SEYFULLAYEVİN 18 MİLYONLUQ SİRRİ - MTN-çilərin üzərinə çökdüyü pul dolu torbalar hara gedirdi?

"Seyfullayev Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin sifarişlərini icra edən etibarlı adamlardan biridir"

Son aylar MTN-dəki bandanın iş adamlarını, vəzifəli şəxsləri müxtəlif bəhanələrlə saxlamaqla və ya hədə-qorxu gəlməklə, şantaj etməklə külli miqdarda pulunu, əmlakını aldığına dair coxsaylı faktlar açılır. Bu zaman hamı MTN-çiləri ittiham etdiyindən, pul verənlərin günahı olub-olmadığı, həmin pulları qanuni yollarla qazanıb-qazanmadıqları diqqətdən kənarda qalır. Yalnız Tağı Əhmədovun 3 milyonunda bu yada düşdü. Onda da Tağı müəllim “maaşımı yığdım” - deyib, mövzunu qapatdı.

MTN-çilərin əlinə düşən başqa bir vəzifəli şəxslə bağlı məsələnin üstünü isə deyəsən elə istintaqdaca qapıdıblar. Hər halda MTN bandasının 18 milyonluq əməliyyatının baş "qəhrəmanın" adı heç yerdə çəkilməyib. Söhbət MTN-çilərin əməliyyatın sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir. Bu haqda saytımızda geniş məlumat verildiyindən (bax: “

İstintaq materiallarından belə məlum olur ki, iş adamı kimi təqdim olunan Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub. “Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. Və hansısa dövlət orqanından (və ya orqanlarından) böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb.

Ancaq bu boyda pulun hesabına hardan daxil olduğunu, niyə birdən-birə hamısını nağdlaşdırmaq istədiyini, MTN-çilərin onun fəaliyyətində hansı qanunsuzluğu aşkarladığını isə nə o açıqlayıb, nə də istintaqçılar sorüşub. Bəlkə də soruşublar, amma açıb-ağartmaq məsləhət olmayıb...

Onun özü bu haqda danışmasa da, hesabının olduğu "Texnikabank”ın “Xəzər” filialının müdiri Fərid Məmmədov ifadəsində bunu təsdiqləyib: “Kamal Seyfullayevə məxsus şirkətlərin bank hesablarına bir qayda olaraq külli miqdarda pul vəsaitləri daxil edilirdi. Bank üçün ”VİP” kateqoriyalı müştəri idi...”

Ancaq Fərid Məmmədov da bu böyük pulların Kamal Seyfullayevin hesabına hardan daxil olduğunu açıqlamayıb: “Pulların haradan gəldiyini bilmirəm, amma Kamal Seyfullayevin 4-5 şirkətinin adlarına köçürüldü.”

Kamal Seyfullayevin hesabına pulların hardan gəldiyi isə 2015-ci ilə kimi MTN-də işləmiş, MTN-də işləyə-işləyə “Texnikabank”ın İdarə Heyətinin sədr müavini olmuş Ayaz Gərayzadənin ifadəsindən məlum olub. Onun dediklərindən aydınılaşıb ki, Seyfullayevin şirkətlərinin adına ayrılan 18 milyon manatdan ilk olaraq 12 milyonu, daha sonra isə 4.2 milyonu naməlum şəxsin adına köçürülüb və nağd şəkildə ona verilib. Həmin şəxs isə Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətli nümayəndəsi olub: “Kamal Seyfullayevi, Müdafiə Sənayesi Nazirliyinin adını bilmədiyim nümayəndəsini, MTN əməkdaşları və Fərid Məmmədovu gördüm. Bankda bir gün əvvəl keçirilmiş maliyyə əməliyyatları nəticəsində bank tərəfindən alınmış faizlərin məbləği hesablandı. Füzuli Əliyev hər hansı əsas olmadan bank fəaliyyəti üzrə yoxlama apardı. Otaqda məbləğini dəqiq bilmədiyim pul vəsaitindən Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verildi. Qalan və Kamal Seyfullayevə məxsus 1 milyon 800 minə yaxın pul isə götürüldü.”

texnika bank esas

Gərayzadənin ifadəsindən belə məlum olur ki, 18 milyonun 16,2 milyonu Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verilib, qalan 1,8 milyon isə MTN-çilərə hansısa qanunsuzluğu “görməmək” üçün verilib.

Ancaq 18 milyon pulun Seyfullayevin şirkətlərinin hesabına kimin göstərişi ilə köçürüldüyü, niyə nağdlaşdırıldığı və torbalara yığılaraq hara aparıldığı qaranlıq qalıb. "AzPolitika"nın əməkdaşı bu istiqamətdə araşdırma apararkən müəyyən ipucları tapmağa nail olub. Belə ki, bizə verilən məlumata görə, Kamal Seyfullayevin hesabına daxil olan vəsait Müdafiə Sənayesi Nazirliyinin pulu olub. Seyfullayev özü isə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin sifarişlərini icra edən etibarlı adamlardan biridir.

Onun kimi iş adamları vasitəsilə nazirliyin təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür. Elə bankdan pulları gəlib Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinin aparması da bununla əlaqədar olub. MTN də Kamal Seyfullayevin deyil, məhz Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin nağdlaşdıraraq götürdüyü 18 milyondan öz “görməmək” haqqını alıb.

Mənbənin məlumatına görə, sözügedən nazirlikdə bu işlərin başında Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev dayanır. Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun «sağ əli» sayılan Yəhya Musayev, tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə nəzarət edir.

Bu zaman başqa qurumlarda olduğu kimi, Müdafiə Sənayesi Nazirliyində də görülən işlərin və alınan avadanlıqların dəyəri dəfələrlə şişirdilir. Bunun üçün də görülən işlər və satınalmalar Yəhya Musayevin etibarlı adamlarının, qohumlarının adlarına yaradılış şirkətlər vasitəsilə həyata keçirilir. Sonra da pulun müəyyən bir hissəsi təyinatı üzrə xərclənir, qalanı isə nağdlaşdırılaraq nazirliyə çatdırılır.

Yəni, dövlətin ölkədə müdafiə sənayesinin inkişafı üçün ayırdığı pullar müxtəlif variantlarla şəxsi ciblərə axır. Bu prosesdə isə Yəhya Musayevin “böyük xidməti”nin olduğu bildirilir. “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nağdlaşdırma əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər” deyə mənbə bildirir.

Bundan əlavə nazirliyin rəhbərliyinin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodların adına böyük məbləğlərdə kreditlər götürüldüyü, həmin kreditlərin də 70-80 faizinin nağdlaşdırılaraq mənimsənildiyinə dair məlumatlar var. “Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayırlar. Yoxlanılarsa, əksər zavodlarda belə bir təmirin aparılmadığı məlum olar. Həmin vəsaitlər təmir-tikinti adı ilə müxtəlif şirkətlərə ayrılıb, sonra da nağdlaşdırılaraq mənimsənilib” – deyə mənbə bildirir.

Bütün bu əməliyyatlara isə nazir müavini Yəhya Musayev tərəfindən nəzarət olunduğu bildirilir. Mənbə MTN-nin “ilişdiyi” 18 milyonluq əməliyyatın da Yəhya Musayevlə bağlı olduğunu, məhz bu səbəbdən məsələnin “böyümədiyini” iddia edir.

Qeyd edək ki, Yəhya Musayev ölkənin “gözəgörünməz” varlı şəxslərindən biri hesab olunur. Onun Azərbaycanda və xaricdə, xüsusən Türkiyədə böyük biznesinin olduğu bildirilir. Məsələn, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində fəaliyyət göstərən “RETEMS GROUP” şirkətlər qrupunun Yəhya Musayevə məxsus olduğu deyilir.

Yazıda qeyd olunanlarla bağlı Müdafiə Sənayesi Nazirliyinin də mövqeyini işıqlandırmağa çalışacağıq.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar