MƏRKƏZİ BANKA 7,5 MİLYARD NİYƏ VERİLİR? - Ekspert səbəbləri açıqladı

Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manatın tranfert edilməsinə qərar verilməsi gündəmin əsas müzakirə mövzusudur. “AzPolitika.info” Vergilər Nazirliyi və Gömrük Komitəsinin sabiq əməkdaşı, iqtisadçı Qulu İbrahimlinin bununla bağlı məqaləsini təqdim edir:

qulu2017-ci ildə Dövlət Neft Fondundan makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka yuxarı həddi 7,5 milyard manat nəzərdə tutulan transfertlə bağlı, indiyədək ötən iki ildə manatın məzənnəsi ilə bağlı şərhlərdə olduğu kimi, iqtisadçılar tərəfindən yenə yanlış şərhlər verilir. Həmin 7,5 milyard manatın Neft Fondundan, 4,2 milyard dollar olmaqla, valyuta şəklində veriləcəyi və Mərkəzi Bankın da gələcəkdə valyuta bazarına təqdim edəcəyi fikri kökündən yanlışdır.

7,5 milyardın yarısı Mərkəzi Bankın Fonda olan borc öhdəliyinin silinməsinə aid olunacaq

Xatırladım ki, 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Dövlət Neft Fondu tərəfindən büdcəyə edilməli transfert həddində valyuta satışının həyata keçirilməsinə baxmayaraq, həmin vəsait Fond tərəfindən tam şəkildə büdcəyə köçürülməyib və onun Mərkəzi Bankdakı hesabında manat aktivi şəklində saxlanıbdır. 2016-cı ilin yekunu üzrə dövlət büdcəsinin icrası barədə məlumat açıqlanmadığına görə, ilin sonuna icra olunmamış transfert barədə dəqiq məlumat yoxdur. Amma 2016-cı ilin 9 ayının nəticəsinə görə Fondun həmin manat aktivi təqribən 3,0 milyard manat təşkil etmişdir və 2016-cı ilin sonuna da ən azı həmin məbləğdə olduğunu ehtimal etmək olar.

Neft Fondunun 2016-cı ildə proqnozu icra etməyərək dövlət büdcəsinə tam köçürmədiyi manat aktivi Mərkəzi Bankın balansında "Hökümət orqanları qarşısında öhdəliklər" hesabında əks olunur, yəni Mərkəzi Bankın Fond qarşısında borc öhdəliyidir. Deməli, 2017-ci ildə Fonddan Mərkəzi Banka edilməli 7,5 milyard manat transfertin təqribən yarıya qədəri Mərkəzi Bankın Fonda olan borc öhdəliyinin silinməsinə aid olunacaq. Yəni Mərkəzi Bankın balansında bir passiv hesabdan silinib, kapital ehtiyatlarına aid ediləcək, aktivində artıma səbəb olmayacaq. Yerdə qalanı isə xarici valyuta şəklində Mərkəzi Banka veriləcək, əgər Mərkəzi Bankdan Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması üçün ona vəsait ayırması davam etdiriləcəksə, ABB-nin xaricə borclarının ödənilməsinə yönəldiləcəkdir.

Niyə məhz 7,5 milyard manat transfert nəzərdə tutuldu?

ABB-nin 2016-cı ilin 6 ayı üzrə audit hesabatına istinad etsək, ABB-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində 10 milyard manat həcmində Mərkəzi Bankın resurslarından istifadə olunmuşdur ki, bunun da 2,5 milyardı 2015-ci ilə, 7,5 milyard manatı 2016-cilin 6 ayına düşür. 2015-ci ilin 21 dekabırında manatın ikinci dəfə kəskin devalvasiyaya məruz qoyulmasının əsas səbəbinin Mərkəzi Bankın ABB-yə və Dövlət Neft Şirkətinə qanunsuz şəkildə vəsait verməsinin olduğunu dəfələrlə mətbuatda vurğulamışam.

2016-cı ildə daha 7,5 milyard manat ABB-yə vəsait ayrılması Mərkəzi Bankın balansında tarazlığın pozulmasının kəskinləşməsinə və manata təzyiqin yaranmasına gətirib çıxarmış, nəticədə höküməti 2016-cı ildə də manatı kəskin devalvasiyaya uğratmaq zərurəti ilə qarşı-qarşıya qoymuşdur. Heç də təsadüfi deyildir ki, 2016-cı ilin sentyabr ayınadək valyuta hərraclarında bankların tələbləri barədə şişirdilmiş rəqəmlər açıqlanırdı və bu tələblərin real olmadığı sübuta yetirildikdən sonra valyuta hərracları barədə məlumatlar açıqlanmadı. Müxtəlif iqtisadçıların dili ilə guya manatın dollara qarşı həqiqi məzənnəsinin 2,2-2,5 olması barədə məlumatlar verilməklə, ictimaiyyət kəskin devalvasiyaya hazırlanırdı.

Milli valyutanın məzənnəsi ilə bağlı mülahizə yürütmək üçün ilk növbədə Mərkəzin Bankın balansına baxmağın, analitik balansın öyrənilməsinin, balans maddələrində baş verən dəyişikliklərin təhlilinin vacibliyinin, Mərkəzi Bankın vəsaitlərinin ABB və ARNŞ-yə verilməsinin qanunvericiliyə zidd olmaqla, həm də kvazi-fiskal monetarizasiya olduğu, görülən bu mikroprudensial tədbirlərin makromühit üçün sistem xarakterli risk yaratdığını və Neft Fondunun vəsaitlərindən istifadənin daha düzgün olduğunu xüsusi vurğulamaqla, iki ildir həm hökümətə, həm də cəmiyyətə sırınmış elmi əsası olmayan yanlış fikirlərə qarşı ardıcıl mübarizə öz bəhrəsini verdi.

Heç də təsadüfi deyildir ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası ilin sonunda - 29 dekabrda keçirildi, Mərkəzi Banka 7,5 milyard transfertin də nəzərdə tutulduğu 2017-ci il üçün Fondun büdcə layihəsi müzakirə olunaraq, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir. Demək ki, hələ ilin sonunadək manatı kəskin devalvasiyaya məruz qoymaq gündəlikdə olubmuş. Fonddan Mərkəzi Banka nəzərdə tutulan transfert gələcəklə bağlı deyil, əslində, yanlış qərarların Mərkəzi Bankın balansında yaratdığı qeyri-tarazlığın düzəldilməsinə xidmət etməklə, keçmişdə baş vermiş proseslərlə bağlıdır. 2016-cı ilin 6 ayında ABB-yə ayrılmış 7,5 milyard manatın milli valyutamız üzərində yaratdığı təzyiqi aradan qaldırmağa xidmət edir.

Hökümətin Neft Fondunun vəsaitlərindən istifadə ilə bağlı qərarı gecikmiş olsa da və məhz transfert üsulunun seçilməsi optimal yol olmasa da, ümumən çox düzgündür, təqdir olunmalıdır. Əgər, Neft Fondundan Mərkəzi Banka transfert makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi daşıyırsa, onda bunun əksi də o deməkdir ki, Mərkəzi Bankın vəsaitlərinin ABB-yə və Dövlət Neft Şirkətinə verilməsi makroiqtisadi sabitliyin pozulmasına səbəb olur. Hökümətin lap əvvəlcədən Mərkəzi Bankın vəsaitlərinə toxunmaması, Neft Fondunun vəsaitlərindən istifadə etməli olduğu barədə fikirlərimin düzgünlüyü öz əyani təsdiqini tapdı. Bu, həm də Azərbaycanın milli ali təhsil müəssisələrinin məzunları olan yeni nəsil müstəqil iqtisadçıların biliklərinin möhtəşəm qələbəsidir.

2016-08-27-fKRkbK-ilk-devalvasiya-banklara-ne-qeder-zerer-vurdu

Transfert üsulu niyə yanlışdır və Fondun Müşahidə Şurasının iclasında daha nəyə baxılıb?

29 dekabr 2016-cı il tarixdəki iclasda eyni zamanda Fondun İcraçı direktoru tərəfindən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”ına dəyişikliklər edilməsi haqqında təqdim edilmiş məlumatlara baxılaraq təklif olunan dəyişikliklər məqbul hesab edilmiş və təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasına qərar verilmişdir. Görünür, həmin dəyişikliklər hələ təsdiq olunmayıb. Yaxşı olardı ki, valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalardakı dəyişikliklərdə ABB-nin problemli borclarının Aqrarkreditə ötürülməsi müqabilində sonuncunun Mərkəzi Banka satdığı istiqrazların Neft Fondu tərəfindən alınmasına imkan verən müddəalar salınardı.

Mərkəzi Bankın balansında qeyri-tarazlığın yaranmasına və makroiqtisadi sabitliyin pozulmasına məhz bu istiqrazlar səbəb olmuşdur, ən optimal yol da Fondun bu istiqrazları almasıdır, transfert optimal deyil. Fonddan edilən transfert Mərkəzi Bankın kapital ehtiyatlarının 7,5 milyard şişməsinə səbəb olacaq, çünki həmin transfert edilərkən mühasibat yazılışında bir tərəfdən “Hökümət orqanları qarşısında öhdəliklər” passiv hesabından azalma (Debet) və ya xarici valyutadakı aktivlər hesablarında artıma (Debet) yazılmaqla, digər tərəfdən mütləq “Kapital ehtiyatları” hesabına (Kredit) yazılıb müxabirləşdiriləcək.

Mərkəzi Bankın balansı kommersiya təşkilatlarından fərqlidir və onun kapitalının şişməsi məqbul deyildir. 2015-ci ilin sonuna Mərkəzi Bankın balansında kapitalın ümumi aktivlərə nisbəti 30% təşkil edibsə, qeyd edilən transfertdən sonra 50%-i keçməsi ehtimalı böyükdür ki, bu da bir Mərkəzi Bank üçün yolverilməzdir. Təbii ki, verdiyi kreditləri gələcəkdə kapital ehtiyatları hesabına “Ümidsiz və şübhəli borc” kimi silmək niyyəti yoxdursa...

Mərkəzi Bank 2016-cı ilin sonuna valyuta ehtiyatları barədə məlumatın açıqlanmasını yubadır və sürpiriz rəqəm də çıxa bilər. Həmçinin 2016-cı ilin yekununda dövlət büdcəsinin gəlirləri barədə məlumatlar açıqlanmayıb. Həm bu məlumatlar, həm də Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi qaydalarında edilmiş dəyişikliklər açıqlanandan sonra, transfert üsulunun qüsurlu olmasına yenidən qayıdaraq, ayrıca bəhs edəcəyəm. Neft Fondunun vəsaitlərindən istifadə barədə qərar düzgündür, amma daha yaxşı olardı ki, Aqrarkreditin istiqrazlarının Neft Fondu tərəfindən alınması şəklində olardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar