Kirvəlik ənənəsinin nə türklərə, nə də İslama aidiyyatı var…

 Şəmil Sadiq

Bu günlərdə bir gəncin öz kirvəsinin qızını sevdiyini, qızın da onu sevdiyini eşitdim. Onu da eşitdim ki, qızın atası qızı oğlana verməyəcəyini qətiyyətlə bildirir və bunu adət-ənənəyə zidd addım kimi qiymətləndirir. Çünki ənənəmizdə belə bir fikir varmış ki, kirvə uşaqları bir-biri ilə evlənə bilməzlər. Bunun da səbəbi kirvə uşaqları arasında qan bağının olmasıdır: yəni onlar bacı-qardaş sayılır.

Əslində, bu yazıda “kirvə” kultunun haradan və necə gəldiyini qaynaqların izi ilə araşdırmağı qarşıma məqsəd qoymuşam. Lakin hansı nəticəyə gələcəyimdən asılı olmayaraq, münasibətim oxucuya öncədən bəlli olsun deyə yazıram ki, bu çürük və gülünc ənənənin heç bir dəyərinin qalmadığı düşüncəsindəyəm. Bu, istər milli, istərsə də dini ənənə olsun, lazımsız və gərəksiz bir haldır.

“Kirvə” anlayışının Azərbaycanın Cənub-Qərb regionlarında daha geniş yayıldığını görürük. Hətta böyük Azərbaycan prizmasından baxdıqda isə Cənubi Azərbaycanda və Anadolunun Naxçıvanla sərhəd bölgələrində aktiv ənənə təzahürlərindən biri kimi görünür.

Maraqlısı odur ki, “kirvə-kirvə” oyunu daha çox şiələrdə müşahidə olunsa da, Şimala gəldikcə yoxa çıxır. Məsələn, Bakıda, Lerikdə, Masallıda, Lənkaranda kirvə anlayışı tanış kəlmə olsa da, ənənə yoxdur.

Kirvə sözü birbaşa sünnət mərasimi ilə bağlı olduğu üçün deməliyik ki, sünnət anlayışı dünyaya İbrahim Peyğəmbərdən qalma mirasdır. Sonradan isə yəhudilərdən müsəlmanlara keçmişdir. Deyilənlərə görə, İbrahim peyğəmbər 80 yaşında olarkən Şam vilayətinə bağlı Kaddum kəndində özü-özünü sünnət etmişdir. Bəzən bu adətə “hitan” da deyilir.

Kirvə sözünün bizim izahlı lüğətimizdəki mənası belədir:

Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi.

Yaxın adama kişiyə müraciət məqamında işlədilir.

İndi gələk bizdəki kirvə sözünün ifadə etdiyi və daşıdığı mənaya.

Bəli, kirvə uşaq sünnət olunarkən onu qucağına otuzduran kişiyə deyilir. O, əti kəsilən uşağın çığırıb-bağır etsə də, hərəkət etməsinin qarşısını almalıdır. İndiki uşaqlar bilməzlər, əvvəllər bu proses qamış və ülgüclə həyata keçirilsə də, indi dəlləyin yerini həkim, kirvənin yerini isə ya tibb bacısı, ya da tibb qardaşı tutur. Kirvə isə simvolik olaraq seçilir. Halbuki kirvəliyin əsas amili sunnət zamanı tökülən qandır ki, bu da qan qohumluğu yaradır. Uşaq sünnət ediləndən sonra dəllək su tökür, kirvə duran kişi əllərini üstdə, uşağın atası isə altda tutaraq yuyurlar.

Naxçıvanda, Qərbi Azərbaycanda, Qarabağda kirvə anlayışı sanki, ştatdankənar əmi, dayı funksiyasını daşıyır. Belə ki, kirvənin seçilməsi çox uzun və ağır prosesdir. Çox böyük önəm verildiyi üçün və gələcəkdə evin adamı olacağı nəzərə alınaraq onun əxlaqı, mənəviyyatı yerində olmasına xüsusi diqət yetirilir. Və düzgün seçilməlidir ki, bu qohumluqda xəta olmasın. Adətən, kirvələr də sülalə formasında dədədən oğula keçə bilir.

Hər kəs kirvəni özünə bab seçməlidir: nə çox varlı, nə çox kasıb. Cibi cibinə, huyu huyuna tay olsun gərək. Yadıma bir lətifə düşür bu məqamda.

Bir gün biri özünə uyğun kirvə axtarır, nə illah edir, qərara gələ bilmir. Həsən müəllimi qoymaq istəyir, amma düşünür ki, bu, çox varlıdır, bunu qoysa deyəcəklər yaltaqlanır, Vəlini qoymaq istəyir, görür onun da həyat tərzi bunlara yaddır, bir sözlə, alınmır ki, alınmır. Allah görür ki, bu adam çətin vəziyyətdədir, adam cildinə düşüb qabağına çıxır. Deyir, gəl məni oğluna kirvə et. Adam deyir, axı sən kimsən, mən səni tanımıram. Deyir, Allaham. Adam düşünmədən cavab verir: mümkün deyil, sən ikiüzlüsən, əgər bu dünyanı sən yaradıb, sən idarə edirsənsə, varlı kasıb məsələsi də sənin günahındır. Allah kor-peşman geri dönür. Sonra Əzrayıla deyir ki, sən get özünü təklif et, görək nə deyir. Adam Əzrayılı qəbul edir. Deyir, səni olar. Çünki sən kasıb varlı fərqi qoymursan, hamıya eyni gözlə baxırsan.

Bu məsəl bizim kirvə seçməyimizi təqribən olduğu kimi andırır. Çünki bu qədər məsuliyyətli və ağır məsələdir.

Kirvə seçilir, sünnətin bütün anlarında kirvə, kirvədostu, kirvəcanı sünnət ediləcək uşağın yanında olur, hətta uşağın ata, ana, qardaş, bacı, nənələrinə tabaq gətirir, hədiyyələr alır. Sunnətdən sonra uşaq sağalır, bu ənənə olduğu kimi təkrarlanır, indi də digər ailə kirvəgili onlardan da yaxşı tabaqları olması şərti ilə ziyarət edirlər.

Kirvə sözü hardan və necə yaranıb?

Kirvəlik türklüklə bağlı adətdirmi?

Kirvəlik islamla bağlı mərasimdirmi?

Kirvə uşaqları evlənə bilərlərimi?

Necə oldu ki, Azərbaycanın bir hissəsində məşhur olan bu adət, digər bir hissəsində yox dərəcəsindədir.

Fikrim bu dörd suala cavab tapmaqdır. Necə oldu ki, biz kirvəliyə bu qədər aludə olduq?

Sözün mənşəyinə getmədən öncə deyim ki, fars və ərəblərdə bu ənənə yoxdur. Demək ki, İslamla olan bağlılığı sonradan yaranıb.

Heç Orta Asiyadakı özbək, türkmən, qazax, qırğız türklərinin də kirvə sözündən xəbərləri yoxdur. Buradan da göründüyü kimi, kirvəlik ənənəsinin heç türklüklə də əlaqəsi yoxdur. O zaman adam narahat olur, türk və İslam mədəniyyətinə bu ünsür haradan gəldi və necə oldu ki, belə bir önəmli missiya daşıdı özündə?

Region olaraq fikrimizi yekunlaşdırsaq görərik ki, Cənubi Azərbaycanda, Naxçıvanda, Qarabağda, Qərbi Azərbaycanda, Şərq və cənub-şərq Anadoluda daha geniş yayılmış kirvəlik institutu vardır.

Türkiyədə nəşr edilən lüğətlərdə kirvə sözü bu cür izah edilir:

- Kürdcə kirva/kirve çocuğu sünnet ettiren ve yaşam boyu sahip çıkan kişi

- Süryanicə ḳarīvāyakın kişi, akraba, vaftiz babası = Ar ḳarīb yakın kişi, akraba → kurb

Göründüyü kimi, həm süryanicədə, həm də kürdcədəki mənalar çox yaxındır və bizim izahlı lüğətimizdəki mənalar da eyniyyət daşıyır.

Kirvə sözünün qaynağı haqqında türkiyəli araşdırmacı Orhan Türkdoğan bu kəlmənin mənşəyinin farscadakı “kirov”dan gəldiyi qənaətindədir. Onun fikrinə görə Güney türkcəsinə və kürdcəyə də farscadan keçmişdir. Belə ki, Kir, kiriv, kirov-Farsça’da erkek tenasül organı anlamına gelir. Kürtler penise bu adı verirler. Kumera – Farsça’da tutmak, muhafaza etmek manasını taşır.

(http://turkoloji.cu.edu.tr/CUKUROVA/sempozyum/semp_2/koksal.pdf)

Sözün yayılma arealına baxsaq, kürd və ya Süryani mənşəli olduğunu qəbul etməmək mümkün deyil. Düzdür, farscadan bu dillərə keçməsi daha məntiqlidir. Lakin bizim dilimizə farsacadan deyil, kurdcədən keçməsi daha düzgün hesab edilər məncə. Farsların ifadə etdiyi “kir” sözü bu gün onlarda kirvə sözü ilə heç bir bağlantı daşımır artıq. Necə keçməsi və yayılması isə, yəqin ki, İslamla bağlıdır.

Digər bir məqam isə kurdlərin əksəriyyəti sünnidir, süryanilər də xristiandır. Sünnilərdə isə kirvə ənənəsi şiə və ələvilərdən daha az yayılmış bir ifadədir. “Kirvə” Ələvi türklərdə, kürdlərdə, yezidilərdə geniş yayılan bir ənənədir.

Tədqiqatçıların fikrincə, kirvəlik institutu qeyri-müsəlmanlarla müsəlmanlar arasında, şiələrlə sünnilər arasında daha geniş yayılıb. Bunun da səbəbi kimi bir yerdə yaşamağa məcbur olan kürdlərlə ermənilər, türklərlə ermənilər, türklərlə süryanilər bir-biriləri ilə yaxınlıq etmək üçün, münasibətlərini dərinləşdirmək məqsədilə bu addımı atırdılar. Əlbəttə ki, müsəlmanlardan gələn təklif idi. Uşağının kirvəsini xristian etməklə onunla gediş-gəlişi rəsmiləşdirir, beləcə, bir-birilərini qorumuş olurdular.

Türkiyəli tarixçi Namiq Kamal Dinc “Kürtlərin yaddaşında Kirvəlik ənənəsi” adlı məqaləsində qeyd edir:

“… Bu araştırmaya başladığımızda Diyarbakır’da Kürtler hep Ermenilerle kirve olduklarından bahsettiler. …Ezidiler var, Aleviler var, bugün ismini unuttuğumuz pek çok farklı inanç ve etnik grup var. Diyarbakır’da Yahudi, Rum, Ermeni, Süryani, Alevi, Ezidi, Şemsi, pek çok grup birlikte yaşıyorlardı. Bu karmaşık toplumsal yapı ülkenin doğusunda kirveliğe zemin sunan toplumsal gerçekliktir diye düşünüyorum. Batıda da elbette toplumsal farklılıklar var, ama bu kadar iç içe geçmiş topluluklar değiller”.

Bizim də qərb rayonlarımızda ermənilərlə kirvə münasibətlərimiz hamımıza bəllidir. Zənn edirəm ki, bir sualın cavabını tapdım yazının tam burasında. “Kirvə uşaqları evlənə bilməz” fikri məhz ona görə yaranıb ki, müsəlmanla xristian övladlarının evliliyinin qarşısı alınsın. Çünki kirvəni ən yaxın adam kimi qəbul edib onun oğluna qız verməmək, oğul evləndirməmək mümkün deyildi. Digər tərəfdən də o dövrdə müsəlman və xristian övladlarının evlənməsi də mümkün deyildi. Ağıllı babalar ermənini, suryanini kirvə seçərkən onunla ailə bağlılığı olmasın deyə bu qaydanı tətbiq etmişlər.

İslamda birbaşa kirvəlik anlayışı olmadığına görə, “Quran”da da kirvə uşaqları ilə evlənmək və ya evlənməmək kimi bir ifadəyə rast gəlmədyimizdən bu gün bu cür çürük adətin yaşadılmasının heç bir əhəmiyyəti qalmır. “Quran”da, sadəcə, aşağıdakı məqamlarda evlilik qadağan edilir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir – öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir” (Nisa, 4/23).

İkinci bir məsələ isə kirvəliyin bu cür geniş yayılması Ələviləri müsaib adını verdiyi ənənəsi ilə çox bağlıdır. Diqqətlə incələyəndə eyni olduğunun da fərqinə varırırq.

“Ələvilik təriqətində vacib məsələlərdən biri də müsaib qardaşlığıdır. Müsaiblik, yəni axirət qardaşlığı ələvi inancında mühüm yerlərdən birini tutur.

Müsaib qardaşlığı necə olur?

Müsaiblik, ələvilərdə yol qardaşlığı (axirət qardaşlığı) mənasında istifadə olunur. Bu qardaşlıq “qan qardaşlığı”ndan tamam kənar bir qohumluqdur. Qan qardaşlığına əsaslanan qohumluq məcburi olduğu halda, müsaiblik qardaşlığında əlaqələr tamamilə könüllülük əsasında olur. Müsaiblik ənənələri geniş yayılıb. Hər Cəmdə salatdan sonra yanaşı olan icma üzvləri uyğun duanın ardınca qucaqlaşıb yanaqlarını bir-birinə vuraraq qardaşlıq əqdi edirlər. Bu hadisənin kökü hicrətin ilk illərində Məkkədən Mədinəyə köçən ilk müsəlmanlar arasında müharic və ənsar qardaşlığı hadisəsinə söykənir. Tarixi mənbələrə görə, Məhəmməd (s.ə.s) Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsindən az sonra 95 nəfərlik Məkkə sakini müsəlman da Mədinəyə (o zaman Yəsrib) şəhərinə pənah gətirir. Məkkədən gələn mühacirləri yerləşdirmək üçün İslam Peyğəmbəri “mühacir və ənsar” qardaşlığı elan edir. Hər mədinəli bir məkkəlini qardaş olaraq qəbul edib ona yer verirdi. Ən son olaraq Həzrət Əli (ə) yalnız qalır və Həzrət Məhəmməd onu özünə axirət qardaşı olaraq elan edir.

Təbii ki, ələvilik dedikdə, göz önünə gələn ilk kəlmələrdən biri də “cəm” sözüdür. “Cəm”lər, “cəm evlər”i ələvi təriqətində mühüm rol oynayır. Ələvilikdə “cəm” olmadan ibadətlər qəbul olunmaz. Ələvilikdə bir çox cəm evləri, o cümlədən, Qurban cəmləri, Görgü cəmləri, Bayram cəmləri, Abdal Musa cəmləri və təbii ki, inancın sütunu olan “qırxlar cəm”ləri dayanır.

Müsaib qardaşlığı necə olur? İki dost “yol qardaşı” olmağa qərar verdiklərində əvvəlcə ailələrinin və həyat yoldaşlarının bu haqda razılıqlarını almalıdırlar. Müsaiblik tərəflərdən biri ölmədikcə bir dəfə olur. Həyatda sadəcə bir nəfərlə edilir. Müsaiblik qardaşlığında təhsil, sosial-iqtisadi və bir çox amillərin uyğun olması mütləq şərtdir. Bu qeyd olunanlar uyğun olmazsa gələcəkdə böyük problemlər yaşana bilər. Əlbəttə, iki müsaibin və onların həyat yoldaşlarının bir-birinə anlayış göstərməsi mütləq şərtlərdəndir. Müsaibin həyat yoldaşları bir-birilərinin bacısı, övladları da öz övladları sayılır. Qan qohumluğu ilə olan əmi uşaqları, xala, bibi uşaqları bir-biriləri ilə evlənə bildiyi halda, müsaib uşaqları əsla bir-biriləri ilə evlənə bilməzlər. Onlara evlənmək qəti şəkildə olmaz. Müsaiblər arasında həm dini baxımından yol qardaşlığı, həm də cəmiyyətdə yol qardaşlığı vardır. Qan qohumluğu ilə yaranan qardaşlıqda ailələr ayrı evlərdə yaşadıqlarından bir-birilərindən sosial cəhətdən asılı deyillər. Yəni qardaşlar bir-birilərinin günahından və və xeyir işlərindən cavabdeh deyillər. Qazancları və xərcləri ayrıdır. Bir-birilərinə kömək edirlər. Ancaq müsaiblik qardaşlığında olduğu kimi deyildir. Müsaiblikdə: hər iki tərəf bir-birinə cavabdehlik daşıyır, onun günahına da, xeyir əməllərinə də. Ailə daxili münasibətlər xaric bütün hər şeyləri eynidir. Yəni bu qardaşlıq, cəmiyyətdə birlik və bərabərlik baxımından çox üstün rola sahibdir. Qan qardaşları arasındakı münasibətlərdə büdcələr (gəlirlər) ayrıdır. Ancaq müsaiblikdə gəlirlər birgədir. Ayrı düşünmək ən böyük xəta hesab olunur. Bütün bunları heç bir kənar təsir altında qalmadan könüllü qəbul edən iki müsaib qardaş babalarına – mürşidlərinə müraciət edirlər. Niyyətlərini açıq şəkildə ifadə edirlər. Babaları da onlara müsaib olmağın şərtlərini bir daha izah edir və onlardan buna hazır olub-olmadıqlarını soruşur. Baba onların müsaiblik şərtlərini uyğun görəcəyi təqdirdə onlar üçün dua oxuyur. Daha sonra da onlara müsaib olmağın çətinlikləri haqqında danışır.

Xüsusilə;

Bir-birinizə ölənə qədər köməklik göstərəcəksiniz.

Yalan danışmayacaq, haram yeməyəcəksiniz.

Əlinizə, dilinizə, belinizə sahib çıxacaqsınız.

Birinizin günahından digəriniz cavabdehlik daşıyacaqsınız. Buna görə də bir-birinizin günah etməyinə mane olmalısınız.

Daha sonra baba bu könüllü müsaiblərə bir il möhlət verərək “bu qardaşlığın davam edib etməyəcəyini həyatınızda tətbiq edin”, – söyləyir. Əgər verilən müddət ərzində müsaiblik qardaşlığının şərtlərini yerinə yetirə biləcəkləri təqdirdə onlar yenidən müraciət edirlər. Bu dəfə baba bir axşam Cəm məclisi təşkil edər. Cəm məclisinə müsaib olmaq istəyən qardaşlar həyat yoldaşları ilə birlikdə iştirak edirlər. Ağ tikişsiz, bəzəksiz geyimlər geyinərlər. Həyata keçirilən ayinlə müsaib olurlar.“(http://www.aleviforum.net/Konu-alevilikte-musahiplik-nedir-yol-kardesligi-nedir.html)

Ələvilərdəkibumüsahibliyində kökü türklərdəki “andiçmə” mərasimininqalığıdır, yəqinki, formalaşaraqbugünümüzə çatmışdır.

“Türk adət-ənənəsində “and içmək” anlayışı çox böyük bir məna ifadə edir. Bu anlayışın içərisində keçən “içmək” feili, həqiqətən, bir nəyisə içmək, udmaq mənasında istifadə edilməkdədir. Əski türk ənənəsində bir neçə nəfərin bir söz və ya davranış üzərində Tanrını şahid tutaraq razılaşdıqları “and içmək” ənənəsi olmuşdur. Ən azı iki türk, bir şey üzərinə söz verəcəkləri zaman “and” deyilən bir içki qabının içərisinə qımız doldurulur, and içərək söz verəcək şəxslər qılınclarını çəkərək biləklərini kəsir və o qabın içərisindəki qımıza bir neçə damcı qan axıdırmış. Mu müqəddəs and daxil olan hamının qanı qabın içərisinə axdıqdan sonra and deyilən bu cam qabdan hamı içir və beləliklə geri dönülməz bir razılıq üzərinə and içmiş olurlar. Bu şəkildə həyata keçirilən razılaşmaya “and içmək” deyilir. And içən şəxslər “anda” olaraq adlandırılır və türk ənənəsində içilən bu “and” üzərindən əsla geri dönmək olmaz” (Orkun KUTLU).

Kiçik araşdırmadan sonra gəldiyimiz qənaət belədir ki, kirvə və kirvəliyin nə türk, nə də İslam düşüncəsinə dəxli var.

Kirvə sözü də nə türk, nə də ərəbcədir. Mənası da çox biabırçı bir ifadədir.

Kirvə uşaqlarının evlənə bilməməsi qanunu da dövrü üçün xristian və müsəlman uşaqlarının evlənməsinin qarşısını almaq məqsədi ilə yaradılıb və buna görə də bu cür düşüncə sahibi millətinə və dininə xəyanət etmiş olur.

Gördüyümüz kimi, tarixi üçün bəlkə də böyük önəmi olan bu törən, bu gün puç və lazımsız bir hadisəyə çevrilmişdir. Dünyanın tələblərindən çox geridə qalır və heç bir əhəmiyyət kəsb etmir. Olsa-olsa, köhnə zehniyyətçilərin əlində özlərinin də mənasını bilmədiyi bir hadisənin əsiri olması rolunu oynayır və qurulacaq ailələrin, gənclərin sağlam sevgisinin buxovudur.

Ənənələr zaman-zaman dəyişir. Dəyişməsi də labüddür. Bu günün orta statistik insanın bilgisi, informasiyaya ulaşması 1000 il bundan qabaqkı alimdən qat-qat üstündür. Onun üçün də “atalar həmişə düz deyir” prinsipi də öz qüvvəsini itirməkdədir.

Əgər kirvə uşaqlarının evlənməsi qadağandırsa, Adəmin övladlarının evlənməsinə nə deyək. Əlbəttə ki, o rəvayətlə bu gün yaşam tərzi qurmaq mümkün deyil, elə isə gəlin, düşünək və bu gülünc adətdən əl çəkək bəlkə! 

(Senet.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar