Rusiyaya bağlı generallar yüksək postlara gətirilir- Morninqstar nədən narahatdı?

Vaşinqton Bakıdakı səfirinin dili ilə hakimiyyətdəki “rus nəğmələri oxuyanlara” da ciddi mesajlar verdi

Müdafiə nazirliyindəki son kadr təyinatları, seçkilər zamanı özünü İlham Əliyevin əsas texnoloqu kimi aparan ABŞ səfiri Riçard Morninqstarın hakimiyyəti tənqid etməsi yeni ssenarilərin işə düşməsindən xəbər verir.

Müdafiə Nazirliyindəki son təyinatlar iki aspektdən diqqəti çəkdi. Birincisi, irəli çəkilən kadrlar arxa cəbhənin yetişdirmələri deyil, döyüş zabitləri kimi tanınırlar. İkincisi, onların əksəriyyəti Rusiyanın adamı kimi təqdim edilir. Məhkəmədə Şuşa və Laçının işğalının əsas günahkarı kimi adı keçən Elbrus Orucovun hərbi əməliyyatlara cavabdeh olacaq bir posta gətirilməsi də maraq doğurmaya bilməz. Vurğulamaq lazım gəlir ki, son təyinatlar zamanı “bəxti gətirənlər” SSRİ dönəmində Rusiyanın ən tanınmış hərbi məktəblərində yüksək təhsil alan zabitlərdi. Adətən belə nüfuzlu hərbi məktəbləri bitirən zabitlər hərbi kəşfiyyatla bağlı olublar. Odur ki, öz ölkələrində onlara inam çox da böyük olmayıb. Əlbəttə ki, azərbaycanlı bir hərbiçinin SSRİ-nin tanınmış ali məktəbində təhsil alması və Sovet dönəmində hərbi karyera qurması fəxr ediləsi haldır. Lakin onların ruslara bağlılıq dərəcəsi də maraq doğurmaya bilməz. Frunze adına

Hərbi Akademiya kimi peşəkar hərbçi yetişdirən məktəbi bitirən Elbrus Orucovun Şuşanın müdafiəsini təşkil edə “bilməməsi” də bir çox şübhələrə əsas verirdi.

Lakin Moskvanın Cənubi Qafqazda fəallaşdığı bir zamanda E.Orucov və Rusiyanın digər ali məktəblərində təhsil alan, Qarabağ savaşında elə də ciddi uğurları olmayan zabitlərin irəli çəkilməsi Kremlin planlarından da xəbər verə bilər.

ABŞ-ın Azərbaycan hakimiyyətini sərt tənqid etməyə başlaması da Rusiyanın hazırladığı plana Qərbin verdiyi reaksiya kimi dəyərləndirilə bilər.

Daha bir maraqlı məqama diqqət çəkək. Uzun illər idi ki, Qərb siyasi xadimləri Azərbaycan müxalifətinin nümayəndələri ilə görüşmürdülər. Belə bir zamanda, Bakıya səfər edən Fransa prezidenti Fransua Ollandın müxalifət liderləri ilə görüşür. Ehtimal olunur ki, bu tip görüşlər bundan sonra da davam edəcək. Müxalifətin canlandırılması və yaxud belə bir görünüşün yaradılması təkzib edilə bilməz.

Ən maraqlı məqam isə son aylar ərzində Azərbaycandakı Qərbpərəst siyasətçilərin, ictimai fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin açıq təqibə məruz qalmalarıdır.

Digər tərəfdən, hakimiyyət daxilindəki Qərb və Türkiyə sevdalıları da “qara günlərini” yaşamaqdadırlar. Hakimiyyət dəhlizlərində Moskvanın “diri çəkisi” artmaqdadır.

Bütün bunlar Qərbin narahatlığına səbəb olmaya bilməzdi. ABŞ səfiri diplomatik dildə bunu bir cümlə ilə ifadə etdi: “Narahatıq”.

Vaşinqton Bakıdakı səfirinin dili ilə hakimiyyətdəki “rus nəğmələri oxuyanlara” da ciddi mesajlar vermiş oldu.

Bir sözlə, qəliz bir ssenarinin işə düşdüyü sezilməkdədir. Lakin belə bir sual meydana gəlir - müdafiə nazirliyindəki son təyinatlarla ABŞ səfirinin “Azadlıq” radiosuna verdiyi son müsahibə arasında nə kimi bağlılıq var? Axı, amerikalı diplomat müsahibəsində bu barədə heç bir fikir söyləməyib?!

Problemin kökü elə bundadır. Dəfələrlə vurğulamışıq ki, Rusiya Azərbaycan siyasətinə son günlər daha intensiv təsir edə bilir. Kreml öz maraqları üçün təhlükəli hesab etdiyi simaları zərərsizləşdirməklə, özünə cığır açır. Lakin planın tam işə düşməsi üçün daha münbit zəminə ehtiyac yaranır.

Bu isə savaş modelinə üstünlük verilməsidir. Qərbli diplomatlarının son zamanlar sülhdən daha çox danışmaları, rəsmi Bakının ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki ardıcıl tənqid etməsi də incə mətləblərin xəbərçisidir.

Qərb savaşın yolverilməzliyini dönə-dönə vurğulayır. Bu fonda Rusiya özünü şübhəli dərəcədə sakit aparır. Azərbaycanda Rusiya ilə bağlı olduğu iddia edilən döyüş generalları yüksək postlara gətirilir. Azərbaycan ordusu hərbi təlimlərə başlayır. Bir sözlə, havadan savaş qoxusu gəlir.

Elə savaş perspektivinin təhlili Rusiyanın əsas məqsədinin nədən ibarət olduğunu üzə çıxardır.

Moskvanın Bakıya siyasi təzyiqləri ciddi bir nəticə vermir. Azərbaycan hakimiyyəti hələ də SSRİ himnini açıq şəkildə oxumağa müqavimət göstərir.

Qərbin təzyiqləri də Bakının Gömrük İttifaqına üzv olmasına imkan vermir. Deməli, Bakı elə bir oyuna salınmalıdır ki, tələdən çıxa bilməsin. Bu isə yeni savaş ritorikası ola bilər.

Əlbəttə ki, Qarabağda savaşın başlanmasını, torpaqlarımızın azad olunmasını əksər vətəndaşlar arzu edirlər. Lakin başlıca sual açıq qalır - bu savaşı kimlər aparacaq? Elbrus Orucov kimi generallar, yoxsa Qarabağ müharibəsində qəhrəmanlıq göstərib, indi elementar ərzaq təhlükəsizliyi ilə qarşılaşan qazilərimiz?

Daha bir suala cavab tapmaq lazım gəlir - savaş kimin arzusu ilə gerçəkləşə bilər, Azərbaycanınmı, yoxsa Rusiyanınmı?

Kənar baxışla görünən budur ki, Kreml Azərbaycanı yeni savaşa şirnikləndirir və işğal olunmuş torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Bu məsələdə rusların səmimiliyinə inananlar unudurlar ki, Ermənistan Rusiyanın forpostudur və Moskvanın adıçəkilən istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi. Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, savaş başlayarsa, ruslar öz tarixi müttəfiqləri olan ermənilərə yardım edəcəklər. Bu isə yeni torpaq itkisi deməkdir. Ruslar erməni qiyafəsində peyda olub, yeni ərazilərimizi işğal edə bilərlər. Bu isə artıq Azərbaycandakı Qərb yönümlü siyasi kursun birmənalı şəkildə fiaskosu anlamına da gələ bilər...(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar