SABİQ MTN ZABİTİNDƏN GÜNDƏMİ SİLKƏLƏYƏCƏK AÇIQLAMALAR - Mahmudovun GİZLİ DOSYESİ açılır + II HİSSƏ

“Bizə daxil olan məlumatda bildirilirdi ki, MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsi hazırlanır”

Azərbaycanın xüsusi xidmət orqanını kim və niyə karvansaraya çevirib

Elmar Hüseynovun qətli, ADNA terroru, “Səid Dadaşbəylinin işi” və daha ağır cinayətlərin inanılmaz dosyeləri haqda ilginc bilgilər!

(II hissə yazının sonuna əlavə olunub)

Son aylarda Amerikaya köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün yeni açdığı bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqdadır. Bu günə qədər 8 yazı yazan Ə.Oruclu Eldar Mahmudovun 11 ilə yaxın nazirliyi dövründə baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bir qisminin üzərindən sirr pərdəsini qaldırıb. Musavat.com-un məlumatına görə, keçmiş MTN zabiti olan Ə.Oruclu hazırda məhkəməsi keçirilən Eldar Mahmudovun generalları, bu strukturun dərin sirləri ilə bağlı bildiklərini, mülahizə və məlumatlarını paylaşıb.

Politoloqun qələmə aldığı sirr xarakterli, geniş ictimaiyyətdən illərlə gizli saxlanılan məlumatlarla zəngin yazıların orijinalları ilə onun bloqunda tanış ola bilərsiz.

Doğrudur, onun yazılarında xüsusi məlumatlarla yanaşı, siyasi elementlər də var - bəzi məqamlarda Ə. Oruclu müxalif mövqeli siyasətçi kimi hakimiyyəti sərt şəkildə tənqid edir. Lakin onun bu yazıları ölkəmizin milli təhlükəsizliyinə cavabdeh olan bir strukturun niyə çökdüyünü aydınlaşdırmaq baxımından əhəmiyyətli sayıla bilər. Biz də bu əhəmiyyəti nəzərə alaraq, həmin yazıların bir sıra məqamlarını və özətini təqdim edirik.

"Mahmudov niyə nazir edildi?"

eldarmahmudovesas285

Bu silsilədən olan və “1-ci yazı: Mahmudov niyə nazir edildi?” adlanan yazısında Ə.Oruclu E.Mahmudovun DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinatının səbəbi göstərilir. Onun az sonra həmin vəzifədən neqativ fəaliyyətinə görə atılmasının nədən qaynaqlandığını açıqlayır. OBXSS işçisi olan Eldar Mahmudovun bir neçə il sonra milli təhlükəsizlik naziri postuna başgicəlləndirici təyinatı haqda Ə.Oruclu geniş bilgiləri bölüşür. Lakin bundan öncə...

Sitat: “Bir sıra mənbələrin verdiyi məlumata görə bunun arxasında duran əsas səbəb Heydər Əliyevə Eldar Mahmudov barəsində çox ciddi "kompromatların" (ifşaedici materialların) təqdim edilməsi olmuşdu. Bununla da Mahmudovun gələcək hakimiyyətin daxili işlər naziri ulduzu parlamadan söndürüldü...

Amma cəmi bir neçə ildən sonra polis orqanlarında yarıtmaz və yaramaz kadr reputasiyası qazanmış Eldar Mahmudov Azərbaycanın təzəcə ayağa qalxmağa başlayan Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri edildi. Bu, təhlükəsizlik orqanlarının nəinki iş prinsiplərindən, fəlsəfəsindən, mahiyyətindən xəbərsiz olan, hətta mənəvi və əxlaqi baxımdan bu orqanlarda ən aşağı vəzifə tuta bilməkdən xeyli uzaq olan keçmiş OBXSS işçisi Eldar Mahmudov üçün başgicəlləndirici təyinat idi”.

Həmin yazıda politoloq Eldar Mahmudovun SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunduğunu diqqətə çatdırmaqla onun “çirkli işləri görmək üçün vəzifəyə gətirildiyini” vurğulayır: “Təbii ki, burda xarici amilin də rolu vardı - hələ gənc yaşlarından SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunmuş keçmiş OBXSS əməkdaşının dosyesi Moskvada idi...”, –deyə Ə.Oruclu ciddi bir iddia ortaya qoyur.

“MTN rəhbərliyinin cinayətlərinə niyə göz yumulurdu...”

eldar-main

“MTN rəhbərliyinin cinayətlərinə niyə göz yumulurdu...” sərlövhəli ikinci yazıda Ə.Oruclu Eldar Mahmudovun təyinatının həm də Rusiyanın maraqlarına xidmət etdiyini yazır. Onun təyinatından sonra Azərbaycan MTN-in Kəşfiyyat İdarəsinin rəisi Eldar Məmmədəliyevin qanunsuz odlu silahın “tapılması” ittihamı ilə həbsə göndərilməsinin səbəbini də açıqlayır.

Qeyd edir ki, 2005-ci ilin oktyabrında Azərbaycana səfər edən və Eldar Mahmudovla görüşən Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Yuriy Lebedev E.Məmmədəliyevin işdən çıxarılmasını şəxsən E.Mahmudova tapşırıb!

Sitat: “Onun Azərbaycandakı ən mühüm dövlət postlarından birinə gətirilməsi Rusiyanın planı idi. Plan ən azı 3 ardıcıl məqsədə nail olmağa hesablanmışdı:

1. Daha çox Türkiyə və Qərb ölkələri ilə tərəfdaşlığa üstünlük verən nazir Namiq Abbasovu tutduğu postdan kənarlaşdırmaq;

2. MTN-i Rusiyanın nəzarətinə qaytarmaq;

3. Növbəti mərhələdə isə MTN strukturlarında Rusiya agentura şəbəkəsini gücləndirməklə ABŞ-ın, Avropa ölkələrinin, Türkiyənin və İranın Azərbaycandakı və bölgədəki fəaliyyətini nəzarətdə saxlamaq və eyni zamanda Azərbaycanın daxili siyasətinə təsiri gücləndirmək.

Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktorunun göstərişi ilə MTN-in kəşfiyyat idarəsinin rəisinin də dəyişdirildi

Təsadüfi deyildi ki, 2005-ci ilin oktyabrında Bakıya səfər edən Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Yuriy Lebedevin görüşlərindən biri də MTN-də bu orqanın rəhbərlərilə olmuşdu və Mahmudovun kabinetində keçirilən həmin görüşdə Lebedev açıq şəkildə MTN-in kəşfiyyat idarəsinin rəisinin də dəyişdirilməli olduğunu bildirmişdi. Xüsusi xidmət orqanları əməkdaşları yaxşı bilirlər ki, bu cür açıq tapşırıq yalnız kəşfiyyatın əlaqəsində olan agentlərə verilə bilər. Təsadüfi deyildi ki, elə bu görüşün ardınca ölkənin bir neçə yüksək vəzifəli nazir və məmuru saxta “dövlət çevrilişinə cəhd” ittihamı ilə həbs olundu.

Cəmiyyətdə geniş müzakirə olunmayan başqa bir həbs isə Azərbaycan MTN-in Kəşfiyyat İdarəsinin rəisi Eldar Məmmədəliyevin həbsi idi. Nə qədər absurd görünsə də, Məmmədəliyevin həbsinin səbəbi ondan qanunsuz odlu silahın “tapılması” idi. Bir qədər sonra azad buraxılan Məmmədəliyevi isə polkovnik Namir Bağırov əvəzlədi. Bu və digər məsələlər haqqında daha detallı bir qədər sonra...

Kriminal şəriklərini nazirliyin strukturlarına toplayır

Hələlik isə 2005-ci ilin əvvəlləri idi və artıq 7-8 ay ərzində MTN-ə rəhbərlik edən Eldar Mahmudov özünün bütün kriminal şəriklərini nazirliyin strukturlarına toplamağa nail olmuşdu. Ölkənin təhlükəsizliyi üçün müstəsna əhəmiyyəti olan peşəkar kəşfiyyatçı və əks-kəşfiyyatçılar kütləvi şəkildə işdən çıxarılır, onları yerləri isə polis orqanlarından gətirilən oğru-quldur mahiyyətli, bir sıra hallarda isə cinayətkar keçmişi olan şəxslərlə doldurulurdu. MTN-in mərkəzi aparatında sıravi əməliyyat müvəkkili vəzifəsinə işə düzəlmək üçün 40-60 min dollar alınırdı. İşdən kənarlaşdırılan peşəkarların sayı həmin dövrdə artıq 200 nəfəri ötmüşdü və bu, Azərbaycan üçün, onun milli təhlükəsizlik maraqları üçün ən böyük və ağlasığmaz təhdid idi”.

Ə.Oruclu bu görüşün ardınca ölkənin bir neçə yüksək vəzifəli nazir və məmuru saxta “dövlət çevrilişinə cəhd” ittihamı ilə həbs olunduğunu da xatırladır.

MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsi hazırlanmışdı

elmar

Yazıda son dərəcə ilginc məqamlardan biri də MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsinə hazırlıq görülməsi ilə bağlıdır. Politoloq qeyd edir ki, 2005-ci il mart ayının 2-də yaşadığı binanın blokunda öldürülən "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun adı da həmin siyahıda olub!

Sitat: “Odur ki, Mahmudovun başlıca vəzifələrindən biri də hakimiyyətin siyasi opponentlərini, tənqidçi jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq idi. 2005-ci ilin yanvar ayında bizə daxil olan məlumatda bildirilirdi ki, MTN-də 4 baş redaktorun və 3 hüquq müdafiəçisinin qətlə yetirilməsi hazırlanır. Belə bir addımın atılacağı ağlasığan görünməsə də, bu siyahıdan yaxın şəxsi münasibətim olan və güvəndiyim 2 nəfəri xəbərdar eləməyi özümə borc bildim.

Həmin söhbətləri bu gün də xatırlamaq mənimçün çox ağırdır - bu xəbəri çatdıranda o insanların gözlərindəki ifadələri sözlərlə təsvir etmək qeyri-mümkündür. Görünən bu idi ki, hər iki həmsöhbətim məlumatın ciddiliyinə şübhə etmirdi. Belə şübhələr olmuşdusa da, əminəm ki, cəmi iki ay sonra onlar tamamilə dağılmışdı. 2005-ci il mart ayının 2-də siyahıda adı olan şəxslərdən biri – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetiriləndə...”

“Qara kəmər” əməliyyatından əvvəl  Eldar Mahmudov Hacı Məmmədovla görüşüb

“3-cü yazı: 2005 - keçid ili” adlanır. Ə .Oruclu bu yazıda Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçinin deyil, Eldar Mahmudovun gətirilməsinin səbəbi, 2005-ci ili ölkənin siyasi sisteminin demontajının başlanğıcı ili olduğunu, “Qara kəmər” əməliyyatının keçirilməsindən əvvəl Hacı Məmmədovla Eldar Mahmudovun yarım saatlıq söhbətinin olduğu, 2003-2005-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişlə alman həmkarı Klaus Qrevlixin birlikdə ölkəmizdəki fəaliyyətlərinin ən incə məqamları diqqətə çatdırılır.

Hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın oğurlanmasına Hacı Məmmədovun heç bir aidiyyatının olmadığı iddia olunur.

Sitat: “Azərbaycanın siyasi institutlarının dağıdılmasına start MTN-in dağıdılmasından verilmişdi və bu orqanın sıradan çıxarılmasında da bütün tərəflərin öz marağı vardı. Məhz bu səbəbdən də qəflətən vəzifəsindən azad edilən Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçi deyil, oğru-quldur mahiyyətli keçmiş OBXSS əməkdaşı gətirildi. 12 il ərzində addım-addım qurulan MTN bir neçə ay ərzində quldur yuvasına çevrildi. MTN zabitinin şərəf və ləyaqət kodeksinə zidd əməllər sayılan "cibə narkotik maddə atmaq", işgəncələr tətbiq etmək, ailə üzvlərini girov götürmək, insanları ailəsilə şantaj etmək kimi əməllər MTN-in gündəlik fəaliyyət vasitələrinə çevrildi. Artıq Milli Təhlükəsizlik Nazirliyinə işə yalnız rüşvətlə götürürdülər... Daha dəhşətli hal isə bu idi ki, MTN rəhbərlərinin tapşırığı, iştirakı ilə törədilən və ictimai rezonans doğurmuş cinayətlərin təhqiqatı MTN-ə tapşırılırdı. Məsələn, Elmar Hüseynovun qətli kimi...

Zamirə Hacıyevanı Hacı Məmmədov deyil,  yeni qanqster bandası oğurlamışdı

Amma yeni MTN rəhbərliyinin hədəfinə tuş gələnlər təkcə müxalifət, media və vətəndaş cəmiyyəti nümayəndələri deyildi. Elmar Hüseynovun qətli ərəfəsində Azərbaycan cəmiyyətini şoka salan daha bir xəbər gündəmi tutdu - həmin günədək ölkədə az qala heç kəsin tanımadığı Hacı Məmmədovun qanqster bandası ifşa olundu. MTN-in keçirdiyi və cəmiyyətə sensasion şəkildə təqdim olunan "Qara kəmər" əməliyyatı nəticəsində uzun müddət qanqster kimi fəaliyyət göstərmiş bandanın üzvləri həbs olundu. Həmin əməliyyatın keçirilməsinin səbəbi kimi isə Beynəlxalq Bankın rəhbəri, hal-hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın həmin banda tərəfindən oğurlanması göstərilirdi. Əslində isə Hacı Məmmədovun bu işə heç bir aidiyyatı yox idi və Zamirə Hacıyevanın oğurlanması onu əvəzləməli olan yeni qanqster bandası tərəfindən həyata keçirilmişdi. Elə olmasaydı Hacı Məmmədovun həbs olunması onun yanına gələn Eldar Mahmudovla yarım saatlıq söhbətdən sonra həyata keçirilməzdi.

Elə olmasaydı cəza müddəti bütün məhkəmə instansiyalarında təsdiq olunmuş Hacı Məmmədov hökmü oxunduqdan sonra 10 ildən artıq Mahmudov MTN-inin istintaq təcridxanasında saxlanılmazdı. ...Deməli, cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra "dilinin açıla" biləcəyi ehtimal olunan Hacı Məmmədovun danışması təkcə Mahmudov üçün təhlükəli deyildi. Burdan belə qənaətə gəlmək olur ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi də Hacı Məmmədovun sahibləri deyildi”.

Mahmudov niyə həbs olunmur?

Ə.Oruclunun “4-cü yazı: Mahmudov niyə həbs olunmur?” sərlövhəsi altında qələmə aldığı yazıda sabiq nazirin vəzifədən çıxarılmasından 1 il 3 ay ötməsinə baxmayaraq azadlıqda qalmasına diqqət çəkilir.

Sitat: “Görünür, elə adam oğurluğu, şərləmələr, soyğunçuluq, qətl kimi cinayətlərin məhz icraçısı olması da Mahmudovu bu günədək həbs olunmaqdan qoruyur. Elə olmasaydı antiinsani, murdar əməlləri sayəsində cəmiyyətin ən müxtəlif təbəqələrində yüzlərlə, bəlkə də minlərlə şəxsi düşmən qazanmış Eldar Mahmudov bu qədər müddətdə həbsdən kənarda qala bilməzdi...”.

Politoloq E.Mahmudovun azadlıqda qalmasının səbəblərindən biri kimi İsraillə çox yaxın əlaqələr quraraq bu dövlətin kəşfiyyat qurumu olan “Mossadla” sıx əməkdaşlıq eləməsini diqqət mərkəzinə çəkir: “Başqa, daha ciddi səbəblərdən biri də Mahmudovun vaxtilə İsraillə çox yaxın əlaqələr quraraq bu dövlətin kəşfiyyat qurumu olan "Mossadla" sıx əməkdaşlıq eləməsidir.

Hələ 2008-2009 illərdə Mahmudovun bir sıra rəsmi tədbirlərdə İsrailin Azərbaycandakı səfiri ilə birlikdə görünməsi, bir sıra tədbirlərdə isə onunla yanaşı əyləşməsi məlumatlı insanlarda anlaşılmazlıq doğurmuşdu. Rusiyaya bağlı naziri İsrail səfiri ilə nə bağlaya bilərdi? Amma müəyyən zaman keçdikdən sonra məsələlər aydınlaşmağa başlamışdı. Bu barədə bir qədər daha ətraflı yazmaq istərdim.

Beləliklə, yuxarıda qeyd etdiyim kimi, 2005-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti sürətlə kriminallaşmağa başladı ki, bu da ölkənin bir çox ənənəvi, xüsusilə də qərbli partnyorlarını məsafələşməyə vadar etdi. Vaxtilə müxtəlif Qərb ölkələrində terrorla, transmilli cinayətkarlıqla mübarizə üzrə xüsusi peşə hazırlığı keçmiş yüzlərlə xüsusi xidmət əməkdaşının MTN sıralarından xaric edilməsi isə Qərb ölkələrinin xüsusi xidmətlərini MTN-lə əməkdaşlıqdan çəkindirdi”.

   II HİSSSƏ

“Mossad” əməkdaşları açıq şəkildə MTN-in binasında əyləşirdi

Politoloqun ictimailəşdirdiyi ilginc məqamlardan biri də “Mossad” rəsmilərinin MTN-də yerləşməsi ilə bağlıdır.

Sitat: “Məhz həmin əməkdaşlığın bir istiqaməti də MTN – “Mossad” əlaqələrinin genişləndirilməsi idi. Bu əməkdaşlıq isə elə bir həddə çatmışdı ki, hətta ən yaxın müttəfiq dövlətlərin xüsusi xidmət orqanları arasında da belə münasibətlər olmur. Məsələn, bir neçə “Mossad” əməkdaşı açıq şəkildə MTN-in binasında əyləşirdi və hər səhər hamı kimi “işə gəlib”, axşam da binadan çıxıb gedirdi. Sadəcə bir o fərq vardı ki, MTN binasının “Mossad” əməkdaşlarının çalışdığı (daha doğrusu, casusluq elədiyi) hissəsinə kənar şəxslərin girişi qadağan idi. Kənar şəxslər isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan vətəndaşı olaraq vəzifəsi dövlətin təhlükəsizliyini təmin etmək olan əməkdaşları idi...”

Bununla yanaşı Ə. Oruclu Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində İsraildən azı 600 milyon dollar dəyərində casusluq vasitələri alındığını və bu vasitələrdən ölkə vətəndaşlarına qarşı istifadə edildiyini diqqətə çatdırır: “...Onların da arasında müasir dinləyici qurğularla yanaşı, interneti, xüsusilə də sosial şəbəkələri, elektron poçtları izləmək, onların kodlarını sındırmaq üçün müvafiq texniki avadanlıq və onun üçün proqramlar da vardı. Əlbəttə, bütün bunların məsələn, terrora qarşı mübarizə çərçivəsində istifadə olunduğunu iddia eləmək olar. Amma məhz bu avadanlığın sayəsində ölkədə siyasi fəalların, tənqidçi jurnalistlərin, gənclər təşkilatlarının üzvlərinin izlənməsi və sonrakı həbsi halları sürətlə artdı”.

4-cü yazı sabiq nazirin həbsdən yaxa qurtarmasında İsrailin rol aldığı qeydi ilə sona çatır: “Beləliklə, görünən həm də budur ki, Eldar Mahmudov vaxtilə göstərdiyi müstəsna xidmətlərinə və bunun sayəsində əldə etmiş olduğu bilgilərinə görə İsrail tərəfindən də himayə olunur”.

"Mahmudov  MTN-i az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevirdi"

“5-ci yazı: Çovdarovun cinayətləri, ATM-in “əməliyyatları” və İlqar Əliyevin “intiharı” adlanır. Bu yazıda Mahmudov dəstəsinin törətmiş olduğu ən ağır dövləti cinayətlərdən biri - heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılmasının Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükə doğura biləcəyi diqqət mərkəzinə gətirilir. MTN-in az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevrilməsindən söhbət açılır.

Sitat:“Sadalanan bu böyük bizneslərin yaranmasının kökündə və bugünkü fəaliyyətinin əsasında mənimsəmələr, talançılıq, korrupsiya, soyğunçuluq və oğurluq dayanır. Sadəcə bütün bu əməllərin reallaşdırılması forma etibarilə bir-birindən fərqlidir. Yəni, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin, ... və ya hansısa digər bir orqanın başında duranların topladığı sərvətin hamısı kriminal yollarla toplanmış sərvətdir, yeganə fərq isə onların bu talançılığı reallaşdırma yollarından ibarətdir. Burda da hər bir quruma rəhbərlik edən şəxs(lər) öz səlahiyyət və imkanları çərçivəsində hərəkət edib. Bu baxımdan MTN-in şantaj, təhdid, təzyiq etmək imkanları daha çox, metodları isə daha kəskin olduğundan Akif Çovdarovun və digərlərinin törətdiyi iqtisadi xarakterli cinayətlər bu qədər sensasion görünür. Amma keçmiş MTN rəhbərliyi tərəfindən törədilmiş çoxsaylı cinayətləri sahibkarların Akif Çovdarov tərəfindən talanması üzərində qapamaq cəhdi başqa mətləblərdən xəbər verir.

Buna aydınlıq gətirmək üçün əvvəlki yazıma bir daha müraciət etməli olacağam. 4-cü yazımda Mahmudov bandasının əvvəlcə Rusiya, sonra isə İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığından yazmışam. Bu, bandanın əsas partnyorları olmuş iki ölkənin xüsusi xidmət orqanıdır. Əslində isə, Eldar Mahmudovun nazir olduğu dönəmdə MTN daha çox sayda kəşfiyyatla əməkdaşlıq edib. Bunların arasında İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətindən tutmuş Avropa ölkələrinin xüsusi xidmət orqanlarınadək, müxtəlif casus qurumları olub. Əlbəttə, müştərək maraqların olduğu məsələlərə dair birgə kəşfiyyat əməliyyatları hər zaman olub və olacaq da. Xüsusilə də sürətlə qloballaşan bugünkü dünyanın əsas problemlərindən olan terrorizmə, narkotrafikə, insan və orqan alverinə və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizədə. Amma hətta belə əməliyyatlar keçirilən zaman da xüsusi xidmət orqanı hər bir addımını ölkəsinin milli təhlükəsizliyini nəzərə alaraq atır. Mahmudov isə faktiki olaraq MTN-i az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevirdi”.

Ölkədə heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılıb

MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin istintaq təcridxanasında “intihar etməsində” bu amilin rol aldığı vurğulanır, növbəti qurbanın hazırda həbsdə olan və barəsində heç bir məlumat verilməyən general Elçin Quliyevin olacağı iddiası ortaya qoyulub!

Sitat:Təsəvvür edin ki, Mahmudovun rəhbərliyi dönəmində yüzlərlə (kim bilir, bəlkə də minlərlə) Azərbaycan vətəndaşı yazılı iltizam alınaraq məxfi əməkdaşlığa cəlb olunub, lakin bunlar heç bir səviyyədə rəsmiləşdirilməyib. Başqa sözlərlə, ölkədə heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılıb. Hüquq-mühafizə orqanları da daxil olmaqla hakimiyyət strukturlarında, mediada, vətəndaş cəmiyyəti institutlarında çalışan, siyasi partiyalarda təmsil olunan bu insanların əksəriyyəti barələrində toplanmış ifşaedici materiallarla (kompromatla) təhdid, şantaj edilərək əməkdaşlığa cəlb olunub.

"Növbəti "intihar edən" general Elçin Quliyev olarsa...

Sayı və siyahısı bəlli olmayan həmin şəbəkə Mahmudov bandasının özü tərəfindən də idarə olunmaq üçün yaradıla bilərdi, amma eyni zamanda, bu insanların barəsində toplanmış materiallar (əməkdaşlıq haqda verdikləri iltizamlar da daxil olmaqla) müxtəlif xarici kəşfiyyatlara da ötürülmüş və ya satılmış ola bilər. İkinci ehtimal daha yüksəkdir. Bu, cinayətkar Mahmudov dəstəsinin törətmiş olduğu ən ağır dövləti cinayətlərdən biri olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükə doğura biləcək məsələ isə bugünədək araşdırılmır. Həmin işi həyata keçirən əsas şəxslər isə keçmiş MTN-nin Antiterror Mərkəzinin (ATM) rəisi general Elçin Quliyev və onun keçmiş müavini polkovnik İlqar Əliyev idi. Odur ki, İlqar Əliyevin istintaq təcridxanasında "intihar etməsində" təəccüblü bir şey yoxdur. Növbəti "intihar edən" və ya "ürəktutmasından ölən" hal-hazırda həbsdə olan və barəsində heç bir məlumat verilməyən general Elçin Quliyev olarsa, buna da təəccüblənmək lazım deyil. Elə bu sətirləri xatırlamaq kifayət edəcək”.

Ə.Oruclu vurğulayır ki, E.Quliyevin həbsə alınması yalnız mediada adı ağır cinayətlərdə hallandıqdan sonra baş tutub: “...general Quliyevi "qurban verdilər", amma yuxarıda qeyd elədiyim kimi, onun haqqında aparılan cinayət işinin hansı mərhələdə olması haqda heç bir məlumat yoxdur”.

Mövlam Şıxəliyevin həbsdən kənar qalması 10 milyon xərac verməsilə bağlıdır

 Politoloq MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevin həbsdən kənar qalmasını 10 milyon manat xərac verməsi ilə əlaqələndirir: Təbii ki, ondan alınmış böyük pul müqabilində (10 milyon manat). Halbuki, həmin idarənin istintaq təcridxanasında törədilmiş cinayətlərin sayı yüzlərlədir ki, bunlardan bir neçəsi də işgəncələr zamanı qətlə yetirmə hallarıdır. Elçin Quliyev və onun rəhbərlik etdiyi ATM-in aktivində onlarla ağır cinayət, o cümlədən bir neçə qətl işi var. Nəhayət, ATM-in İranın xüsusi xidmət orqanları ilə birlikdə şiə dindarlar arasında "ikili agentlər" şəbəkəsi yaratması və digər tərəfdən də sələfi radikallardan ibarət şəbəkənin qurulması ilə bağlı keçirdiyi əməliyyat tədbirləri ciddi istintaq-təhqiqat predmeti olmalıdır və bütün bu işlər Elçin Quliyev "intihar edənədək" araşdırılmalıdır.

Çünki onların törətmiş olduğu əməllərin hamısı Azərbaycan dövlətinin təhlükəsizliyinə ciddi təhdiddir. Onu da qeyd edim ki, ATM-in yaratmış olduğu dindar agentlərdən ibarət şəbəkəyə daxil olan və cəmiyyətdə hakimiyyətin kəskin tənqidçiləri kimi tanınan bir neçə belə "ikili agentə" dövlət büdcəsindən yüz minlərlə manat pul da ödənilib. ATM-in əlilə törədilmiş digər cinayətlər (NİDA-çılara, Rauf Mirqədirova və digərlərinə qarşı irəli sürülmüş saxta ittihamlar) isə hələ açılmayacaq...”

Yazıda son olaraq keçmiş deputat Anar Məmmədxanovun, onunla müntəzəm görüşən jurnalist İbrahim Bayandurlunun bir-birinin ardınca müəmmalı şəkildə ölmələrinin də araşdırma predmeti olmasının zəruriliyi ortaya qoyulur.

Məxfi əməliyyat mənbələrinə "obyektlə" intim əlaqəyə girmək tapşırılmış...

eldar mahmudov video

6-cı yazı: keçmiş MTN-in agentura şəbəkəsi və İranla işbirliyi” haqdadır. 2004-2015 illər ərzində Mahmudov MTN-in ölkənin ictimai-siyasi, iqtisadi, maliyyə və digər sahələrinə kök atmış geniş agentura şəbəkəsi yaratmağa nail olduğu, həmin şəxslərdən çirkin “əməliyyatlarda” iştiraka razılıq vermiş agentlər arasında “ilin jurnalisti”, “yazıçısı”, “hüquq müdafiəçisi” və s. düzəldildiyi qeyd edilir.

Sitat: “2004-2015 illər ərzində Mahmudov MTN-i ölkənin ictimai-siyasi, iqtisadi, maliyyə və digər sahələrinə kök atmış geniş agentura şəbəkəsi yaratmağa nail oldu. Əslində, agentura şəbəkəsinin genişləndirilməsi istənilən xüsusi xidmət orqanı üçün uğurlu işin nəticəsi hesab edilə bilər, amma MTN-in yaratdığı agentura şəbəkəsinə bu qiyməti vermək qeyri-mümkündür. Bunun da bir neçə səbəbi var.

Əvvəla, MTN tərəfindən əməkdaşlığa cəlb olunanların böyük əksəriyyəti hədə-qorxu, şantaj, kompromatla təhdid yolu ilə bu işə cəlb olunurdu ki, bu yollarla əldə olunmuş məxfi mənbələr də güvənli sayıla bilməz. Məxfi məlumat mənbələrinin güvənliliyi isə onların ən başlıca keyfiyyət göstəricilərindən biri sayılır. İkincisi, Mahmudov bandasının agentura ilə qeyri-peşəkar iş prinsipləri və metodları məxfi mənbələrin deşifrə olunmasından tutmuş, onların qətlinədək geniş risk spektrini əhatə edirdi. Belə ki, məsələn, 2011-2015 illərdə MTN-in media və vətəndaş cəmiyyəti sıralarındakı agentlərinin böyük əksəriyyəti bizə adbaad bəlli idi.

Bu məlumatlar isə həm sızmalar, həm də öz hesablamalarımız nəticəsində əldə olmuşdu. Digər bir səbəb MTN-in bir çox hallarda öz agenturasına birdəfəlik istifadə prinsipi ilə yanaşması idi. Bundan əlavə MTN öz agentlərini xarici kəşfiyyatların əlaqəsinə ötürür (satır), bəzi hallarda isə onları nazirlik rəsmilərinin maraqları naminə öldürürdü. Məsələn, 2011-ci ildə MTN-in Bakının Nizami rayonunda radikal dindarlara qarşı keçirdiyi əməliyyat zamani bir qrup dindar həbs olunmuş, onlardan silahlı birisi isə qətlə yetirilmişdi.

Araşdırmalarımız göstərdi ki, həmin dindar xeyli əvvəl MTN-in keçmiş nazir müavinlərindən birinin əlaqəsində agent olub və sələfi dindarların toplantısına da həmin əməliyyatı hazırlayan MTN Antiterror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin əməliyyat tapşırığı əsasında göndərilib. Təbii ki, əməliyyata rəhbərlik edən İlqar Əliyevin keçmiş rəisi, bu gün həbsdə olan general Elçin Quliyev olmuşdu.

Agent əməliyyat tapşırığına göndərilir, ardınca da xüsusi təyinatlılara onun silahlı olduğu bildirilir və güllələmək tapşırığı verilir... Belə hallardan başqa bir sıra məxfi əməliyyat mənbələrinə "obyektlə" intim əlaqəyə girmək tapşırılmış, sonra isə bu əlaqənin gizli kamera ilə çəkilmiş video-görüntüləri ya şantaj üçün istifadə olunmuş, ya da internetdə yayılmışdır. Hərçənd ki, MTN-in belə çirkin "əməliyyatlarında" iştiraka razılıq vermiş agentlər arasında mükafatlandırılanlar da olub. Onlardan "ilin jurnalisti", "yazıçı", "hüquq müdafiəçisi" və s. düzəldilib. Acınacaqlısı isə budur ki, həmin şəxslərin bir çoxu bu gün də MTN-in davamçısı olan DTX tərəfindən istifadə olunmaqdadır. Düzdür, hələlik yalnız məlumat mənbəyi kimi...

"Səid Dadaşbəylinin qrupunun işi" əməliyyatını MTN İran kəşfiyyatı ilə birlikdə hazırlayıb

Əsasən İsrail kəşfiyyatı "Mossad"ın çətiri altında fəaliyyət göstərən MTN, nə qədər təəccüblü də olsa, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətilə də sıx əlaqələrə malik idi. İran kəşfiyyatı ilə əlaqələr iki generala tapşırılmışdı. Onlardan biri uzun müddət İran xətti üzrə işləmiş Ədalət Əsədullayev (Eldar Mahmudovun qohumu), digəri isə Kəşfiyyat İdarəsinin rəisi Namiq Bağırov idi. İran kəşfiyyat orqanları ilə birlikdə keçirilən əməliyyatların qurbanları isə əsasən İrana qarşı olan azərbaycanlı fəal dindarlar idi. Belə əməkdaşlığın ən bariz nümunəsi "Səid Dadaşbəylinin qrupunun işi" kimi tanınan inanclı gənclərin şərlənərək tutulması idi. Əslində İrana qarşı olan Səid Dadaşbəyli və onun inanclı dostları İran kəşfiyyatına işləməkdə şərlənərək uzun müddətə həbs cəzası aldılar, "dəstənin" üzvlərindən biri isə MTN-in istintaq təcridxanasında işgəncələrə tab gətirməyərək öldü”.

Ə.Oruclu iddia edir ki, "Səid Dadaşbəylinin qrupunun işi" əməliyyatını MTN İran kəşfiyyatı ilə birlikdə hazırlayıb: “Halbuki, vətənpərvər azərbaycanlı gənclərə qarşı təşkil olunmuş həmin qondarma əməliyyatı MTN İran kəşfiyyatı ilə birlikdə hazırlamışdı və İran tərəfdən bu işdə iştirakda İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri höccətülislam Ojaq Nejadın olması bildirilirdi. Höccətülislam Ojaq Nejadın İran kəşfiyyatının yüksək rütbəli nümayəndəsi olması isə Azərbaycanın xüsusi xidmət orqanlarına hələ 1993-cü ildən bəlli idi.

Mahmudov Badamdardakı nəhəng imarətini İran kəşfiyyatının pulları ilə tikib

 

Eldar-villa

Buna baxmayaraq o, uzun illər ərzində çox rahat şəkildə Azərbaycandakı İran casus şəbəkəsini genişləndirməklə məşğul ola bildi. Bu da təbiidir, çünki Mahmudovun biznes şərikləri arasında yuxarıda adı çəkilən və bir çox Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan İnqilab Keşikçiləri Korpusuna bağlı olan iranlı biznesmenlər az deyildi. Eks-nazirin Badamdar qəsəbəsindəki nəhəng imarətinin tikintisində onların pullarından da istifadə olunub. Başqa sözlərlə, İran kəşfiyyatının pullarından. Göründüyü kimi, əslində Eldar Mahmudov başda olmaqla keçmiş MTN rəhbərliyi ilk növbədə "casusluq" və "dövlətə xəyanət" maddələrilə ittiham olunmalıdırlar. Amma bunun baş verəcəyi qətiyyən inandırıcı deyil”.

Politoloq “7-ci yazı: Ölkə rəhbərliyi ADNA terrorunun açılmasında maraqlı deyil” sərlövhəsi altında Azərbaycan tarixinə qanla yazılmış 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktı haqda məlumatları bölüşür. Rəsmilərin terror aktına “xuliqanlıq zəminində qətl” demələrinin arxasında gizlənən məqsədlərin üzərinə işıq salır(musavat.com).

(ardı var)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar