AXCP qərargah problemini həll etdi

Rəsul Quliyevin partiyasının boşaltdığı mülkdə bundan conra cəbhəçilər yerləşəcəklər

AXCP-nin qərargah problemi yenə gündəmdədir. Bəzi saytlarda partiyanın Bakının mərkəzində qərargah icarəyə götürməsi barədə məlumat yayılıb. Bu məlumatlarda bildirilir ki, bir qədər əvvələ qədər Açıq Cəmiyyət Partiyasının (ACP) yerləşdiyi mülkün sahibi ilə AXCP arasında anlaşma əldə olunub. Qarabağ küçəsində olan mülkün aylıq icarə haqqı üç min manatdır və artıq partiya orada bir tədbirini də keçirib.

AXCP sədrinin müavini Gözəl Bayramlı  “Yeni Müsavat”a açıqlamasında qərargah məsələsi ilə bağlı yazılanların doğru olmadığını bildirsə də, mülkün yiyəsi ilə danışıq apardıqlarını təsdiq edib.  “Zaman-zaman istəyirik, ancaq alınmayıb. İcarəyə götürdüyümüz ofislərdən bir neçə gün sonra bizi çıxarıblar. Hakimiyyət buna imkan vermir. Ancaq qərargahımızın olması çox yaxşı olardı və bunsuz çətindir. Biz hazırda mərkəzdə yer götürmək üçün növbəti dəfə danışıq aparırıq, çalışırıq. Mülkün sahibi ilə danışırıq, ofisi tezliklə icarəyə götürmək fikrimiz var. Bir neçə dəfə danışmışıq, yaxın günlərdə sənədləşmə işləri ilə məşğul olacağıq. Mülkün sahibi Türkiyədə yaşayır və biz sənədləşmə başa çatan kimi ofisə köçmək istəyirik. Bizim də haqqımız var ki, qərargahda oturaq. Məsələni tezliklə həll etmək niyyətindəyik”.

G.Bayramlı yeni ofisdə tədbir keçirilməsi fikrini yalanlayıb: “Biz ofisi icarəyə götürmədən necə tədbir keçirə bilərik? Bu, yalandır. Həmçinin ofisin icarə haqqı ilə bağlı yazılanlar yalandır. Rəqəm doğru deyil. Yazılan məbləğ bizim imkanımız daxilində olan məsələ deyil. Bunu yazanlar bizim maddi vəziyyətimizi nəzərə almayıblar”.

Göründüyü kimi, AXCP rəsmisi qərargah problemini həll etmək ərəfəsində olduqlarını təsdiq edib. Sözügedən mülk Bakının mərkəzi hissəsində - "Şərq" bazarının yaxınlığında yerləşir. İki mərtəbəli mülkün birinci mərtəbəsində 100-150 nəfərin yerləşə biləcəyi zal var. İkinci mərtəbədə bir neçə kiçik otaq yerləşir. Partiya qərargahı üçün az yararlıdır. Lakin Azərbaycanda müxalif partiyaların acınacaqlı vəziyyətini nəzərə alanda, "buna da şükür" deyib yerləşmək olar.

AzPolitika.info da öz mənbələri vasitəsilə dəqiqləşdirib ki, AXCP ilə mülkün sahibi Azər Əsgərov arasında prinsipial razılıq əldə olunub. Mülk sahibi aylıq icarə haqqı olaraq 3 min manat tələb etsə də, sonda 2 min manata razılığa gəlinib. Bundan əvvəl buranı qərargah kimi icarələmiş ACP ayda 3 min dollar verib.

Lakin mənbəmiz deyir ki, A.Əsgərov AXCP ilə şifahi razılığı poza da bilər. Məsələ ondadır ki, bu şəxsin əsas məqsədi öz mülkünü dəyərindən baha qiymətə satmaqdır. Bu məqsədinə nail olmaq üçün isə o, əmlakını müxalifət partiyalarına icarəyə verməklə, hakimiyyəti mülkə müştəri çıxmağa təhrik etmək istəyir. ACP ilə bağlı onun bu planı baş tutmadı. Görünür indi daha radikal partiyanı - AXCP-ni məskunlaşdırmaqla məqsədinə nail ola biləcəyini düşünür.

Rasim ƏLİYEV

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar