qalan yaxşı addır , əzizim

Ömür bir çiçəkdir, saralıb, solur,

Bir içim qədəhdir, boşalıb, dolur,

Ruzigarlar tel-tel saçını yolur,

Səndən qalan yalnız addır, əzizim.

Çəkib gedir karvanını illərin,

Sakinisən qərib-qərib ellərin,

Saralacaq gül qoxulu çöllərin,

Səndən qalan yalnız addır, əzizim.

Bir gün gəlib əcəl səni haqlayar,

Torpaq altda cəsədini saxlayar,

Xanimanın alt-üst olar, laxlayar,

Səndən qalan yalnız addır, əzizim.

Əbəs yerə ömrü vermə bada sən,

Çox aldanma ağızda tam, dada sən,

Doğma bilib, cox bağlandın yada sən

Səndən qalan yalnız addır, əzizim.

Son əvvələ, əvvəl sona bağlıdı,

Çox sinələr bu dünyadan dağlıdı,

Tac başında, hər kəsin öz ağlıdı,

Səndən qalan yalnız addır, əzizim.

02.01.2016

Ta əzəldən səndəyəm

Mən eşqinə sadiq olan bəndəyəm,

Ruhum gəzən gül qoxulu təndəyəm,

Əritmişəm, izim, tozum qalmayıb,

Kimsə bilməz, ta əzəldən səndəyəm.

Hər çiçəkdə sənin nazlı baxışın,

Hər varlıqda ilmə-ilmə naxışın,

Göz yaşıma təsəllidir yağışın,

Kimsə bilməz, ta əzəldən səndəyəm.

Eşq oduna yandırdığın közün var,

Hər nəfəsdə “OL” sözündən sözün var,

Hər baxdığım göz içində gözün var,

Kimsə bilməz, ta əzəldən səndəyəm.

Yar adında mənə təzə yar verdin,

Dağ çəkilən sinəm üstə qar verdin,

Mən yox idim yox içindən bar verdin,

Kimsə bilməz, ta əzəldən səndəyəm.

Vüsalındır hər dərdimin əlacı,

Aşiqinə yetər baxsan qıyqacı,

Nə dövrandı ağız tamsız, dil acı,

Kimsə bilmzə, ta əzəldən səndəyəm.

14.12.2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar