TRAMPIN PREZİDENTLİYİNDƏN QORXAN 7 ÖLKƏ – O, dünyanı dəhşətə gətirən vədlərini yerinə yetirəcəkmi?

ABŞ-ın hüdudlarından kənarda Donald Trampın Amerika prezidenti kimi vəzifə başına keçməsini sevinclə qarşılayanlar çoxdur. Donald Trampın NATO dəyərlərinə şübhə ilə yanaşması və onun iki ölkə arasındakı münasibətlərin istiləşdirilməsinin vacib olduğunu bəyan etməsi Rusiyanın xoşuna gəlir.

Filippinin prezidenti Rodriqo Duterte, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd Trampın Qərb dəyərləri üzərindən deyil, ümumi maraqlar baxımından əməkdaşlığa hazır olmasını alqışlayırlar. Ancaq bunlara baxmayaraq, bəzi ölkələr Trampın prezidentliyindən qorxurlar.

- MEKSİKA

ABŞ prezidenti Meksikaya sərhəddə divarın tikilməsi, milyonlarla insanın deportasiyası və güclü ticarət təzyiqlərinə hazırlaşması barəsində dəfələrlə xəbərdarlıq edib. O, Çin haqqında da yaxşı şeylər söyləməyib. Lakin öz ixracının 80%-ni ABŞ-a göndərən və öz idxalının 60%-ni oradan alan Meksika belə bir zərbəyə ən az hazır olan ölkədir.

Əgər hətta Tramp özünü gözlənildiyindən bir qədər yumşaq aparsa da, onun təhdidləri və düşməncəsinə bəlağəti, gələn il keçiriləcək prezident seçkilərində sağçı namizəd Andres Manuel Lopes Obradorun şanslarını artıracaq.

İndi uzunmüddətli perspektivdə bu iki nəfərdən hansının Meksika iqtisadiyyatına daha böyük ziyanlar vuracağını demək çətindir.

- YAPONİYA

Bəli, Tramp və Yaponiya baş naziri Sindzo Abenin ümumi maraqları var. Onların hər ikisi Yaponiya ordusunun güclənməsini və təhlükəsizliklə əlaqədar öz üzərinə daha çox məsuliyyət götürməsini istəyirlər.

Tramp kimi Abe də Rusiya ilə münasibətləri yoluna qomaq fikrindədir. Çünki Rusiya Yaponiya üçün əsas enerji resurs mənbəyidir. Sindzo Abe həmçinin ümid edir ki, Moskva ilə razılaşma imzalayaraq, İkinci Dünya Müharibəsinin yekununda Sovet İttifaqının ixtiyarına keçmiş adaları öz nəzarətinə qaytara biləcək. Lakin əgər Tramp Çin ilə gərginliyi artırarsa, onda Yaponiya özünün iki başlıca ticarət tərəfdaşının arasında qalacaq. Buraya Yaponiyanın Cənubi Koreya ilə mürəkkəb münasibətlərini də əlavə etsək, onda bu ölkə izolyasiyaya düşmək təhlükəsi ilə qarşılaşar.

- LATVİYA, ESTONİYA VƏ LİTVA

Rusiya prezidenti Vladimir Putin etnik rusları qorumağın mühüm olduğunu irəli sürərək, Ukraynaya soxulmağı öz hüququ sayır. Faiz hesabı ilə müqayisə etsək, Latviya və Estoniyada yaşayan rusların sayı Ukraynadakından çoxdur.

Ukraynadan fərqli olaraq, Baltik ölkələri NATO üzvləridir. Amma Trampın Rusiya ilə münasibətləri yoluna qoyacağına dair söz verməsi və NATO-nun köhnəlməsi barəsindəki bəyanatı elə bir siqnaldır ki, bunu Latviya və Estoniya həyəcansız qəbul etməyə bilməzlər. Latviya və Estoniya Rusiya ilə sərhədləri boyunca tikanlı məftillərdən ibarət sədd çəkməyi planlaşdırır. Litva isə Kalininqrad vilayəti ilə olan sərhəddini bağlayacaq. Sözsüz ki, bir neçə tikanlı məftil müdaxilənin önünü kəsə bilməz, lakin bu kiçik qruplar şəklindəki Rusiya əsgərlərinin özlərini istədikləri kimi aprmalarına mane olacaq.

- ALMANİYA

Almaniya kansleri Angela Merkel Trampın seçilməsini “demokratiyanın və azadlığın önə çəkilməsi, irqindən, cinsindən, baxışlarından, siyasi mənsubiyyətindən asılı olamayaraq, hər bir insanın ləyaqətinə hörmətlə yanaşılması və qanunun aliliyinin üstün olması” kimi əməkdaşlıq çağırışlarıyla qarşılayıb.

Başqa sözlə, Merkel Trampa onun seçki kampaniyası zamanı meksikalılar və müsəlmanlara aid vədlərini yernə yetirməyəcəyi şərti ilə əməkdaşlıq edəcəyi təklifini irəli sürüb. Digər tərəfdən Putinin Ukraynaya müdaxiləsini hamıdan daha çox qətiyyətli şəkildə qınayan və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların başında duran məhz Merkeldir. Trampın Rusiya liderinə olan rəğbəti Merkelin mövqeyini zəiflədəcək və Rusiyanı cəzalandırmağa cəhdin nəticəsiz olacağını iddia edənlərin mövqeyini möhkəmləndirəcək.

- FRANSA

Trampın prezidentliyi ilə əlaqədar Fransadakı həyəcan daha çox daxili səbəblərdən irəli gəlir. Trampın qələbəsi seçiciləri bu ilin yazında ifrat sağçı “Milli cəbhə”nin xeyrinə seçim etməyə həvəsləndirə bilər. Bu partiyanın lideri Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanı Avropa Birliyinin tərkibindən çıxaracağına söz verib.

Hərçənd ki, onun uğuru Fransanın daxilindəki hadisələrdən daha çox asılıdır, amma Le Penin opponentləri Trampın onu açıq şəkildə dəstəkləməsindən qorxurlar. Belə ki, bu Le Penin qələbəsi üçün əlavə stimul ola bilər. Le Penin rəqibləri həmçinin Rusiyanın kiber hücum vasitəsilə ona dəstək olacağından və Trampın buna reaksiya verməyəcəyindən narahatdırlar.

Yeni prezidentin inauqurasiyası ölkə daxilində və onun hüdudlarından kənarda çoxdandır ki, bu cür güclü hisslər yaratmamışdı. Tramp bütün dünya liderlərini dəhşətə gətirən vədlərini yerinə yetirəcəkmi? Bunu zaman göstərəcək.

(“Time”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar