4 AYDA ÖLKƏDƏ 5 TERRORÇU ÖLDÜRÜLÜB - Təhlükə nə qədər yaxındır?

Arzu Nağıyev: “Terrorçunun məhv edilməsi praktikası daha düzgün taktikadır”

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlu məhv edilib. Yada salaq ki, DTX-nın son aylarda həyata keçirdiyi oxşar əməliyyatlar zamanı ümumilikdə 5 nəfər məhv edilib.

Ötən il oktyabrın 26-da Qaradağ rayonu, Ələt qəsəbəsində “Ömər” ləqəbli A.Quliyev zərərsizləşdirilib. Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyən ediblər. Əməliyyatçılar A.Quliyevi və digər iki şəxsi  -  F.Rüstəmova və A.Gülməmmədova avtobusdan endirmək istəyərkən “Ömər” üzərində olan əl qumbarasını partlatmaqla müqavimət göstərməyə çalışıb. Həmin vaxt özü də daxil olmaqla  yanında olan digər iki şəxsdən biri öldürülmüş, digəri isə yaralı şəkildə ələ keçirilmişdi.

Yayılan rəsmi məlumatlarda bildirlirdi ki, dəstə üzvləri Azərbaycan ərazisində terror aktları və silahlı basqınlar törətməyi planlaşdırıblar.

DTX-nın digər əməliyyatı isə 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində həyata keçirilib. Yayılan rəsmi məlumatda bildirilirdi ki,  terrorçu təşkilat tabeliyində “camaatın əmiri” kimi fəaliyyət göstərərək, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında DTX tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərilib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib.

2016-cı il dekabrın əvvəlində DTX-nın həyata keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir terrorçu məhv edilib. Rəsmi məlumata görə, 1978-cı il təvəllüdlü Azərbaycan  vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Rəsmi məlumatlara görə, ölkəmizdə hansısa terror qruplaşmasının bazası və ya təlim mərkəzi yoxdur. Amma DTX-nın həyata keçirdiyi əməliyyat haqda məlumatlarda zərərsizləşdirilən terrorçuların üzərilərində şəhid kəmərini partlatmağa cəhd etdikləri açıqlanır.

DTX-nın keçirdiyi əməliyyatla bağlı fikirlərini açıqlayan xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Arzu Nağıyev deyir ki, terrorçuların zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat heç də onların ölkəmizdə ifrat fəallaşmasına dəlalət etmir. Xüsusi xidmət orqanlarının sayıqlığı belə halların qarşısının vaxtında alınmasına səbəb olur: “Söhbət ondan gedir ki, terror qruplarına biət edən dəstələr var və onlara təlimatlar verilir ki, terror aktlarını yerində keçirmək lazımdır. Bu yolla özlərinin varlığını sübuta yetirmək istəyirlər. Suriyada terrorçuların ələ keçirilən anbarlarında aşkar olunan partlayıcılar ikitəyinatlı materiallardan hazırlandığı üzə çıxdı. Yəni Əllərinin altında olan və məişətdə istifadə edilən ən müxtəlif əşyaları partlayıcıya çeviriblər. Plastik qablar, mismar, benzin və digər materialları bir yerə yığıb partlayıcı düzəldiblər. Bir müddət əvvəl DTX tərəfindən zərərsizləşdirilən dəstə üzvləri əsasən Rusiyada, Dağıstanda və Şimali Qafqazın bir sıra məntəqələrində fəaliyyət göstərən ”Qafqaz camaatı" deyilən qruplaşmanın tərkibinə daxil idilər. Təbii ki, bunlar bir mərkəzdən idarə olunur və maliyyələşdirilir. Son əməliyyat çox təqdirəlayiqdir. Bununla belə, sosial şəbəkələr və internet vasitəsilə bu qruplara cəlbetmənin davam etdirilməsi də faktdır".

Image result for Arzu Nağıyev

 

A.Nağıyev müxtəlif bölgələrdə döyüşən terrorçuların üz cizgilərinin, əl-barmaq izlərinin dəyişdirilməsi kimi plastik əməliyyatları həyata keçirən həkim dəstəkçiləri də mövcuddur: “Bir dövlətin ərazisində döyüşən terrorçunu digər dövlətin ərazisində plastik əməliyyat edib özünün dövlətinə yollayırlar. Artıq Türkiyədə belə bir həkim-dəstəkçilərin olduğu faktları müəyyən olunub”.

 

A.Nağıyev deyib ki, əməliyyat-axtarış fəaliyyətini davam etdirmək üçün terrorçuların diri ələ keçirilməsi daha məqsədəuyğundur: “Lakin artıq həmin qruplar silahlı müqavimət göstərirsə, məhv edilməsi qaçılmaz olur. Ümumiyyətlə isə terrorçuların tutulub saxlanılması taktikası artıq səmərəli hesab olunmur. Avropada terrorçuların saxlanılması praktikası geniş yayılıb. Amma bu metod effektiv deyil. Ən yaxşı metod Rusiya xüsusi xidmət orqanlarının tətbiq etdiyi metoddur - yerindəcə məhv etmə. Onsuzda terrorçuların haradan maliyyələşməsi, idarə olunması bəllidir. Terrorçunu tutub uzun-uzadı məhkəmə araşdırmaları aparmağın əhəmiyyəti qalmayıb. Terrorçunun məhv edilməsi praktikası daha düzgün taktikadır”.

Image result for Mədət Quliyev  Məhəmməd Türkmən

Qeyd edək ki, DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib. Xidmət rəisi qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var.

“Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər”- deyə general-leytenant bildirib.

DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurğulayıb: “Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik”.(musavat.com)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar