“Lider” TV-dən Lavrova sual verən jurnalistlə bağlı açıqlama

“Lider” telekanalı Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdən azad edildiyi deyilən müxbiri Anar Həsənovla bağlı açıqlama verib.

Şirkətin “Xəbərlər” departamentinin rəisi Anar Şükürov Modern.az-a deyib ki, müxbirin işdən azad edilməsinin ünvanlandığı sualla heç bir əlaqəsi yoxdur: “Təəssüf ki, Anar Həsənovun işdən azad olunması məhz bu ərəfəyə düşdü. Yəni müxbirin işdən çıxarılması Rusiya xarici işlər nazirinə ünvanlandığı sualla bağlı deyil”.

O bildirib ki, Anar Həsənov televiziyanın daxili əmri ilə işdən azad edilib: “Onun işdən azad edilmə səbəbi tamamilə başqadır. Yəni hər bir idarədə, müəssisədə zaman-zaman işçilərin işdən çıxarılması, müqavilə müddətinin başa çatması yaxud könüllü çıxması baş verir. Məsələn, 2 ay əvvəl, elə təxminən 5 gün əvvəl başqa işçilər də işdən azad olunub. Anar Həsənovun işdən çıxarılmasının bu zamana düşməsi sırf təsadüfdür”.

A.Şükürov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Lider”in müxbirinin verdiyi suala görə cəzalandırması, təhqir etməsi faktlarını təkzib edib: “Mən “Lider” televiziyasının “Xəbərlər” departamentinin rəisiyəm. Ümumiyyətlə, mənə müxbirin verdiyi suala görə nə Rusiyadakı Azərbaycan səfirliyindən, nə də burdan elə bir zəng, təpki olmayıb”.

Departament rəisi jurnalistin peşəsinə uyğun olmayan istiqamətə yönəlməsi iddialarına görə işdən azad edilməsi iddialarına da münasibət bildirib: “Mən ancaq onun işi ilə bağlı danışa bilərəm. Şəxsi işləri necə, nə cür olub, mən deyə bilmərəm. İşçi olaraq bizə Rusiyadan reportajlar hazırlayıb göndərib”.

Qeyd edək ki, Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq” sualını verib.

Lavrov isə “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar