ABUTALIBOVUN SAXTA SƏNƏDLƏ 5 MİLYONLUQ TORPAQ “OVU” – Məhkəmələrə kimlər təzyiq edir?

BŞİH başçısı ilə general Həsən Şirinovun yaxınları və daha 19 vətəndaşın məhkəmə çəkişməsində yeni proses başlayır

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa müdaxiləsi ilə 21 Azərbaycan Respublikası vətəndaşının şəxsi mülkiyyətində olan 2 hektara yaxın torpaq sahəsinin zorakılıqla əllərindən alınmasına cəhd olunduğu barədə məlumat vermişdik. Hazırda Abutalıbovun qardaşına məxsus olduğu deyilən “Araz İnşaat LTD” MMC tərəfindən vətəndaşların faktiki olaraq zəbt edilmiş ərazilərinin ələ keçirilməsini rəsmiləşdirmək üçün “hüquqi yollara” baş vurulub. Tərəflər arasında bir neçə instansiyada məhkəmə çəkişməsi davam edir.

“Kupça” daha mötəbər sənəddir, yoxsa Abutalıbovun saxta sərəncamı?

Xatırladaq ki, mübahisəyə səbəb olmuş torpaq sahələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yerləşir. Zığ bələdiyyəsinin 2002-2004-cü ilərdə verdiyi sərəncamlarla 21 vətəndaş burdan torpaq alıb. 2012-2013-cü illərdə vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdən çıxarışlar almaqla, mülkiyyət hüquqlarını ən mötəbər sənədlə təsdiqlətmiş olublar. Hətta bəziləri öz mülkiyyətlərini notarial qaydada başqa vətəndaşlara da satıblar. Lakin bu vətəndaşlar öz mülkiyyətləri üzərində tikinti aparmaq istədikdə “Araz İnşaat LTD” MMC-nin sahiblərindən biri, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı olduğu bildirilən Rəcəb Hüseynov əraziyə gəlib, fəhlələri və mülkiyyətçiləri təhqir edərək polisin vasitəsilə ərazidən qovub. Deyib ki, bu torpaqlar ona məxsusdur. Hər halda saytımıza ünvanlanan şikayət məktublarında belə deyilir. Bundan sonra uzun-uzadı məhkəmə prosesləri başlayıb.

Əlində Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar olan vətəndaşlara qarşı məhkəmə iddiaları qaldıran “Araz İnşaat LTD” MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2010-cu il tarixli sərəncamı ilə həmin ərazilərin (ümumilikdə 3 hektar – real bazar dəyəri 4-5 milyon manat) bu şirkətə verildiyini iddia edir.

Saytımıza təqdim olunan sənədlərə görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yaşayış binalarının tikintisi üçün “Araz İnşaat LTD” MMC-yə icarə əsasında 4.2 ha torpaq sahəsi ayrılsa da, sonradan barəsində danışdığımız sərəncamla bu rəqəm 7,3 ha-ya çatdırılıb. Daha dəqiqi, 2013-cü ildə ortaya belə bir sənəd çıxarılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 517 saylı, 30.12.2010-cu il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd etdiyimiz 126 saylı, 20.05.2005-ci il tarixli sərəncamına qismən dəyişiklik edilərək, ayrılmış TORPAQ SAHƏSİNİN MÖVCUD ÖLÇÜLƏRİ DƏQİQLƏŞDİRİLƏRƏK, 7.3154 ha müəyyən edilmişdir.

Və beləliklə də bu sərəncamla əllərində rəsmi mülkiyyət sənədləri olmasına baxmayaraq, 21 vətəndaşın torpaqları da “Araz İnşaat LTD” MMC-yə verilmişdir.

Məhkəmələrə kimlərin adından təzyiq edilir?

Lakin Hacıbala Abutalıbovun 30.12.2010-cu il tarixli sərəncamını BŞİH-dən başqa heç bir dövlət orqanı təsdiq etmir. Yəni “Araz İnşaat LTD” MMC tərəfindən vətəndaşların mülkiyyətini “işğal” etmək üçün istifadə olunan Abutalıbovun 2010-cu il tarixli “dəqiqləşdirmə sərəncamı” 2010-2014-cü illər ərzində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Daşınmaz Əmlakın reyestrində qeydiyyata alınmamışdır. Bunu həmin dövlət qurumları rəsmi sənədlərlə təsdiq etmişlər. Buna baxmayaraq “Araz İnşaat LTD” MMC ilə bərabər BŞİH başçısı Hacıbala Abutalıbov da məhkəmədə iddia qaldıraraq Zığ bələdiyyəsinin 2002-2004-cü il tarixli sərəncamlarının ləğvini tələb edir. Artıq bir instansiya onun bu iddiasını təmin edib.

“Araz İnşaat LTD” MMC-nin Suraxanı rayon Məhkəməsində təmin edilmiş, apellyasiya instansiyasında ləğv olunmuş iddiasına isə mayın 16-da Ali Məhkəmədə baxılacaqdır. Mülkiyyəti üzərində həbs qoyulmuş vətəndaşların iddiasına görə, qarşı tərəf - “Araz İnşaat LTD” MMC və Hacıbala Abutalıbov Ali Məhkəməyə təzyiq etmək üçün bütün imkanlarını səfərbər etmiş vəziyyətdədir. Belə ki, Abutalıbovun bu işə BŞİH-dəki sirli “Nərminə xanımı” və Prezident Adminstrasiyasındakı, hökumətdəki bəzi vəzifəli şəxsləri qoşduğu, onların da Ali Məhkəmədən “Araz İnşaat LTD” MMC-nin xeyrinə qərar çıxarmağı “xahiş” etdikləri bildirilir. Eyni zamanda Ali Məhkəmənin sədri Ramiz Rzayevin BŞİH-də işləyən bibisi oğlu Rafiq Məmmədovun da bu işdə müəyyən rol aldığı haqda iddialar var.

“Araz İnşaat LTD” MMC-nin mövqeyi

Lakin “Araz İnşaat LTD” MMC-nin rəhbərliyi (Bu şirkətin sahiblərindən birinin də Hacıbala Abutalıbovun qardaşı olduğu bildirilir) bu iddialarla razılaşmır. Şirkətin təsisçisi Şahin Hüseynov (Şikayətçilərin məktublarında adı keçən Rəcəb Hüseynovun qardaşıdır) saytımıza telefon açaraq bildirib ki, onlar ümumilikdə 7.2 hektar torpağa qanuni sənədlərlə iddia edirlər, qarşı tərəfin əlində olan Zığ bələdiyyəsinin sərəncamları saxtadır, qanunvericiliyin tələblərinə zidd olaraq hazırlanıb. Şirkət rəhbəri bu iddiasının sübutu olaraq redaksiyamıza müəyyən sənədləri də təqdim edib.

Zığ Bələdiyyəsinin yeni sədri Mütəllim Məmmədovun 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə göndərdiyi məktubda bildirilir ki, həmin sərəncamlar 10 il əvvəl bələdiyyə sədri olmuş mərhum Ə.Ağayevin imzası və möhürü ilə təsdiq olunub. 2002-2004-cü illərdə Zığ Bələdiyyəsinin sabiq sədri tərəfindən vətəndaşlara torpaq ayrılarkən qanunvericiliyin tələbləri pozulub:

“Müəyyən olunmuşdur ki, Zığ Bələdiyyəsinin sabiq sədrinin 16.07.2004cü il tarixli 07 saylı sərəncamı ilə bir siyahı üzrə 14 nəfərə ümumi sahəsi 1.6 hektar torpaq sahəsi ayrılmışdır. Sözügedən Sərəncamın və ona əlavə edilən ayrı-ayrılıqda vətəndaşlara ayrılmış torpaq sahələrinin cizgilərinin sürətləri Arxivdə olduğu kimi saxlanılır. Sərəncamlar 10 il bundan öncə mərhum bələdiyyə sədri Ə.Ağayevin və E.Məcidovun imza və möhürləri ilə təsdiq edilmişdir. Bu torpaq sahəsi Zığ Bələdiyyəsinin mülkiyyətində deyildir.”

Sərəncamların qanunvericiliyin tələblərinə əməl olunmadan hazırlanması haqda isə bələdiyyə sədrinin məktubunda deyilir:

“Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) idarəsi torpağa dair mülkiyyət sənədi verərkən bələdiyyə sədri tərəfindən təkbaşına imzalanmış Sərəncamı yox, bələdiyyə iclasının qərarını əsas götürməli idi. Və ümumiyətlə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXÇK) və DƏDRX idarəsindən bu məsələyə dair Zığ Bələdiyyəsinə hər hansı bir sənəd daxil olmamışdır”.

Məktubda həmçinin qeyd olunur ki, bələdiyyədə olan arxiv sənədlərində bu torpaq sahəsinə dair sərəncamlardan başqa digər sənədləşmələr aşkarlanmayıb: “Digər sənədləşmələr DTXÇ Komitəsində və DƏDRX idarəsində aparılmışdır”.

Məktubdan göründüyü kimi, Zığ Bələdiyyəsi tərəfindən 2002-2004-cü illərdə vətəndaşlara torpaq sahəsinin ayrıldığı təsdiqlənir. Ancaq bu sərəncamlar verilən zaman bələdiyyə sədrinin qanunvericiliyin tələblərini pozaraq, iclasın qərarını çıxarmadığı bildirilir. Əlbəttə, bu zaman müəyyən formal qanunsuzluğun olduğu ortadır. Ona görə formal deyirik ki, onsuz da bələdiyyələrdə bütün səlahiyyətlər bir əldə - sədrin əlində cəmlənib və bələdiyyə iclası sədrin qərarını təsdiqləyəcəkdi.

Ancaq hətta belə olmasa da, əvvala, bu qanunsuzluğa görə vətəndaş məsuliyyət daşımır. Hələ onu da nəzərə alsaq ki, verilən sərəncamlar əsasında vətəndaşlara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kadastr planı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən isə mülkiyyətə dair “çıxarış” verilmişdir.

İkincisi, bu sərəncamlar məktubda göstərildiyi kimi 2002-2004-cü illərdə verilib. Arxivə də oturub. “Araz İnşaat LTD”-yə isə həmin ərazidən 2005-ci ildə 4,2 ha torpaq ayrıldığı, 2010-cu ildə “dəqiqləşdirmədən” sonra bu ərazinin 7,3 hektara qaldırıldığı iddia olunur. Bu zaman isə Zığ Bələdiyyəsindən həmin ərazinin vətəndaşlara ayrılıb-ayrılmadığı dəqiqləşdirilməyib. Ancaq Zığ Bələdiyyə sədrinin yuxarıda qeyd etdiyimiz məktubunda bildirilir ki, “sözügedən 7,3 hektar torpaq sahəsinin “Araz İnşaat LTD”-nin istifadəsində olmasına dair sənədlər Zığ Bələdiyyəsində müəyyən edilməmişdir”.

“Araz İnşaat LTD” MMC-nin “AzPolitika.info”-ya təqdim etdiyi digər bir sənəd isə şirkətin müraciəti əsasında 2014-cü ilin mart ayında faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işinin açılması barədədir. Suraxanı rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Sərdar İmanov “Araz İnşaat LTD” MMC-nin müraciəti əsasında cinayət işinin açılması barədə qərar qəbul edib. Prokuror əvəzi qərarını belə əsaslandırıb:

““Araz İnşaat LTD” MMC-nin müraciətində qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 126 saylı, 20.05.2005-ci il tarixli sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 4.2 HA TORPAQ SAHƏSI İCARƏ ƏSASINDA “Araz İnşaat LTD” MMC-yə verilmişdir.

Ancaq İSTİNTAQA MƏLUM OLMAYAN ŞƏXSLƏR tərəfindən guya Zığ Bələdiyyəsi tərəfindən verilmiş ......... sərəncamlar, yəni hüquq verən sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla aldatma yolu ilə özgənin əmlakını, yəni “Araz İnşaat LTD” MMC-nin torpaq sahəsini ələ keçirmişdir.

Həmin hərəkətlərdə Azərbaycan Respublikası CM-in 178.2.1-ci və 320.1-ci maddələrinin əlamətləri vardır. Ona görə də, cinayət işi başlamalı və istintaq aparılmalıdır.”

Beləliklə prokuror cinayət işinin başlanması haqda qərar verir və cinayət işinin istintaqı Suraxanı RPİ-nin İstintaq Şöbəsinə tapşırılır.

Prokurorluğun cinayət işi qərarı nəyə xidmət edirdi?

 Göründüyü kimi, “Araz İnşaat LTD” MMC tərəfindən vətəndaşlara cinayət işi açdırmaq üçün Suraxanı rayon prokurorluğuna edilən müraciətdə belə təhrifə yol verilib. Şirkət rəhbərliyinin prokurorluğa müraciətindən və prokurorun qəbul etdiyi qərardan belə çıxır ki, guya vətəndaşlar “Araz İnşaat LTD” MMC-yə ayrılmış 4,2 ha ərazini tutublar. Halbuki həmin ərazi ilə vətəndaşların mülkiyyətində olan torpaqlar qonşuluqda yerləşsələr də bir-birinə aidiyyatları yoxdur.

“Araz İnşaat LTD” MMC-nin müraciətindəki digər anlaşılmaz məqam guya ərazinin naməlum şəxslər tərəfindən zəbt olunduğunun iddia edilməsidir. Halbuki, şirkətin prokurorluğa həmin müraciətdən əvvəlki tarixlərdə məhkəmələrə müraciətlərində “naməlum şəxslərin” adları bir-bir qeyd olunub. Bu fakt da Suraxanı Rayon Prokurorluğuna edilən müraciətin vətəndaşlara təzyiq məqsədi daşıdığını göstərir. Bunu Suraxanı Rayon Polis İdarəsində aparılan tədqiqat və cinayət işi açılmasından imtina qərarı da sübut edir.

“Araz İnşaat LTD” MMC-nin prokurorluğa müraciətində diqqəti çəkən bir məqam da var ki, niyə müraciətdə Hacıbala Abutalıbovun 30.12.2010-cu il tarixli sərəncamından bəhs edilmir. Şirkət bilə-bilə ki, vətəndaşların torpaqları məhz bu sərəncamın əhatə dairəsində yerləşir, 2005-ci il sərəncamına istinad edib. Bu fakt Hacıbala Abutalıbovun 30.12.2012-ci il tarixli sərəncamının şübhəliliyini biraz da artırır. Çox böyük ehtimalla bu sənəd şikayətçilərin iddia etdikləri kimi, həqiqətən də 2013-cü ildə hazırlanıb və köhnə tarixə rəsmiləşdirilib.

Hansı ki, bu fakt ağır cinayət əməli sayılmalıdır. Vətəndaşlar tərəfindən “AzPolitika.info” saytına göndərilən məktubdan və ona əlavə edilən dövlət qurumları tərəfindən verilmiş sənədlərin surətindən belə məlum olur ki, Abutalıbovun belə bir qanunsuzluğa qol qoymasının səbəbi “Araz İnşaat LTD” MMC-nin onun qardaşının nəzarətində olmasıdır. Məhz bu səbəbdən də Hacıbala Abutalıbovun cox ciddi bir qanunsuzluğa yol verərək dövlət sənədini saxtalaşdırdığı və həmin saxta sənəd əsasında məhkəmələrə təzyiq göstərərək, 21 şəxsin mülkiyyətində olan 2 hektara yaxın torpaq sahəsini özününküləşdirmək istədiyi bildirilir.

Xatırladaq ki, Hacıbala Abutalıbovun torpaqlarını əllərindən almaq istədiyi vətəndaşlar arasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun qardaşı və bacısı oğlu da var.

Bu torpaq mübahisəsi üzrə yaxın günlərdə 2 məhkəmə prosesi olacaq. Saytımızın əməkdaşı məhkəmələrin gedişini izləyəcək.

Murad MƏMMƏDOV

“AzPolitika”

Sənədlərin fotosürətləri:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar