“Kiminləsə görüşdüyümə görə həbs edildiyimi başa düşürəm”- Akif Muradverdiyev

“Səhv mövqedə olsaydım, mənə düz məsləhət verilə bilərdi”

Prezidentin sabiq işlər müdiri, məhbus Akif Muradverdiyev “Media forum” saytının suallarını cavablandırıb.

Akif Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.

- Akif müəllim, necəsiniz, saxlanma şəraitiniz, səhhətiniz necədir? Müalicənin effekti varmı?

- Bildiyiniz kimi, mən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə olunuram. Mənim xəstəxanada müalicə olunmağım cənab prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Keçən dəfə olduğu kimi bu dəfə də Ədliyyə Nazirliyi və onun Penitensiar və Tibbi xidmətlərinin rəhbərliyi mənə qayğı ilə yanaşırlar. Çox sağ olsunlar.

Ancaq mənim üzləşdiyim xəstəliklərin heç biri bu şəraitdə müalicə oluna bilməz. Buna baxmayaraq gündəlik tibbi yardım alıram. Yaradılan bütün şəraitə görə bir daha ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkür edirəm.

- Yaxınlarınızla görüşə bilirsinizmi?

- Rejim qaydalarına uyğun olaraq vaxtlı-vaxtında görüşürəm.

- Bakı Apellyasiya Məhkəməsi şikayətinizi təmin etmədi. Buna münasibətiniz necədir?

- Çox təəssüf edirəm ki, necə həbs olunmuşdumsa, eləcə də məhkəmə dinləmələri oldu. Təkcə onu demək kifayətdir ki, Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə təqsirləndirilənə ağır cəza verilmir. Əgər həbs olunanların statistikasına nəzər yetirsəniz, Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə həbs olunan məhkumlara ən yüngül cəza verildiyini görərsiniz. Bu maddə ilə çox az hallarda həbs qətimkan tədbiri seçilir. Mən həm rayon məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclaslarda həmin mənzərənin şahidi oldum. Onlar ya məhkəmə zalından buraxıldılar, ya da ən ağır cəzaları 2 il oldu. Mənə qarşı açıq-aşkar qurulmuş oyuna isə 4 il cəza verdilər. Belə olan halda mən necə razı qala bilərəm?

- Ali Məhkəməyə kassasiya şikayəti vermisiniz. Gözləntiniz nədir?

- Ümid edirəm ki, Ali Məhkəmə barəmdə qəbul edilmiş haqsızlığa ədalətli qərar verə bilər.

- 11 aydır həbsdəsiniz. Yəqin ki, bu müddətdə keçmişdə baş verənləri götür-qoy etmək, nəzərdən keçirmək imkanınız olub. Əslində nə baş vermişdi? Sizi niyə həbs ediblər?

- Bəli, 11 aydır ki, mənə qarşı niyə belə bir xəyanət törədildiyini anlaya bilmirəm. Mənim həbsim əslində kiminsə qisasına oxşayır. Həyatım boyu heç kimə nəinki xəyanətim, hətta bir adamın şəxsiyyətinə toxuna biləcək hər hansı davranışım olmayıb. Mən insanlara tutduqları mövqelərinə görə deyil, onların varlığına görə hörmət etmişəm. Pis əməllərdən həmişə uzaq olmuşam. Nə qədər düşünürəmsə, hərəkətimdə hansısa bir xəyanətə oxşar element görmürəm.

Mən 2005-ci ildən sonra nə dövlət adamları ilə, nə də siyasətlə məşğul olan iqtidar, yaxud müxalifət nümayəndəsi ilə görüşmüşəm. 2010-cu ildən sonra hərdənbir yas mərasimlərində keçmiş həmkarım Eldar Namazovla görüşərdik. Onun da söhbətlərində, danışıqlarında ölkə başçısına qarşı kiçicik də olsa narazı bir söz eşitməmişəm. Ola bilsin ki, hakimiyyət dairələrində kimdənsə narazılıq olub. Bu o demək deyil ki, belə görüşlərdə dövlət başçısına qarşı hər hansı bir çirkin niyyət olub.

Yaxud təsadüfən kiminləsə üz-üzə gəlmişəm. Mən nə etməliydim? Deməliydim ki, çəkil mənim qarşımdan, bizim görüşümüz hakimiyyətə qarşı yozula bilər? Axı biz öz ölkəmizdə yaşayırıq. Qədimdən qalan abır-həya hələ tükənməyib. Hamıya düşmən kimi baxmaq nə qədər ədalətə söykənir?

Bəli, kiminləsə görüşdüyümə görə həbs edildiyimi başa düşürəm. Ancaq əvvəlcə məndən soruşmaq olardı ki, filankəslə görüşmüsən, həmin görüşdə məqsəd nə idi? Mən də görüşümün məqsədini danışardım. Şübhəli, yaxud xoş məramlı nə varsa, ona mən cavab verərdim. Səhv mövqedə olsaydım, mənə düz məsləhət verilə bilərdi. Təəssüf edirəm ki, məndən bunu soruşmadılar. Bunların heç biri olmadan başıma gətirilənləri isə bilməmiş deyilsiniz.(ardı var)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar