"MƏNDƏN BAŞQA HANSI NAZİR DÖYÜŞDƏ İŞTİRAK EDİB?" - Keçmiş müdafiə nazirindən sərt açıqlama

"İndi Daşaltı əməliyyatını faciə adlandırırlar, KİV-lər yazır ki, əməliyyatda 90 nəfər itki verilib. Bütün bunlar cəfəngiyyatdır, hamısı bir-birindən götürüb səhv məlumatları yazır. Əməliyyat zamanı cəmi 34 nəfər həlak olmuşdu, bununla bağlı məhkəmə də olub. İndi rəqəmləri 90-a qaldırırlar. Leyla Yunus demişdi ki, orada 120 nəfər zabit həlak olmuşdu, halbuki o zaman Müdafiə Nazirliyinin ştatında cəmi 47 nəfər zabit olmuşdu".

Bu sözləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Tacəddin Mehdiyev "Daşaltı əməliyyatı" haqqında danışarkən deyib.

T.Mehdiyev daha sonra bunları əlavə edib: "Əməliyyat zamanı erməni tərəfdən 80 nəfər həlak olmuşdu. Bütün dünya praktikasında belədir ki, hücum edən tərəf müdafiə olunan tərəfdən 3 qat artıq itki verməlidir. İndi o yalançı rəqəmləri belə götürsək, yəni bizdən 90, ermənilərdən 80 nəfər həlak olub desək, yenə də buna uğursuz əməliyyat demək olmaz. Bu rəqəmləri kimlərin sifarişiylə şişirdirlər bilmirəm, heç olmazsa orada döyüşən insanlara qiymət versinlər. Onlar igidlik göstəriblər, onların əməyinin üzərindən xətt çəkməsinlər. Bu ürəkağrıdıcı bir şeydir. O əməliyyatda döyüşənlər vətəni sevən insanlar olublar və fədəkarcasına döyüşüblər. Erməniyə hücum edən tərəf biz olmuşuq və erməni bizdən qat-qat artıq itki verib. Satqınlıq nəticəsində əməliyyat pozulub, tam qələbəylə başa çatmayıb. Amma bir kəndə girilib, kənd götürülüb və buna görə də Daşaltı əməliyyatı uğurlu əməliyyat sayılır. Bu ayrı məsələdir ki, kəndi axıracan əlimizdə saxlaya bilməmişik, satqınlıq nəticəsində geri çəkilmişik".

Sabiq nazir onu da vurğulayıb ki, belə məsələlər haqqında yazanda, danışanda həqiqəti yazmaq, demək lazımdır: "Azərbaycan ordusunun bütün komanda heyəti cəsarət tapıb, hücum əməliyyatları keçirsəydi, heç nəyimiz olmayan vaxtda da biz heç bir torpağımızı itirməzdik. Bu məsələlərdə yazanda vətənpərvər mövqe tutmaq lazımdır. Məsələn, aprel ayında verən hücum əməliyyatı oldu və orada da itkilər verdik. İndi durub orada həlak olanların sayını şişirtmək insanlarda ruh düşkünlüyü yaratmaq olar. Daşaltı əməliyyatı ilə bağlı da demək lazım idi ki, hücum edən tərəf müdafiə olunan tərəfdən az itki verib. Amma başladılar yalan yazmağa, yalan deməyə, güya mən səriştəsizlik etmişəm. Məndən başqa hansı müdafiə naziri döyüşdə şəxsən iştirak edib? Kim öz övladıyla gedib döyüş gedən bölgədə iştirak edib? Bəsdirin daha, bu xəyanətə, satqınlığa son qoymaq lazımdır. Biz orada can qoyduq, ancaq bizi satdılar. Satqınlığın başlanğıcı da məhz oradan başladı, qoymadılar biz qələbə qazanaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar