ÇİN DÜNYA LİDERİ KÜRSÜSÜNƏ YİYƏLƏNİR! – “Liderlər yerlərini Çinə güzəştə gediblər”

Pekin ardıcıl olaraq müxtəlif sahələr üzrə dünya liderliyinə can atır. ”İlk öncə Amerika!” şüarı altında prezident seçilən Donald Trampın proteksionist bəlağəti Çin Xalq Respublikasının sədri Si Çzinpinə qloballaşmanın qorunması bayrağını ələ keçirməyə əsas verir.

Trampın inauqurasiya mərasiminə bir neçə gün qalmış Si Çzinpin İsveçrənin Davos şəhərində keçirilən ümumdünya iqtisadiyyat forumunun ulduzuna çevrilmişdi. O, Pekinin dünya arenasında daha mühüm rol oynayacağının siqnalını verirdi.

Hətta Cənubi-Çin dənizi ətrafındakı mürəkkəb münaqişədə də Pekin Ağ Evin “mübahisəli akvatoriyada beynəlxalq ərazinin qorunacağı” barəsindəki vədlərinə kəskin reaksiya verməyib. Əksinə, Si Çzinpin özünün sülh tərəfdarı olduğunu vurğulayaraq, təmkinli şəkildə Trampı Çin üçün həssas mövzularda diqqətli fikir söyləməyə çağırıb.

Çinin istefadakı general-mayoru Luo Yuan öz bloqunda belə yazıb: ”Sizin “İlk öncə Amerika!” şuarınız var. Sizdə “qapalı ölkə”dir, bizdə isə “bir kəmər və bir yoldur”. Bu sözlərlə o, Çinin bir neçə milyard dollarlıq ticarət və investisiya proqramını nəzərdə tutur.

Çin Amerikanın ənənəvi qlobal liderlik rolundan narazıdır. ÇXR xarici işlər nazirliyinin beynəlxalq iqtisadiyyat departamentinin baş direktoru Çjan Çzyun deyib: ”Ona görə yox ki, Çin liderliyə can atır, ona görə ki, liderlər geriyə çəkilərək yerlərini Çinə güzəştə gediblər”.

- Məsuliyyətlilik və təşəbbüskarlıq

Bu mövqenin güclənməsinə səbəb Trampın ABŞ-ı Trans Atlantik Əməkdaşlıq Təşkilatından çıxarması qərarıdır. Regionda Çinin təsirinin artdığı bir fonda Amerika özünün asiyalı müttəfiqləri arasında məsafə saxlayır.

Bu müqavilənin yerdə qalan digər iştirakçıları bildiriblər ki, indi onlar yeni formada Çinin də buraya daxil olmasını və ya Pekinin azad ticarət haqqında alternativ müqavilələrə qoşulmasını nəzərdən keçirirlər.

Çin xarici işlər nazirliyi tərəfindən dəstəklənən Pekindəki “Beynəlxalq araşdırmalar institutunu”nun aparıcı əməkdaşı Su Syahuey deyib: ”Bir çox mühüm forumlarda Çin lideri dünyanın inkişafı üçün müsbət impulsa çevrilmiş təkliflər irəli sürüb. Asiya-Sakit okean regionu iqtisadi inteqrasiya prosesində daima öz liderliyi barəsində düşünən dövlətlərdən fərqli olaraq, Çin daha çox məsuliyyətli və təşəbbüskar olmağa diqqət ayırır”.

May ayında Çin “Bir kəmər və bir yol” təşəbbüsünə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Bu konfrans qlobal infrastruktur və sərmayə məsələlərində Çinə öz liderliyini nümayiş etdirməyə imkan verəcək. Konfransın hazırlığı ilə yaxından tanış olan Pekindəki diplomatik mənbə bildirib ki, Çin praktik olaraq, hamını bu konfransa dəvət edir.

Çinin lider kimi görünmək istədiyi daha bir sfera - iqlim dəyişilməsinə qarşı mübarizə məsələləridir. Tramp qlobal istiləşməni “uydurma” adlandırıb və prezident seçkiləri kampaniyası zamanı vəd verib ki, ABŞ-ı Paris iqlim müqaviləsindən çıxaracaq.

Çin xarici işlər nazirliyinin beynəlxalq təşkilatlar və konfranslar departamentinin rəhbəri Li Çzinxua jurnalistlərə deyib: ”Dünya iqlim dəyişikliyindən və ölkələrin Paris paktı çərçivəsindəki öhdəliklərinə necə və hansı səviyyədə əməl edib-etməyəcəklərindən narahatdır. O ki qaldı Çinə, mənim sədrim tamamilə aydın şəkildə bildirdi ki, Çin öz üzərinə düşən tapşırığı yerinə yetirir”.

- Qırmızı xətlər

Lakin həmişə belə olmayıb. Daha məsuliyyətli dövlət olmaq üçün Çin uzun və çətin öyrənmə prosesindən keçib.

Lider rolunda olmaq heç də asan olmayacaq. Bəzi mühüm məsələlərdə və həmçinin də Tayvanın öz müqəddəratını təyin etməsi məsələsində Çin güzəştə getməyə hazırlaşmır.

Tramp hakimiyyətə gəldikdən sonra Çinin xarici işlər naziri onun administrasiyasına “Vahid Çin” prinsipinin nə dərəcədə vacibliyini anlamağa çağırıb.

Çin həmçinin gözləyir ki, Trampın prezidentliyi dövründə rəsmi Vaşinqton iki ölkə arasındakı qarşılıqlı münasibətlərdə mübahisə yaradan insan haqları mövzusunu gündəliyə gətirib Pekinə iradlarını bildirməyəcək.

Çinin Kommunist partiyasının qəzeti olan “Jenmin Jibao” Trampın inauqurasiya çıxışında “demokratiya” və ya “insan haqları” sözlərinin yer almamasını təqdirəlayiq qarşılayıb. Qəzet bu barədə yazıb: ”Bəlkə də keçmişdə belə şeylər amerikalı məmurlar tərəfindən süni şəkildə şişirdilirdi”.

(Reuters - Böyük Britaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar