"SƏFİRLİKDƏ DEMOKRAT, KÜÇƏDƏ İRANLI, EVDƏ RUS"- Əlizadənin o biri də Elçibəyə dil uzatdı

Zerdusht“Amerika bundan əvvəl də həddindən artıq sərt siyasət aparırdı. “Çatana çatırdı, çatmayana bir daş atırdı”. İndi Tramp peşəkar siyasətçi deyil. Küçədən gəlmiş adamdır, indi gəlib oturub hakimiyyətdə. Yadınıza salın Azərbaycanın o vaxtki tarixini. Ə.Elçibəy də hakimiyyətə küçədən gəlmişdi. Başlamışdı Çini, Hindistanı, İranı parçalamağa. Baykala qədər türk dövləti qururdu. Bir ildən sonra çala-çala getdi. İndi də, Donald Tramp gəlib. Onun çox böyük iddiaları var. Onu hədələyir, bunu hədələyir. Elə bilir ki, bundan əvvəlki peşəkar siyasətçilər heç nə bacarmırdılar, indi bu bütün problemləri həll edəcək”. Mənim sözlərim deyil, hamınızın tanıdığı politoloq Zərdüşt Əlizadənin bu yaxınlarda səsləndirdiyi fikirləridir.

Demokratiyadır, heç kəs onu məcbur edə bilməz ki, politoloq dediklərinə düzəliş etsin. Amma bir məsələ də var. İnsan nə qədər istəyir tanınsın və yaxud tanınmasın, fərqi yoxdur, səhvsiz yaşamaq olmur. Mən də Zərdüştün dediklərini səhv adlandırıram. Onun əvvəllər də işlətdiyi “küçədən gəlmiş adamlar” ifadəsini birinci dəfə eşitmirəm. Amma bir şeyi dərk edə bilmirəm. İnsan politoloq ola, ölkəsində gedən milli azadlıq hərəkatında iştirak edə və keçmişi də bilərəkdən yalnış çatdıra. O kəslərə ki, böyük əksəriyyəti Zərdüşt Əlizadəni yaxşı tanıyır, onun dediklərinə heç bir ehtiyacları da yoxdur. Nəyin yalan, nəyin doğru olduğunu az-çox bilirlər, Zərdüşt yeni heç bir şey kəşf etmir. Yenə də milli azadlıq hərəkatına elmi-nəzəri cəhətdən yanaşsaydı dərd yarı idi. Məntiqlə başa salsaydı ki, Sovet imperiyası niyə dağıldı, dünyadakı hansı siyasi və iqtisadi amillər buna təsir göstərdi və o vaxtki yeni liderlər necə ortalığa çıxdı sözüm olmazdı. Elə buna görə də Zərdüştün Donald Trampın, mərhum Elçibəyin hakimiyyətə gəlməsinə münasibəti çayxana müzakirələrinin yekun nəticəsindən başqa bir şey deyil. Nə qədər eşitmək olar, 25 ildir ki, politoloq eyni fikirləri saqqız kimi çeynəyir, çala-çala danışır.

Mən mərhum Əbülfəz Elçibəylə bir yerdə işləmişəm. Ona görə də yazacaqlarım hərədə bir şübhə yarada bilər. Deyə bilərlər ki, bəlkə də bu səbəbdən politoloqun bostanına daş atıram. Elə deyil. Əvvəla, bildirim ki, milli azadlıq hərəkatında iştirakıma görə bu gün də qürur duyuram. Əgər bu dövlətin müstəqilliyinin qazanılmasında nəzərə çarpmayan bir xidmətim belə varsa kifayətdir. Səhv etmirəmsə, o vaxtlar elə Zərdüştün özü də küçələrdə, çayxanalarda dolaşırdı. Mənsə milli azadlıq hərəkatı başlamazdan öncə jurnalist idim, Xaçmazda bir gizli təşkilat yaradıb redaksiyadan idarə edirdim. AXC yaranandan sonra bu hərəkata qoşulmuşam. Zərdüşt isə indi lağa qoyduğu AXC-ni idarə edənlərdən biri olub. Vallah, əvvəllər başa düşmürdüm. Əgər AXC pis idisə Zərdüşt niyə bu təşkilatın rəhbərliyinədək gəlib çıxmışdı? Çox keçmədən anladım ki, onu bura gətirib çıxardıblar... Sonralar da qardaşı ilə birləşib Sosial Demokrat Partiyasını yaratdı. Bir ara da sözləri düz gəlməyib dartışdılar. Zərdüşt getdi, Arazsa eks-prezident Ayaz Mütəllibovu bu partiyaya həmsədr etdi. Fikirləri başqa idi. Amma anlamadılar ki, dünya dəyişişsə də Moskva göz yaşlarına inanmır. Sonra Ayaz müəllim də ambissiyalarının alınmamasını görəndə partiyadan çıxdı. İndi də vaxtilə bəyənmədiyi Əliyevlər hakimiyyətindən mənzil və pul alır, rahatca evində oturub hakimiyyəti dövründə Xocalıda baş verənləri soyuqqanlılıqla televiziya ekranlarından seyr edir. Arada yaddan çıxmasın deyə müsahibələr də verir. Özü də elə danışır ki, sanki sırağagün bu dövlətin başında oturan özü deyildi.

Milli azadlıq hərəkatının yüz minlərlə üzvü vardı. İçərisində alimi də, müəllimi də, həkimi də, bəstəkarı da, müğənnisi də, Zərdüşt bəy demişkən küçədən keçənləri də olub. Bunlar o insanlar idi ki, Qarabağ dərdi ətrafında birləşərək üsyan edirdilər. Əslində dərd dərdə qarışmışdı. Kreml çökmüşdü, imperiya can verirdi və özünü saxlamaq üçün hər cür hiyləyə əl atırdı. Yolunu tapdı da. Azərbaycanda, Gürcüstanda, Moldovada və digər bölgələrdə Kreml saatı ilə idarə olunan münaqişə ocaqları yaratdı. Bəzilərimiz bunu bildik, bəzilərimiz bilmədik. Ona görə də milyonlarla insan küçələrə axışdı. Bir fərli-başlı ölkə başçısı da yox idi ki, ətrafına yığılaydılar. Moskvanın bir bambılısı ermənilərin Bakıya qayıtmasından həvəslə danışa-danışa milləti 20 Yanvarda qırğına verdi.

Digəri isə, özündən “bakılı milləti” adlı millət düzəldib başladı ölkədə bölücülük aparmağa, işlədiyi müddətdə, ermənilər ruslarla əlbir olub Xocalı soyqırımı kimi bir qətliam törətdilər, bu adamsa utanmadan çala-çala, bala-bala aradan çıxıb Moskvaya qaçdı. Bu şəxslərin hər ikisi vəzifə kürsüsünə pillə-pillə gəlmişdilər. Oktyabryat, pioner, komsomol və partiya sıralarında əyilə-əyilə özlərinə kürsü əldə etmişdilər. Əgər Ayaz Mütəllibov xalqını dar gündə atıb qaçaraq düşmən ocağına sığındısa, bu xalq daha kimdən imdad diləməli idi ki? Hələ bu harasıdır? Moskvada oturub Azərbaycanın əleyhinə cızmaqaralar yazmağı da unutmadı. İndi deyəcəksiniz ki, mərhum Əbülfəz Elçibəy də cəmi bir il işləyə bildi. Bu belədir.

elcibey

Amma həqiqətlər var ki, mütləq deyilməlidir. Etdiklərinə nəzər salaq. Bu bir ildə 75 minlik işğalçı sovet qoşunu Azərbaycandan çıxarıldı, milli valyutamız dövriyəyə buraxıldı, Milli Ordunun təməli qoyuldu, sərhədlərimiz bilindi və s. Bu adamın bir ildə bacardığı bu oldu. O işləri gördü ki, milli mənafeyimizə uyğun idi. Ona görə də daha çox Moskva və Tehranın qəzəbinə tuş gəldi. Və o da getdi. Gedəndə də düşmən ocağına getmədi. Azərbaycanda qalıb öz dədə-baba kəndinə sığındı. Mən iddia etmirəm ki, Əbülfəz Elçibəy səhvsiz idi. Bir prezident kimi onun da xətaları vardı. Amma o, Böyük Türk Millətinin vətənpərvər oğlu idi. O millətin ki, Zərdüştün onu görməyə gözü yoxdur. Onun gözünə yalnız rusbaşlılar və əmmaməli farslar görünür.

Mətləbdən uzaq düşsəm də yazmalıyam. Həyatımda ağır günlər çox olub. Onlardan biri də hakimiyyətdə olduğumuz dövrdə Kəlbəcərin işğalı günü idi. Bunu nədənsə özümə bağışlaya bilmirəm. Elə-belə xatırlamadım, səhvimiz idi.Gərək bəzi qonşu dövlətlərin fətvası ilə bizi məğlubiyyətə aparan içimizdəki satqınlara yaşamaq haqqı verməyəydik.

Bəli, Elçibəy Çindən, İrandan və digər ölkələrdə yaşayan türklərin acı taleyindən danışırdı. Bütün türk dünyasını bir araya gətirmək onun amalı idi. Arzulayırdı ki, dünya türkün gücünü görsün. Burada pis nə var ki? Necə olur ki, “Böyük Ermənistan”ın xəritəsini əllərində bayraq edən erməni liderləri hətta ayaqlarını yaladığı Rusiyadan da torpaq iddiasına düşüblər. Amma bir türk balası Elçibəy qonşu İranda yaşayan azərbaycanlıların adını çəkdiyinə görə indiyədək ittihamlara məruz qalır. Bu şəxs ideya adamı idi. Prezidentlik məqamı da çətin vaxta düşmüşdi. Amma Elçibəy heç vaxt xalqına arxa çevirmədi, onu düşmən ayağına vermədi. Dostla dost kimi, düşmənlə düşmən kimi davrandı. Bəlkə də bir prezident üçün bu yolverilməzdir. Gərək amerikansayağı gülməyi, yerindən durub gələnə dost-qardaş deməyi, müxtəlif siyasi jestlər nümayiş etdirməyi bacarasan.

Həə, Əbülfəz Elçibəy hakimiyyətdə olanda da elə özü kimi qaldı. Bu da onun növbəti “səhvi”. Çünki əsl türk kişisi idi. O kişilərdən ki, Zərdüştün onları görməyə gözü yoxdur. Ona görə də, mərhum eks-prezidenti ittiham edir ki, hakimiyyətə küçədən gəlib. Həə, küçədən gəlib. Nə olsun ki? O küçədən sən də, mən də, özünü dahi siyasətçi adlandıranlar da keçib. Amma bu küçə onları liderə çevirmədi, ayaqları ilişib kanalizasiyaya düşdülər... O isə normal bir insanın belə arzulamadığı vaxtda millətinə qısa müddət də olsa sahib çıxdı. Gedərkən də bu dövləti onun düşmənlərini çoxdan və dərindən tanıyan ləyaqətli şəxsə verdi. Tarix göstərdi ki, düz etdi. O şəxsə ki, sonralar Elçibəy rəhmətə gedəndə cənazəsi qarşısında baş əydi, layiq olduğu yerdə dəfn etdirdi. Bu da Onun böyüklüyü idi. Zərdüşt bəy, sən bunu başa düşməzsən. Ona görə yox ki, savadın çatmır. Politoloqsan, filologiya elmləri namizədisən, yəqin ki, əfsanələri və rəvayətləri yaxşı quraşdırırsan, dünyanın gəliş-gedişindən xəbərin var. Sənin içində sanki bir “naxçıvanlı, qarabağlı, ermənistanlı, nə bilim haralısa qəzəbi” var. Budur səni çaşdıran. Sən bu milləti bütöv görmək istəmirsən. Odur ki, ironiya ilə danışırsan. Sənin əqidədaşların Kremldə və Tehrandadır. Bu məqamda bir əhvalatı da danışmaq yerinə düşər. 2000-ci ilin əvvəllərində bir amerikalı diplomatla görüşdüm. Söhbət Azərbaycandakı vəziyyətdən düşdü. Zərdüştün də adını çəkib maraqlı bir fikir söylədi: “Cənab Əlizadə səfirlikdə demokratdır, küçədə iranlıdır, evdə isə rus.” Məncə vaxtilə hamının yaxşı tanıdığı amerikalı diplomat politoloqu çox düzgün təsvir edib. Nə isə...

İndi keçirəm Trampa. Zərdüşt yazır ki, onun çox böyük iddiaları var, onu-bunu hədələyir. Deməyə söz tapmıram. Amerika böyük və güclü dövlətdir, təbii ki, iddiaları da belə olmalıdır. Respublikaçılar partiyası da ən nüfuzlu siyasi təşkilatdır. Yəni bu adamların Zərdüşt qədər də ağlı yoxdur ki, Trampı dəstəklədilər? Üç əsrə yaxındır ki, demokratiyanın hakim olduğu ölkənin vətəndaşları ağılsızdırlar? Zərdüşt bəy də özünü demokrat sayır. Amma amerikalıların seçiminə də ironiya ilə baxır. Nə olsun, amerikalılar aktyor Reyqanı da, qaradərili Obamanı da özlərinə başçı seçiblər. Təəccüblü nə var ki? Amma gör dünyanı idarə edən nəhəng bir dövlət və onun seçiciləri nə günə qalıblar ki, Zərdüşt bəy prezidentlərini küçə adamı adlandırır. Artıq amerikalılar öz sözlərini deyiblər, Tramp Ağ Evin sahibidir. Daha necə idarə edəcək, bu Zərdüştlük və bizlik deyil. Çünki cənab Əlizadə Amerika cəmiyyəti üçün küçə səviyyəli bir politoloq sayıla bilər. O küçə ki, Moskvadan başlayıb Tehranda qurtarır. Zərdüşt bəy yalnız burada addımlayır. Dünyaya baxışları da bu küçənin səviyyəsindən o yana keçmir. O küçədən ki, orada həm də türkün yeri yoxdur, türk düşüncəsi düşmən sayılır.

Səndən bir xahişim var Zərdüşt ağa! Öz küçəndə qal. Bilirəm, oralarda bizlərə yer yoxdur. Amma Azərbaycan Türkünün Yolu adlanan Böyük Küçəni keçib ona həqiqi sahib çıxanlardan əlini çək!

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar