Yağışdan sonra çıxan göbələklər kimi artan "UCUZLUQ"

Bakı və Sumqayıtda durmadan çoxalan “Ucuzluq” adlı mağazalara gedən çox, əlidolu çıxan tək-tükdür.

"Qadın, kişi, uşaq paltarları! Gəlin! Alın! Razı qalın! Ço-ox ucuzdur!..".

Ucuz mallara müştəri haraylayan gənc səhərdən axşamacan gördüyü bu işinə görə gündə 10-15 manat qazanır. İşi uca səslə çağırıb, ucuz məhsullara alıcı tapmaqdır.

Son bir ildə Bakıda və Sumqayıtda "Ucuzluq" adında mağazaların sayı durmadan çoxalır. Adı ucuz, satılan malların qiymətisə digər ticarət yerlərindən elə də fərqlənməyən bu mağazalara gələnlər çox, nəsə alan azdır. Belə mağazalarda, adətən, böyüklər və uşaqlar üçün pal-paltar, ayaqqabı satılır.

45-40 manata olan paltolar, 10-25 manata olan ayaqqabılar...

Satıcıların adına "Türkiyə malı" deyib təriflədiyi mallarda Çin istehsalı olmasıyla bağlı yarlıq diqqət çəkir. Satıcı qızsa israrla deyir ki, məhsul Çin malı deyil:

"Çin malı deyil, başqa yerdir, bir də türk malı da çoxdur. Alıcılar da razıdır".

Satıcı qız həvəslə 45-40 manata olan paltoları, 10-25 manata satılan ayaqqabıları göstərir.

Mağazaya müştəri səsləyən Etibar adlı gənc deyir ki, onsuz da hamı burda Çin malları satıldığını bilir. Alıcıların çox olmasınısa onların müştərilərinin, əsasən, kasıb təbəqədən olmalarıyla izah edir:

"Mallar ucuzdur. Satış çoxdur. Malların çoxu Çin malıdır, ancaq Türkiyə istehsalı olan da var. Camaatın çoxu ucuz mala üstünlük verir, axı alıcılarımız, adətən, kasıblardır".

Alıcıların razı qalanı da var, malların keyfiyyətinə şübhəylə yanaşanı da:

"Məncə, bu qiymətə bu ayaqqabı pis deyil, əsl kasıb malıdır", - ortayaşlı qadın 20 manata aldığı ayaqqabını göstərir.

Tələbə Elnur Kərimli də deyir ki, o, çox vaxt bu cür mağazalardan pal-paltar alır:

"Cibimə uyğundur, ona görə həmişə belə yerlərdən alış-veriş edirəm".

Bir başqa alıcı burdan almağına nəsə aldığını, amma keyfiyyətdən razı qalmadığını söyləyir.

Saxta brendlər buralara da ayaq açıb

Bakıda brend adıyla saxta mallar satılan mağazalar az deyil. Son vaxtlar peyda olan “Ucuzluq” adlı mağazalarda da belə mallar satılır, hətta açıq-aşkar reklam da olunur. Məsələn, Sumqayıtdakı “Ucuzluq” mağazası sosial şəbəkələrdə "Rolex" markalı saatı 26 manat 60 qəpiyə, "Prada" markalı çantanınsa 19 manata satıldığını bildirir.

Mağazada çalışanlar da deyirlər ki, onsuz da hamı brend malın belə mağazalarda satılmadığını yaxşı bilir:

"Normal mallardır, ancaq orijinal deyil. Bilirsiniz ki, orijinal mal belə dükanlarda satılmaz. Azərbaycana gələn malların hamısı orijinal deyil ki!..".

“20 ildə bir dəfə rast gəlmədim ki...”

"Bu cür məhsullardan şikayətlər yetərincədir, ancaq şikayətlərə baxan yoxdur", - Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözləridir:

"Şikayətlərin biri də müsbət həll olunmur, dövlət orqanlarından deyirlər məhkəməyə müraciət edin. Hökumətin yalnız və yalnız biznesi dəstəkləmək, biznesə toxunulmazlıq statusu vermək siyasəti səhv siyasətdir. Bəzi iş adamları da bu şəraitdən sui-istifadə edir. Bu gün, açıq-açığına, saxta mallar satılır. 20 ildir mən bu işlə məşğulam. Hələ bir dəfə də eşitməmişəm ki, hansısa keyfiyyətsiz malın adı çəkilsin, kiməsə kompensasiya verilsin".

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir müddətdir saxta mallar bazarında yoxlamaları dayandırıb. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, bu durumdan sui-istifadə edənlər də var:

Fazil Talıblı: 'Çox təəssüf ki, bəzi sahibkarlar qanundan sui-istifadə etməyə başladı'

"Qanunun məqsədi sahibkara dəstək vermək, kömək etməkdir. Çox təəssüf ki, bəzi sahibkarlar qanundan sui-istifadə etməyə başladı. Bizə də belə siqnallar daxil olur. Yoxlamaların dayandırılması keyfiyyətsiz məhsulların artmasına gətirib çıxarmamalıdır".

“Ucuzluq” kimi şirnikləndirici adı olan mağazalarsa son vaxtlar yağışdan sonrakı göbələklər kimi artmaqdadır. Müştəri səsləyən gənc oğlansa "biz də kasıbçılığımızı edirik" deyib, uca səslə "ucuz mallar burdadır!" deyib, sağa-sola boylanır, müştərilərin diqqətini çəkmək istəyir...(Azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar