"Rusiya qarşısında Azərbaycanın suverenliyi üçün kim səsini ucaldar?" -  ABŞ-ın ölkəmizdəki səfiri

Riçard Morninqstar:“Hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir”

«Bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır və heç kimin maraqlarına xidmət eləmir, hətta hökumətin də»

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın suallarını cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik:

- Söhbətə son baş verənlərdən başlayaq - demokratikləşmə ilə bağlı son problemlərdən. Insan haqları müdafiəçiləri, jurnalistlərin üzləşdiyi problemlərdən. Izləyirsinizmi?

- Biz çox yaxından izləyirik bu məsələləri. Bu elə mövzudur ki, həmişə bizim tərəfimizdən ən yüksək səviyyədə qaldırlılr. Yəqin xatırlayırsınız, Hillari Klinton bir neçə il əvvəl Bakıda olanda dedi ki, biz yalnız ən demokratik ölkələrlə ən dərin münasibətlər qururuq.

Məncə, elə vəziyyətdir ki, biz demokratiya məsələsində bir birimizi eşitmirik. Aydındır ki, biz məsələlərə fərqli baxırıq. Kim olduğumuz, mövqeyimiz məlumdur və görəndə ki, fikrimizcə, insan haqları pozulur, biz bu barədə danışırıq. Tez-tez də elə olur ki, hökumət tamamilə gərəksiz işlər görür, biz bu işlərin ümumiyyətlə niyə baş verdiyini anlaya bilmirik.

- Bu o deməkdir ki, Siz bəzən məsələlərə hökumətin məntiqi ilə baxıb izah verməyə çalışırsınız?

- Olur. Məncə, hərdən özümü onların yerinə qoyub onların mövqeyini anlamağa çalışa bilərəm.

Hökumət belə arqument gətirir ki, stabillik naminə bəzi addımları atmağa məcburdur. Deyirlər ki, Azərbaycan çox təhlükəli regionda yerləşir.

Bu, doğrudan da belədir. Maşınla 3 saata cənub tərəfə getsəz, Iran sərhəddinə, 2 saat yarıma şimala doğru gedib Dağıstanda ola bilərsiz.

Onların arqumenti də budur ki, atdıqları addımlar stabilliyi qorumaq üçün vacibdir.

Amma bizim mövqeyimiz başqadır. Biz hesab edirik ki, əgər vətəndaş cəmiyyətinə daha çox açılım olsa, stabillik daha güclü olar. Və bu, uzun müddətli perspektivdə Azərbaycan vətəndaşlarının da marağındadır. Və səmimi deyim ki, bu, həm də Azərbaycan hökumətinin maraqlarına uyğundur.

Amma dediyim kimi, biz məsələlərə fərqli yanaşırıq. Və bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır - vətəndaşları incidir və heç kimin də maraqlarına xidmət eləmir, hətta hökumətin də.

Yenə də vurğulamaq istəyirəm: biz demokratiya və insan haqları barədə ciddi danışırıq və bu mövzuda hər zaman səsimizi qaldıracağıq, necə ki, əvvəllər də bunu etmişik. Mən ABŞ-Azərbaycan Forumunda da bunu dedim.

ABŞ nöqteyi-nəzərindən onu da deməliyik ki, Azərbaycan post-sovet ölkələrinin bir çoxundan fərqli, müstəqilliyini və suverenliyini gücləndirmək kursu götürüb. Bizim əməkdaşlıq etdiyimiz bir çox sahələr var ki, hər iki ölkənin marağındadır, amma bu məsələlər də qalmaqda davam edir və biz bunların həllinə ümidliyik.

Ümid edirəm ki, Azərbaycan Avropa Şurasında sədrlikdən istifadə edərək müəyyən proqresə nail olacaq və Avropa Şurası ilə razılaşdığı fəaliyyət planını da ciddiyə alacaq.

Məhkəmə qərarları bizi çox təşvişə salıb

- 6 aylıq sədrliyin uğur göstəricisi nə olardı, Sizcə? Nələri etsə bu sədrliyi uğurlu saymaq olar?

- Indi davam edən məhkəmə prosesləri, apelyasiya məhkəmələri. Əlbəttə ki, bu məhkəmələrdən bəzilərinin gedişatı, çıxarılan qərarlar bizi çox təşvişə salıb. Bu proseslərlə bağlı ədalətli qərarların verilməsi əlbəttə ki, uğur göstəricisi ola bilərdi.

Jurnalistlərə hücumlar azalsa bu da bir uğur olar, vətəndaş cəmiyyəti ilə yeni dialoqa başlamaq da uğur göstəricisi ola bilər. Bir neçə il əvvəl dövlət katibi Klintonun səfərindən sonra hökumət belə dialoqa razılıq verdi, məncə bir görüş də keçirildi, amma bundan sonra dayandı. Bu da kömək edərdi.

Bu dəqiqə vətəndaş cəmiyyəti ilə işləyən beynəlxalq QHT-lər üzərində də olduqca böyük basqı var, vergilər və ədliyyə nazirlikləri yoxlamalar təşkil edib. Yenə də biz təftişlərin bu təşkilatları və onlarda çalışan insanları qısnamaqdan başqa nəyə xidmət etdiyini anlamırıq. Bu sahədə də hansısa bir yüngülləşmə inkişafa xidmət edərdi.

Bilirəm ki, toplaşma azadlığı fəaliyyət planının bir hissəsidir. Seçkilər vaxtı bir az toplaşma azadlığı təmin edildi, ümid edirik, gələcəkdə bununla bağlı problem azalacaq. Fəaliyyət Planında əksini tapan bütün məsələlər yerinə yetirilsə, çox faydalı olacaq.

- Bu da bir müzakirə mövzusudur ki, ABŞ nə edə bilər, nə edə bilməz bu sahədə. Bəlkə bizi bu mövzuda məlumatlandırasınız. Bəlkə bəzilərinin ABŞ-dan gözləntiləri həddindən artıq - ABŞ-ın edə biləcəyindən artıqdır? ABŞ nə edə bilər?

- Zənnimcə, çox yaxşı sual qoydunuz. Mən əlbəttə ki, vətəndaş cəmiyyətində bəzilərinin bizə olan gözləntilərinin daha böyük olduğunu və sonra da ümidlərinin qırıldığını başa düşürəm.

Birincisi, məncə, biz səsimizi qaldırırıq. Həm bağlı qapı arxasında, həm açıq şəkildə bu məsələlər danışılır. Hökumət yaxşı bilir ki, bu problemlər münasibətlərimizdə elə qıcığa səbəb olur ki, bizim hər iki tərəfin marağında olan nəticələrin əldə olunmasını çətinləşdirir.

Biz əlbəttə ki, bu məsələlərdə işləyirik. Çünki bunu etmək çox vacibdir. Hətta nail olduğumuz nəticələr çox kiçik olsa belə biz bu məsələlərlə bağlı səsimizi qaldırmaqda davam edirik ki, vətəndaş cəmiyyətində Azərbaycanda yaxşıya doğru dəyişikliklər istəyən adamlar heç olmasa bizdən hansısa mənəvi dəstəyi görsünlər.

Məncə, bunları hamısı çox vacibdir. Biz sehirli çubuğu qaldırıb məsələləri həll edə bilərikmi? Yox. Biz məsələləri qaldıra bilərik, bu məsələlərə ikitərəfli münasibətlərdə xüsusi önəm verə bilərik, biz məsələni ciddi şəkildə qabartmaqda davam edə bilərik. Amma dəyişikliklərin baş verməsi yenə də Azərbaycan hökumətindən və vətəndaşlarından asılıdır.

- Belə bir fikir var ki, Azərbaycanda həbs olunanların bir qismi əslində Qərb fikirlərinin, Avropa demokratiya ideyalarının daşıyıcılarıdır. Siz də Qərbyönümlülərin hədəfə alındığı fikrini bölüşürsünüzmü?

- Mən “Qərbyönümlü qrup hədəfdədir” kimi ifadələri işlətməyi sevmirəm. Amma düşündüyüm budur ki, hökumət monolit deyil. Hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar. Amma hökumətdə başqa mövqedə olan çoxlu adam da var. Mən bütövlükdə hökumətə damğa vurmaq istəməzdim.

Baş verənlərdən təşviş keçirdiyimizi hökumətə də kifayət qədər aydın ifadə etmişik

- Xüsusilə də sosial mediada səfirliyin, şəxsən sizin lüğətiniz də müzakirə mövzusudur. Söhbət “narahatdır” kəlməsindən gedir. Son zamanlar məlum olub ki, ABŞ diplomatiyasında tez-tez işlənən bu kəlmə ukraynalıları da narazı salıb, hətta ukraynalılar Tvitterdə “deepconcern” həştəqi də yaradıblar. Deməli, ABŞ diplomatiyası hələ “narahatlıq mövqe deyil” qənaətinə gəlməyib?

- Mən razı deyiləm. Məncə adamlar ayrı-ayrı sözlərin üstündə çox dayanırlar. Düzü, azərbaycanca, ya rusca o qədər yaxşı bilmirəm ki, “concerned” sözünün tərcüməsinin necə olduğunu bilim. Bəlkə bu sözün azərbaycanca fərqli bir çaları var.

Əmin ola bilərsiniz ki, bu, yeri gəlmişkən, çox məzəli olan satira dövriyyəyə buraxılandan, bu söhbət ortaya çıxandan sonra “CONCERNED” sözünü işlətməmişəm. Onu da deyim ki, bu çox maraqlı yumor idi və mən əsla bundan inciməmişəm.

- Problem ondadır ki, işlətdiyiniz digər sözlərin də azərbaycanca qarşılığı “NARAHATDIR” kəlməsidir.

- Onda gərək mən sizdən soruşum ki, hansı sözləri işlətməyimizi istərdiniz? Mən deməliydim ki, Azərbaycan belə dəhşətli, qəbuledilməz işləri gördüyü üçün dəhşətli bir yerdir və ABŞ-la münasibətlərini məhv edir? Məndən deməyimi gözlədiyiniz budur?

Məncə, biz baş verənlərdən nə qədər dərindən - narahatlıq sözünü işlətmək istəmirəm - təşviş keçirdiyimizi kifayət qədər aydın ifadə edirik. Bunu hökumətə də kifayət qədər aydın ifadə etmişik. Və az da olsa, ayrı-ayrı işlər üzrə hansısa nəticələr əldə edirik.

Eyni zamanda, məncə “elədiyiniz xoşumuza gəlmir” deyib, qapını çırpıb getsək, bu Azərbaycanın, vətəndaş cəmiyyətinin, vətəndaşların da marağında olmaz. Yaxud insan haqları ilə bağlı məsələlərin müzakirəsi o qədər çətinləşsə və münasibətlər tamamilə mümkünsüz olsa, bu heç kimə fayda verməz.

Rusiya qarşısında Azərbaycanın müstəqilliyi və suverenliyi üçün kim səsini ucaldar o zaman? Xüsusilə də Ukraynadan sonra. Kim Dağlıq Qarabağ danışıqlarının ədalətli davam etməsi, pis məcraya yönəlməməsi üçün bufer rolunu oynayar o zaman? Azərbaycanla terror əleyhinə fəaliyyətlərdə kim əməkdaşlıq edər?

Bilirəm ki, bizi enerji maraqlarını üstün tutmaqda günahlandırırlar. Bəli enerji bizim vecimizədir. Amma bilirsiz, biz Azərbaycandan neft ya qaz almayacağıq. Amma biz Rusiyanın monopoliyasına qarşı durmağı vacib sayırıq.

Sadəcə çıxıb getsək, bunun kiməsə fayda verəcəyini düşünmürəm. Balans olmalıdır. Bilirəm ki, çoxları ABŞ-dan daha çox şey gözləyir, amma biz mövcud şəraitdə əlimizdən gələni edirik.

Və məncə, son bir iki ildə insan haqları mövzusunda danışdığımız qədər bu vaxta kimi danışılmamışdı.

Bu, Ukraynadan götürüləcək çox pis dərsdir

- Ukraynadan söz düşmüşkən, bu ölkədə baş verənlər Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyinə təsir edibmi, nəsə dəyişibmi?

- Məğzində yox. Bizim mövqeyimizə o baxımdan təsir edib ki, indi Dağlıq Qarabağ münaqişəsinin çözümünü daha vacib hesab edirik. Hər zaman vacib idi. Amma Ukrayna böhranından sonra daha vacibdir.

Azərbaycana Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdə qeyri-sabitlliyin qalması lazım deyil. Istənilən vaxt partlayış ola biləcək bir vəziyyətin qalması kimə fayda verir?

Rusiyanın Krımda etdiklərindən sonra kim bilir, Rusiya, yaxud üçüncü bir tərəf bu vəziyyətdən necə faydalanmaq istəyə bilər? Indi bu problemin çözülməsi çox vacibdir və biz bu məsələni qabartmağa çalışırıq.

Ukrayna ilə bağlı vurğuladığımız başqa bir məsələ də var. Indiki vəziyyəti nəzərə alsaq, Azərbaycan, elə ABŞ da çalışmalıdır ki, münasibətlər qorunub saxlansın. Çünki, əvvəl dediyim kimi, Azərbaycanın müstəqilliyinin arxasında kim dayanacaq? ABŞ və Avropadan başqa kim?

Məncə, hökumətdə bir çox adam, o cümlədən prezident anlayır ki, Birləşmiş Ştatlarla münasibətlər çox vacibdir. Amma Azərbaycan tərəfdən təəssüf etdiyimiz məsələlərdən biri budur ki, ola bilsin, hökumət, Maydanda baş verənlərin burda təkrarlanmasını istəmir. Və bu, bəzi adamların fikrincə, insan haqları və demokratiya məsələlərində təzyiqi daha da artırmağa əsas verir.

Bu, Ukraynadan götürüləcək çox pis dərsdir. Mən burda (hökumətdə) bir növ iki xətt görürəm. Bir tərəfdən, Ukraynada baş verənlərdən sonra ABŞ-la münasibətlər vacibdir qənaəti, amma orda baş verənlərin burda təkrarlanmaması üçün vətəndaş cəmiyyətinin işini daha da çətinləşdirmək xətti.

- Belə bir fikir var ki, hətta korrupsiya əleyhinə təşkilatların nümayəndələri, səfirlər bu mövzulara toxunmamağa çalışırlar, çünki söhbət həm də prezidentin ailə biznesindən gedir.

- Mən ümumiyyətlə hər hansı məsələnin müzakirəsindən çəkindiyimizi düşünmürəm. Əlbəttə ki, mən hansısa konkret şəxsi günahlandıracaq bir durumda deyiləm. Amma biz bir sıra mövzularda çox ciddi mövqe ortaya qoyuruq.

Məsələn, Azərbaycanın Ümümudünya Ticarət Təşkilatına üzvlüyü məsələsində - bu iqtisadiyyatda imkanların açılmasına kömək edər. Biz davamlı olaraq gömrük və vergi orqanlarındakı problemlərdən danışırıq. Çünki bu problemlər biznesi olduqca çətinləşdirir.

Nəhayət ki, Rəqabət Məcəlləsinin qəbul olunmasına çalışırıq. Hökuməti biznesə, iş adamlarına inkişaf edən yeni şirkətlərə az müdaxilə etməyə çağırırıq. Biz bu sahədə işimizi davam etdirə bilərik və əlbəttə ki, kimsəyə “sən pis adamsan, filan işi görürsən” demək işə fayda verməyəcək. Bizim Inkişaf Agentliyinin bəzi proqramları gənc iş adamları, kənd təsərrüfatı sahəsində işləyənlərə yardım etməyə, onların müstəqil iş qurmasına yönəlib.

Yeddi rayon Azərbaycana qaytarılmalıdır

- Qarabağ məsələsinə qayıdaq. Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib ki, Qarabağda sülhə çatmaq üçün 6 elementə ehtiyac var. Çatmaq mümkündürmü?

- Mümkündür, əgər münaqişə tərəfləri - Azərbaycan və Ermənistan bu məqsədə çatmaq üçün siyasi iradə ortaya qoysalar.

Əslində iki əsas məsələ var. Əlbəttə ki, ayrıntılara varsaq, mərhələlərin bölünməsi, bu məqsədlərə necə çatılması kimi məsələlər var. Amma yeddi işğal olunmuş rayon. Onlar Azərbaycana qaytarılmalıdır. Biz bununla bağlı mövqeyi aydın ifadə edirik.

- Qeyd-şərtsiz, eləmi?

- Bu, nizamlama planının bir hissəsi olmalıdır. Amma istənilən nizamlama planı bu yeddi rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutmalıdır.

Məncə, Ceyms Uorlik bunu aydın söylədi və bu, bizim aydın siyasətimizdir. Bəli, Dağlıq Qarabağla Ermənistanı birləşdirən, Laçından keçən kiçik koridor ola bilər və hələ bu da danışılmalıdır. Və biz 7 rayondan danışarkən, mən ona görə Dağlıq Qarabağı ayırıram ki, onun yekun statusu danışıqlar vasitəsilə müəyyənləşməlidir.

Iki tərəf bir araya gəlib, bu sülhə nail olmaq üçün konkret addımlarla bağlı nə qədər tez razılığa gəlsə - bu mən dediyim qədər sadə də deyil - nə qədər ərazi əvvəl qaytarıla bilər, təhlükəsizlik təminatçıları necə olacaq? Sonra Kəlbəcərlə bağlı, nəhayət Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum - bütün bunlar danışılmalıdır.

Amma bunların heç biri iki ölkə prezidenti razılığa gəlməklə bağlı iradə nümayiş etdirməsə mümkün olmayacaq. Biz buna kömək etməyə hazırıq. Amma buna məcbur edə bilmərik. Rusiya da kömək etməyə hazır olmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar