AZAD RƏHİMOV ƏVVƏL DEDİKLƏRİNİ TƏKZİB ETDİ - Nazirdən yeni Ledi Qaqa açıqlaması

"Deyəsən, xalqımız ulduzları çox sevir. Ancaq belə suallar verirsiniz"

Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. "Report"un məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib.

O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "57 ölkənin 53-ü səfər xərcini özü çəkəcək. 4 ölkənin bilet pulunu isə İslam Əməkdaşlıq Təşkilatı ödəyəcək. Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların qidalanma xərclərinə güzəşt edə bilərik".

Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində əcnəbi müğənnilərin mümkün iştirakı barədə sualı cavablandırarkən "Deyəsən, xalqımız ulduzları çox sevir. Ancaq belə suallar verirsiniz" deyə bildirib.

O bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: "Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma Bağlanış Mərasimində yerli ulduzlar ola bilər".

Nazir müğənni Ledi Qaqaya "Bakı 2015" I Avropa Oyunlarının Açılış Mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Qonorarları isə 30 min dollardan 1 milyon dollaradək dəyişir. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir".

Qeyd edək ki, Azad Rəhimov bu dəfə bir neçə gün əvvəl verdiyi açıqlamaları bir növ təkzib edib. Belə ki, nazir əvvəlki açıqlamasında demişdi ki, Bakıda keçirilən ilk Qran Pridə həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu: “Bu il ola bilsin, əyləncə hissəsi ötən ilki səviyyədə olmasın. Dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararına gəlincə, nazir qeyd etmişdi ki, rəqəmlər heç kim üçün sirr deyil: “Bu sahədə olan mütəxəssislərə məlumdur ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Kimi 30-50 min, kimi 300 min dollar qarşılığında çıxış edir.

Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonanar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötən ilki hasardan istifadə olunacaq. Ümumilikdə daha az maliyyə xərclənəcək”.

Bundan əlavə A.Rəhimov 12 - 22 mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 7 ölkənin xərclərini Bakının çəkə biləcəyinə işarə vurmuşdu : "Bizim əsas məqsədimiz odur ki, 57 islam ölkəsinin hamısı Bakıda yarışda iştirak etsin, bu rekordu da vuraq. Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək”.

Nazirin bu fukirləri geniş ictimai etiraz doğurmuşdu. Görünür, bu üzdən Azad Rəhimova dediklərində düzəliş etmək tapşırılıb.

V. Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar