TİLLERSONUN SÖZLƏRİ VƏ ƏMƏLLƏRİ – “Bugünkü Rusiyada qanuna hörmət qoyulmur”

ABŞ senatının xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə dövlət katibliyinə namizədliyi təklif edilmiş Reks Tillerson sorğuları cavablandırıb.

“ExxonMobil” şirkətinin rəhbərini dövlət katibliyinə irəli sürməklə, yeni seçilən prezident Donald Tramp hamıya göstərmək istəyir ki, o, seçki kampaniyası zamanı Vaşinqton ilə Moskva arasındakı münasibətlərin bərpası haqqında verdiyi vədinə əməl etmək niyyətindədir.

“Forbes” jurnalının məlumatına görə, 2016-cı ilin əvvəlində Rexs Tillerson dünyanın ən qüdrətli şəxslərinin siyahısında 25-ci yeri tutub.

1 yanvar 2017-ci ildə Tillerson “ExxonMobil” şirkətinin direktoru vəzifəsini tərk edib. Mətbutda gedən məlumata əsasən, Tillerson öz pulunun böyük hissəsini “ExxonMobil” şirkətinin səhmlərinə yatırıb və o, bu səhmləri satmağı planlaşdırır. Tillerson öz maliyyə vəsaitinin 180 milyon dollarını etibarlı trasta vermək niyyətindədir.

Tillerson “ExxonMobil” şirkətinin rəhbəri kimi keçən əsrin 90-cı illərində Moskva və Sankt-Peterburqda böyük sövdələşmələr bağlayıb. Elə məhz həmin dövrdən o, Rusiya dövlət şirkəti “Rosneft”-in rəhbəri İqor Şeçin ilə yaxından tanış olub. Belə ki, həmin dövrdə İqor Seçin Vladimir Putinlə birlikdə Sankt-Peterburq şəhər administrasiyasında işləyib.

Artıq 1998-ci ildə Reks Tillerson Baham adalarında qeydiyyatdan keçən “Exxon Neftegaz” Rusiya–Amerika şirkətinə rəhbərlik edirdi. Keçən əsrin 90-cı illərində Rusiyada “ExxonMobil” şirkətinin maraqlarını təmsil edən Tillerson Rusiya hökuməti ilə “Saxalin-1”layihəsinin işlənməsi ilə bağlı beynəlxalq konsorsium yaradılmasını razılaşdırır. Bu müəssisənin baş opretoru 30%-lik payla “Exxon Neftegaz Limitid” şirkəti oldu. Həmin konsorsiuma həmçinin “Rosneft” (20 faiz), Hindistanın dövlət “Oil and Gaz Corporation Limited” (ONGC) və digər tərəfdaşlar daxil olub.

2011-ci ildə Reks Tillersonun rəhbərlik etdiyi “ExxonMobil” “Rosneft” şirkəti ilə 500 milyard dollar həcmində müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən “ExxonMobil” Rusiyanın Arktik şelfindəki yataqlardan neft çıxarmaq hüququ əldə edib. Bunun əvəzinə isə “ExxonMobil” Rusiyanın “Rosneft” şirkətinin üçüncü dünya ölkələrindəki bəzi layihlərdə iştirakına təminat verib.

Son illər ərzində Reks Tillerson Qərb və Moskva arasındakı əlaqələrin bərpa olunmasına və ABŞ-ın Rusiya ilə yaxınlaşmasına çağırışlar edib. Çünki Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçıların dəstəkləməsi ilə bağlı Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Tillersonun biznesinə birbaşa ağrılı təsir göstərir. 2011-ci ildə bağlanmış müqavilənin ABŞ hökuməti tərəfindən dondurulması bəzi məlumatlara görə “ExxonMobil” üçün 600 milyard dollar itkiyə başa gəlib.

- Tillerson və Putin

tillerson

Vladimir Putin Rusiya prezidenti olandan sonra Reks Tillerson onunla dəfələrlə görüşüb və Putin onu Rusiyanın “Dostluq ordeni” ilə təltif edib. Bu 21 iyun 2013-cü il tarixində Sankt Peterburqda keçirilən iqtisadi forum zamanı baş verib.

Bill Klintonun prezidentliyi dövründə ABŞ müdafiə nazirinin müavini olmuş Con Hemer “Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində qeyd edir ki, keçmiş dövlət katibi Henri Kissincer istisna olmaqla, Putinin ən çox görüşdüyü amerikalı Tillersondur.

- Tillerson və Rusiyaya qarşı sanksiyalar

Tillersonun Moskva barəsində söylədiklərinin əksəriyyəti tamamilə maliyyə və işgüzar sferaya aid olub. Lakin Rusiyaya tətbiq olunan sanksiyalar üzündən Rusiyanın Arktik şelfindən “ExxonMobil”in “Rosneft”lə bağladığı müqavilənin pozulmasına görə Reks Tillerson həmin sanksiyalar mexanizimini tənqid edərək, onu geosiyasi maraqlar aləti adlandırıb.

Bu məsələ ilə bağlı “ExxonMobil” səhmdərları qarşısında 2014-cü ildə çıxış edən Tillerson söyləyib: ”Biz bunları o zaman effektli sayırıq ki, onlar ümumi xarakter almasın. Bu cür tədbirlərlə nə isə əldə etmək hədsiz mürəkkəbdir. Ona görə də, biz həmişə bu cür tədbirləri görənlərə deyirik ki, ikitərəfli zərərlər barəsində də düşünsünlər”.

- Tillerson və Rusiyanın ünvanına deyilən tənqidlər

Tillersonun Kremli və şəxsən prezident Vladimir Putini tənqid etməkdən həmişə yayınmasına baxmayaraq, 2008-ci ildə Sankt-Peterburq iqtisadi forumuna çağırılan Tillerson bəyan etmişdi ki, Rusiya təcili surətdə öz hüquq sisteminin işini yaxşılaşdırmalı və onu hər şeyin üstündə tutmalıdır. O deyib: ”Bugünkü Rusiyada qanuna hörmət qoyulmur”.

Amma müşahidəçilərin fikrinə görə, bu cür tənqid həmin dövrdəki Rusiya prezidenti Dmitri Medvedyevin “hüquqi nihilizmlə” mübarizə kampaniyasına uyğun gəlirdi.

Bundan başqa Vladimir Putin və yüksək Kreml məmurları ilə tez-tez münasibətlərdə olmasına baxmayaraq, 2007-ci ildə Tillerson bir çox məsələnin həllində Rusiya hakimiyyətinin şəffaf olmadığını bildirib: ”Mən bilmirəm, ümumiyyətlə kimsə anlaya bilərmi, nəyə görə Rusiya hökuməti hərdən məhz bu cür hərəkət edir”.

(“Azadlıq radiosu”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar