TRAMPIN PREZİDENTLİYİ: MÜŞAHİDƏ OLUNAN 5 CƏHƏT – “Hətta Ağ Evdəki oval kabinet də onu dəyişmir...”

Donald Tramp artıq prezidentdir. Trampın “əsgərləri” təhlükəli missiyaya girişiblər, bütün dünya onun konkret təkliflərini gözləyir. Onun kabineti hələlik tam yığılmayıb. Bəs Tramp əsasən nə ilə maraqlanır? Öz inauqurasiya mərasimindəki adamların sayı ilə.

1. Tramp qəribə prioritetlər ortaya qoyur

Bir çox Amerika şəhərlərində keçirilən kütləvi etirazlardan qəzəblənmiş Tramp öz müşavirlərinə tapşırıq verib ki, onlar 2009-cu ildə Barak Obamanın inauqurasiyası ilə müqayisədə, onun and içmə mərasimində daha çox insanın olduğundan danışsınlar. Fotolar və auditoriyanın dəyərləndirməsi baxımından bunun tamamilə əksi görünür. Amma bu Trampı qətiyyən maraqlandırmır.

Buradan çıxarılan dərs: Hətta Ağ Evdəki oval kabinet də onu dəyişmir. Etiraz nümayişləri keçirənlər Trampı özündən elə çıxarıblar ki, o məşğul olacağı mühüm məsələləri unudub.

2. Onun jurnalistlərə münasibəti

Tramp ötən şənbə günü nümayəndəsi Şon Spayserə inauqurasiyada baş verənlər barəsində öz versiyasını təqdim etməyi tapşırıb. Spayser KİV-lərə xəbərdarlıq edib ki, onları diqqətlə izləyəcək və buraxılmış səhvlərə görə məsuliyyətə cəlb edəcək.

Bundan əlavə Spayser Vaşinqton metrosundakı sərnişinlərin sayının köməyi ilə inauqurasiyanın öz tarixi boyunca ən möhtəşəm olduğunu sübut etməyə çalışıb. Lakin bütün bunlara baxmayaraq, rəqəmlər həqiqəti əks etdirməyib.

Bu, tamamilə inanılmazdı, Spayser böyük diktatorun kiçik köməkçısi kimi görünürdü. Amma yaxşı xəbər ondan ibarətdir ki, mətbuatı qorxutmaq cəhdi Amerika və beynəlxalq KİV-lərə heç bir təsir göstərməyib. Bütün bunlar Trampın mətbuatla münasibətlərində özünü nə dərəcədə inamsız hiss etdiyini nümayiş etdirir. ”The New York Times” qəzeti xəbər verir ki, öz nümayəndəsinin çıxışı heç Trampın da xoşuna gəlməyib.

3. Tramp həqiqətin yeni kateqoriyasını tətbiq edir

Bu həftənin ən maraqlı yeni sözlərindən biri “alternativ faktlar” barəsindəki frazadır. Bu kəliməni ilk dəfə Trampın müşaviri Kellian Kinvey söyləyib. Trampın PR məsləhətçisi Spayserin çıxışına bəraət qazandırmaq istəyib. Kellian Kinveyin söylədikləri xoş təsir bağılasa da, ortadakı zərərli yan təsirlər Ağ Evin verdiyi bəyanatlara şübhələr gətirir. Belə ki, hələ seçki kampaniyasının gedişində də faktların doğruluğu məsələsində Tramp problemlərlə üzləşmişdi. Lakin çox təəccüblüsü odur ki, görünür Trampın prezidentlik dövründə faktlar yalnız onun təsdiqindən sonra diqqətə alınacaq. Yəni, Tramp nə danışırsa onların hamısı şübhə ilə qarşılanacaq. Axı indi onun nəyisə uydurduğu və ya həqiqəti deməsi bəlli deyil.

4. O (hələlik) simvollarla maraqlanmır

Bazar günü Tramp prezident qismində Mərkəzi Kəşfiyyat İdarəsini ziyarət edib. O, burada 15 dəqiqə ərzində həlak olan agentlərin adları yazılmış əfsanəvi “Xatirə divarı” barəsində danışıb. Təəssüf ki, Tramp idarənin qəhrəmanları haqqında heç nə deməyərək, yalnız özünün uğurlu inauqurasiya mərasimindən söz salıb. MKİ-nin əksər əməkdaşları bu cür hisiyyatsız davranışdan şoka düşüblər.

MKİ-keçmiş rəhbəri Con Brennan Trampın çıxışını “cılız” adlandıraraq deyib ki, prezidentə ayıb olmalıydı. Görünür ki, bu prezidentə təsir etməyib. O, öz çıxışını böyük uğur hesab edərək, xüsusi xidmət orqanları ilə barışdığını sayır. Təcili surətdə Tramp “Xatirə divarı” kimi simvolların nə demək olduğunu yaxşı öyrənməlidir.

5. Tramp bir az Obama kimi hərəkət etmək istəyir

Prezidentin təqvimi doludur. Donald Tramp Obamanın siyasətində dəyişikliklər aparacaq fərmanlar imzalamaq niyyətindədir. Tramp ilk dəfə olaraq kəşfiyyatla gündəlik brifinq keçirəcək və Obama ilə Co Baydenin həmişə əməl etdikləri ənənəyə uyğun olaraq, öz vitse-prezidenti Maykl Penslə nahar edəcək. Çox güman ki, bu həftə xarici siyasət diqqət mərkəzində olacaq.

(“Der Spiegel” - Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar