RUSİYA BAKIYA "QAZ SAVAŞI" AÇIB  - İtaliyada Azərbaycan əleyhinə təxribatlar

Azərbaycan qazını Avropaya çıxarmalı olan Trans-Adriatik qaz kəməri layihəsi (TAP) İtaliyada «ilişib». Kəmər İtaliyanın Apuliya vilayətindəki qədim zeytun bağları və əl dəyməmiş çimərliklərindən keçir. Bu gəzib-görməli yerlərsə İtaliyanın turizm sənayesindən ötrü xüsusi əhəmiyyət daşıyır. Bu da təbiətsevərlərin, yerli təbiəti mühafizə təşkilatlarının ciddi etirazına səbəb olub. «EurasiaNet» saytının bu haqda yazısını «The Value Walk» xəbər saytı da nəşr edib. ("Azadlıq" radiosu)

Azərbaycanın, eləcə də Rusiyadan enerji asılılığından qurtarmağa çalışan Avropanın çox böyük ümidlərlə gerçəkləşdirməyə başladığı TAP hazırda tikilməkdədir. Layihənin bir hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir və tikintidən öncə bank layihənin sosioloji, eləcə də ətraf mühitə təsirini dəyərləndirən xüsusi hesabat istəyib.

Saytın yazdığına görə, İtaliya hökuməti layihənin zərərinin minimuma endirilməsini nəzərdə tutan 50-dən çox tələbin yerinə yetirilməsiylə bağlı sənəd hazırlayıb. İtaliyanın İqtisadi İnkişaf Nazirliyi sənədi, hökumət isə layihəni təsdiqləyib. Amma yerli rəsmilər, o cümlədən Apuliya vilayətinin qubernatoru və kəmərin torpağa çıxacağı yerin – Melendunyonun meri mərkəzi hökumətin qərarıyla razılaşmır.

Məsələ burasındadır ki, plana görə, kəmər tikiləndə onun yolu üstündəki zeytun bağı müvəqqəti başqa yerə köçürülməli, tikinti başa çatdıqdan sonra yerinə qaytarılmalıdır. Amma bağdakı ağaclardan bəzilərinin minillik tarixi olduğunu deyən ətraf mühit fəalları ağacların köçürülməsinin incə əməliyyat olduğunu, bu işin layiqincə yerinə yetiriləcəyinə inanmadıqlarını deyirlər. Bağda 2 minə yaxın zeytun ağacı var.

Kəmərin bir hissəsinin Adriatik dənizindən San- Bazilio çimərliyinə çıxması da fəalları narahat edir. Sayt dekabrda keçirilən referendumun İtaliyada yerli idarələrin səlahiyyətlərini artırdığını, beləliklə, kəmərin əleyhinə çıxan təbiətsevərlərin üstünlük qazandığını qeyd edir. Üstəlik, İtaliyanın «5 ulduz» populist hərəkatı da kəmərin əleyhinədir. «Apuliyanın harasındasa kəmər tikməyə gələnlər orduyla gəlsələr, qarşılarına orduyla çıxacağıq». Bunu hərəkatın lideri Beppe Grillo 2014-cü ildə deyib.

İtaliyada ətraf mühiti mühafizə təşkilatı «Re:Common»dan Elena Gerebizza isə «EurasiaNet»ə müsahibəsində kəmərə müqavimətin ekspertlərin rəyinə əsaslandığını, texniki problemlərin həllini tapmadığını, siyasi razılığın olmadığını, ona görə də layihənin irəli getmədiyini söyləyib.

Meledunyo şəhərinin meri Marco Poti isə deyib ki, onlar əvvəl TAP-a etiraz etmirlərmiş, ancaq sonra –– düzgün texnikadan istifadə edilmədiyini, layihənin onların ərazisinə uyğun olmadığını, yararsızlığını biləndə əməkdaşlığı dayandırıblar. Azərbaycan rəsmilərinin cavabının İtaliya müxalifətini razı salacağı gözlənmir. Kəmərə çalışan və adının açıqlanmasını istəməyən bir Azərbaycan rəsmisi sayta müsahibəsində bunun siyasi məsələ olduğunu deyib: «Bir neçə yüz ağacın ölkəyə böyük mənfəət gətirən layihədən üstün tutulması inandırıcı deyil».

Sayt Azərbaycanın, eləcə də Qərbin bu məsələdə Rusiyadan şübhələndiyini, Azərbaycan və ABŞ rəsmilərinin Rusiyanın əleyhinə fikirlər səsləndirdiyini qeyd edir. Məsələn, 2014-cü ildə NATO-nun ozamankı baş katibi Anders Fogh Rasmussen deyibmiş ki, Rusiya ətraf mühit fəalları vasitəsilə yalan informasiya yayaraq, layihəyə mane olmağa, Avropanın Rusiyadan asılılığını saxlamağa çalışır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə TAP əleyhinə təbliğatın Rusiyanın məqsədlərinə xidmət etdiyini söyləyib.

Bu yaxınlarda Azərbaycan hökuməti İtaliya müxalifətinə üstün gəlməkdən ötrü ABŞ-dan yardım istəyib. Dekabrda ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun nümayəndəsi Uilyam Silkvorf Bakıya gələndə energetika naziri Natiq Əliyev ondan TAP-la bağlı siyasi dəstəklərini bildirmələrini xahiş edib.

Ancaq müxalifətçilərin etirazlarının əsaslı olduğu sübut edilsə belə, TAP-ın tikintisi yəqin ki, dayandırılmayacaq, sadəcə, marşrut dəyişdiriləcək. Avropada enerji siyasəti üzrə analitik Madalina Vicari «EurasiaNet»ə müsahibəsində bunu gözləmədiyini vurğulayıb.Yerli fəallar TAP-ın marşrutunun dəyişdirilməsi – 50 km şimaldan çəkilməsiylə bağlı təkliflərini irəli sürüblər. Amma rəsmilər, hələ ki, bu təklifə razılıq vermir. «EurasiaNet» TAP-ın təkcə İtaliyada deyil, Yunanıstan və Albaniyada da etirazlara səbəb olduğunu qeyd edir.

Virtualaz.org qeyd edir ki, İtaliyada TAP-a qarşı təbliğat aparan və etirazlar təşkil edən “5 ulduz” hərəkatının və onun lideri Beppe Grillonun Rusiyaya bağlılığı haqda çoxdandır danışılır. Habelə İtaliyada kəmərə qarşı çıxan ətraf mühit fəallarının Rusiyadan maliyyələşdirildiyi barədə ciddi şübhələr var.Ümumiyyətlə, Rusiya ənənəvi olaraq İtaliyada güclü mövqelərə malikdir. Rusiya Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına əvvəlcədən qarşı olub, bunu müxtəlif formalarda büruzə verib. Lakin bütün təzyiqlərə baxmayaraq kəmərin tikintisinə dair müqavilələri imzalamaq mümkün oldu və tikinti işləri başladı. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizinə dair müqavilələrin imzalanmasında və bu layihənin həyata keçirilməsi prosesinin başlamasında ABŞ-ın siyasi dəstəyinin mühüm rolu var.

Doğrudur, Azərbaycanın TAP kəməri vasitəsilə Avropanın cənubuna nəql edəcəyi 10 milyard kubmetr qaz Rusiyanın “Qazprom” şirkətinin bazardakı payına ciddi təsir etməyəcək. Lakin “Qazprom” istənilən halda bazara yeni oyunçunun daxil olmasını həzm edə bilmir. Digər tərəfdən İsrailin yeni kəşf olunan nəhəng qaz yataqlarından hasil olunacaq təbii qazın gələcəkdə TAP kəməri ilə Avropanın cənubuna nəqli barədə müzakirələr gedir. Bu plan İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri zamanı müzakirə olunub. Görünür İsrail qazının Azərbayanın borusu ilə Avropaya nəqli ideyasının müzakirəsi Rusiyada daha çox qıcıq yaradıb. Çünki bu halda “Qazprom” Avropanın cənubundakı mövqelərini itirə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar