Ramil Usubov iki və daha artıq od arasında qalıb

DIN-in idarə rəisinin oğlu ilə polislər arasında baş verən insidentin yeni təfərrüatları

DIN-in Insan Alverinə qarşı Mübarizə Idarəsinin rəisi Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə 27-ci polis bölməsinin əməkdaşları arasında baş vermiş insdentlə bağlı yeni təfərrüatlar məlum olub. Qeyd edək ki, həmin gün, yəni mayın 5-də axşam saatlarında polkovnik Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev tanıdığı bir xanımla 27-ci polis bölməsinin yanında olub və orada sözləri çəpləşən cütlük arasında qalmaqal olub.

Yəni, Tamerlan Əsədullayev həmin qızı döyməyə başlayıb. Bu zaman yaxınlıqda olan 27-ci bölmənin əməkdaşı olan bir polis serjantı onlara yaxınlaşıb və Tamerlanı tanıyıb. Buna görə də xüsusi aqressivlik göstərmədən davaya son qoymağa və onları aralamağa çalışıb. Amma qəzəblənmiş Tamerlan serjantın müdaxiləsindən xoşlanmayıb, əksinə daha da qəzəblənərək onu da vurmağa başlayıb. Bölmənin əməkdaşları bunu görərək hadisəyə müdaxilə ediblər və Tamerlan Əsədullayevi bölməyə aparıblar. Burada Tamerlan Əsədullayev Interpolun əməkdaşı olan qardaşı Əliyə zəng edib və onun təcili hadisə yerinə gəlməsini istəyib. Bildirib ki, onu burada döyürlər. Buna görə də Əli Əsədullayev başının dəstəsi ilə hadisə yerinə gəlib. Dəstənin içərisinde isə Paşayevlərin mühafizəçilərindən Yusif adlı bir nəfər də olub. Görünür, Tamerlanın həyəcanlı zəngindən sonra dərhal 27-ci bölməyə yollanan Əli Əsədullayev profilaktika qismində atasına da zəng edərək onu hadisə barədə məlumatlandırıb. Beləliklə, təqribən 1 saat ərzində Əsədullayevler ailəsi tam tərkibdə 27-ci bölmədə olub. Şərif Esədullayev hadisə yerinə gələnə qədər Əli Əsədullayev və ətrafında olanlar 27-ci bölmədə o qədər də nümunəvi olmayan hərəkətlərə yol veriblər. Polkovnik Əsədullayev hadisə yerinə gələrək polis əməkdaşlarına acıqlanıb, baş vermiş insidentə görə onları cəzalandıracağını bildirib və hətta 27-ci bölmənin rəisinin əslən Masallı rayonundan olan yardımçısını xüsusi olaraq hədələyərək onu polis sistemindən qovduracağını söyləyib. Polkovnik Əsədullayevin bölmədə zuhurundan sonra onun oğlanları bölmənin növbətçi hissəsinin şüşəsini də qırıb yerə töküblər. 27-ci bölmənin rəisi bir neçə dəfə təltif olunan polis zabitidir və DIN-in nümunəvi zabitlərindən sayılır. Onun hansı fəaliyyətlərə görə təltif edilməsi bizim üçün önəmli deyil. Sadəcə olaraq, faktdır. Nümunəvi bir polis zabiti olaraq anlayıb ki, Şərif Əsədullayev DIN-in azman idarə rəislərinden biridir, güclü dayaqları var və istədiyini eləyə bilər. Onu da yaxşı anlayıb ki, polis sisteminden məhz bu insidentə görə qovulması onun labüd məhvi deməkdir. Buna görə də baş vermiş olayı dərhal sənədləşdirib və rayon polis Idarəsinin rəisinin başı üzərindən birbaşa nazir Ramil Usubova məruzə edib. Hadisə zamanı xəsarət alan serjant xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər sənədleşdirilib. Hadisə mediaya sıçrayandan sonra Şərif Əsədullayev oğlu Tamerlanı tibbi ekspertizadan keçirib və onun da xəsarət aldığını təsdiq edən sənəd əldə edib. Üstəlik, polkovnik israrla bildirir ki, onun oğullarına şər atırlar. O bildirib ki, sərxoş vəziyyətdə dava saldığı deyilən oğlu Tamerlan ümumiyyətlə içki içən deyil, iki və ya daha artıq dəfə Həcc ziyarətində olub, bölmədə isə o kimsəni döyməyib, əksinə onu döyüblər. Ramil Usubov indi iki və daha artıq od arasında qalıb. Daha doğrusu, seçim arasında. Bir tərəfdə Idarə rəisi və polkovnik, o biri tərəfdə isə rayon polis idarəsinin nüfuzu. Bir tərəfdən Insan Alverinə qarşı Mübarizə Idarəsinin rəisinin himayədarları, o biri tərəfdən rayon polis idarəsi rəisinin himayədarları. Bir tərəfdən Ilham Əliyevin qudurğan məmur övladları barəsində verdiyi beyanat, o biri tərəfdən bu məmurun övladının qudurğan olmadığı barədə düzəltdiyi arayışlar və 27-ci bölmənin çilik-çilik olmuş şüşələrinə bənzəyən ləyaqəti. Və nəhayət. Paşayevlər başqalarının çəkişməsinə burnunu soxan mühafizəçiləri ilə necə davranacaqlar? Onu təqdir edəcəklər, yoxsa rədd edəcəklər? Ilginc durumdur.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar