Qaz kəmərində 3-cü partlayış: Yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu, Səngəçal qəsəbəsində magistral qaz kəmərində baş verən partlayışla bağlı açıqlama yayıb.

FHN-in saytında yer alan məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları - Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb".

* * *

Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verib. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib.SOCAR-dakı mənbələr məlumatı virtualaz.org-a təsdiqləyib, daha sonra rəsmi məlumat yayılacağı bildirilib. Yayılan kadrlara əsasən partlayış və yanğın bu dəfə də 1000 millimetrlik qaz kəmərində baş verib, şiddətli yanğın davam edir. Hələlik yanğına müdaxilə olunmayıb.

Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır. Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», - şirkət qeyd edirdi.

Lakin eyni yerdə ikinci yanğın yanvarın 2-də baş verdi. Bu isə artıq üçüncüdür...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar