Söyün Sadıqovdan Nazim İbrahimova ittiham dolu cavab- "Ağlı başına gəlməyib..."

AzərRos rəhbəri Nazim İbrahimovu İlham Əliyevi sabotaj etməkdə suçladı

«Nazim İbrahimov diaspor hərəkatına parçalanma gətirir»

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos) təşkilatı Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin və onun rəhbərliyinin onlara qarşı qərəzli mövqeyindən hiddətlənir. Baş verənlərlə bağlı təşkilat bəyanatla çıxış edib. Təşkilat eyni zamanda bəzi Azərbaycan KİV-nin faktların təhrif etməsinə, böhtan xarakterli məlumatlar dərc etməsinə də etirazını bildirib.

Bəyanatda vurğulanıb ki, Dövlət Komitəsi öz sıralarından «AzərRos»u kənarlaşdırmaqla Rusiyada yaşayan azərbaycanlıların maraqlarını müdafiə etmək niyyətində olmadığını nümayiş etdirir. Təşkilatın yaydığı bəyanatda deyilir: «Sən demə Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycanın tarixi ərazisindən kənarda yaşayan azərbaycanlılarla işləməli olan Dövlət Komitəsi əslində çiyin-çiyinə işləməli, Dünya Azərbaycanlılarının birinci, ikinci və üçüncü qurultaylarında qəbul olunan hədəfləri reallaşdırmalı olduğu təşkilatdan - «AzərRos»dan inciyib. Yeri gəlmişkən sonuncu qurultaydakı fəaliyyətinin qeyri-effektiv olmasına görə dövlət başçısı tərəfindən Dövlət Komitəsi və onun rəhbərliyinin yumuşaq desək tənqidə məruz qalması nə Nazim İbrahimovun, nə də müvafiq şöbənin ağlını başına gətirməyib. Cənab Nazim İbrahimov, biz sizdən inciməliyik. Ona görə ki, 13 illik fəaliyyətimiz nəticəsində sizdən heç bir real xeyir görməmişik. AFMMM və onun rəhbəri sizdən və Dövlət Komitəsindən asılı olmayıb və həmişə müstəqil şəkildə fəaliyyət göstərib. Yəni yalnız sizə məlum olan qaydalarla oynamayıb. Biz Nazim İbrahimova xatırlatmaq istəyirik ki, İlham Əliyev 3-cü qurultaydakı çıxışında dünyada fəaliyyət göstərən diaspor təşkilatlarını güclü olmağa çağırmışdı. Nazim İbrahimov, siz bu birliyi necə təmin edirsiniz? Siz diaspor hərəkatına parçalanma gətirirsiniz. Sizin bütün fəaliyyətiniz AFMMM-ə qarşı yönəlib».

Dövlət Komitəsinin hazırda yürütdüyü siyasətin dövlətin imicinə neqativ təsir etdiyini vurğulayan bəyanat müəllifləri qeyd ediblər ki, N.İbrahimov tutduğu vəzifədən yalnız şəxsi mənafeyini təmin etmək üçün istifadə edir: «Nazim İbrahimov və onun kimiləri tərəfindən Rusiyada yaşayan Azərbaycanlı icmasına qarşı başladılan yalan, böhtan, ayrıseçkilik kampaniyası birbaşa Azərbaycan dövləti və onun vətəndaşlarının dünyadakı nüfuzuna zərbə endirir və ölkəmiz barəsində neqativ təəssürat yaradır. İlham Əliyevin birgə fəaliyyət göstərməklə bağlı göstərişləri güclü Azərbaycan diasporasının mövcudluğunu istəməyən Nazim İbrahimov kimilərinin sayəsində puç olur. Qeyd etmək istəyirik ki, Dövlət Komitəsinə diaspora təşkilatları arasında nə nüfuza, nə də hörmətə malik olmayan bir şəxs rəhbərlik edir. Heç kim Dövlət Komitəsi və onun rəhbərinin hansı fəaliyyətlə məşğul olduğunu bilmir. O, tutduğu posta varlanmaq və şəxsi maraqlarını ifadə etmək üçün vasitə kimi baxır. Biz Dövlət Komitəsi və onun rəhbərinin fəaliyyətinin faydasız olmasına dair minlərlə arqument gətirə bilərik. Nazim İbrahimov ötən müddət ərzində bir dəfə də olsun «AzərRos»un keçirdiyi tədbirlərə qatılmayıb. Heç təşkilatın fəaliyyəti ilə maraqlanmağı belə özünə rəva görməyib. Bizim təşkilat artıq 13 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində bir çox layihələr həyata keçirib. AFMMM-in Ağsaqqalar Şurasının üzvləri nəinki Rusiyada, bütün dünyada nüfuza sahib olan azərbaycanlılardır. Artıq anlamaq lazımdır ki, «AzərRos» yalnız bir nəfərin təşkilatı deyil, bu minlərlə insanın taleyi deməkdir».

Azərbaycanın prezident seçkiləri ərəfəsində olduğu bir zamanda belə bir demarşın edilməsini destruktiv addım kimi qiymətləndirən bəyanat müəllifləri buna öz şəxsi ambisiyalarından çıxış edən uzaqgörməyən məmurun fəaliyyəti kimi adlandırır: «Dövlət Komitəsi heç təsəvvür belə etmir ki, «AzərRos» Rusiyanın hüquqi müstəvisində fəaliyyət göstərir və Dövlət Komitəsi ilə nə birbaşa, nə də dolayısı ilə əlaqəsi yoxdur. Ona görə Dövlət Komitəsinin AFMMM-i Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları ilə əməkdaşlıq siyahısından çıxarmaq və daxil etməklə bağlı addımı korrekt deyil. Hazırda «AzərRos»a dövlət və ictimaiyyət xadimi Abbas Abbasov rəhbərlik edir. O təşkilatın 5-ci qurultayında Ağsaqqalar Şurasının sədri seçilib. Məlumdur ki, dövlət başçısı 2012-ci ilin dekabrında Abbas Abbasovla şəxsən görüşən zaman ondan «AzərRos»a rəhbərlik edərək onun fəaliyyətini gücləndirməsini xahiş etmişdi. Və nəticədə A.Abbasovun adının ətrafında çirkli intriqalar başladı».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar